Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-214/2022 31.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı məhkəməyə müraciət edərək, mərhum əri Kərimov Mahir Azaq oğlunun 20 mart 1981-ci il tarixdən 03 iyun 1985-ci il tarixə kimi Göyçay rayon Əhaliyə məişət xidməti idarəsində mişarçı işləməsi, 1985-1986-cı illərdə Göyçay rayon Çərəkə kənd “Əzizbəyov” adına kolxozda işləməsini təsdiq edən arxiv arayışına əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının 01 iyun 2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1959-cu il tarixdə Göyçay rayonunun Mirzəhüseynli kəndində anadan olmuşdur. 03 avqust 1985-ci il tarixdə Kərimov Mahir Azaq oğlu ilə nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçının həyat yoldaşı Kərimov Mahir Azaq oğlu 15 noyabr 1986-cı il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı Kərimov Mahir Azaq oğlu 01 sentyabr 1975-ci il tarixdən 30 iyul 1977-ci il tarixə kimi Göyçay rayon 58 saylı peşə məktəbində əyani təhsil almış və təhsilini başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. İddiaçının mərhum həyat yoldaşı Kərimov Mahir Azaq oğlu 20 mart 1981-ci il tarixdən 03 iyun 1985-ci tarixə kimi Göyçay rayon Əhaliyə məişət xidməti idarəsində mişarçı işləmiş, daha sonra fəaliyyətini 1985-1986-cı illərdə Göyçay rayon Çərəkə kənd “Əzizbəyov” adına kolxozda davam etdirmişdir. İddiaçı pensiya yaşına çatanda ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fond Publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh 07 iyul 2021-ci il tarixli **********0 saylı məktubla müraciətini təmin etməkdən imtina etmiş və imtinasını mərhum həyat yoldaşının Göyçay rayon Əhaliyə məişət xidməti idarəsində mişarçı işləməsi və Göyçay rayon “Əzizbəyov” adına kolxozda işləməsi faktını təsdiq edən əmək kitabçası olmadığı üçün həmin dövrün sosial sığorta stajının hesablanmasının qanunamüvafiq olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialının 07.07.2021-ci il tarixli **********0 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 17-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının tələb edilən sığorta stajı olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil oduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının mərhum əri Kərimov Mahir Azaq oğlunun Göyçay rayon Əhaliyə məişət xidməti idarəsinin əmri ilə Çərəkə kənddində mişarçı işləməsi və Əzizbəyov adına kolxozda işləməsi faktı yoxlanmış, onun işləməsi faktını təsdiq edən əmək kitabçasının omadığı üçün həmin dövrün sosial sığorta stajına hesablanması qanunamüvafiq deyildir. Məhkəmənin 06.01.2022-ci il tarixli 2-1(116)-214/2022 nömrəli qərardadı ilə cavabdeh DSMF-nin 13 saylı regional ərazi filialı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı 31.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona 01.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı mərhum əri Kərimov Mahir Azaq oğlunun 1981-1985-ci illərdə Göyçay rayon Əhaliyə Məişət Xidməti İdarəsinin əmri ilə Çərəkə kəndində mişarçı və 1985-1986-cı illərdə “Əzizbəyov” adına kolxozda işləməsi faktını təsdiq edən qeydlər əmək kitabçasında öz əksini tapmadığı üçün Fondun 13 saylı regional ərazi filialı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasını təyin etməkdən əsaslı olaraq imtina etmişdir. İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırılmışdır ki, onun mərhum əri qeyd olunan illərdə işləmiş, həmin illər arxiv arayışlarında qeyd edilmiş, bu səbəbdən sosial sığorta stajına daxil edilməlidir. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, İddiaçı mərhum əri Kərimov Mahir Azaq oğlunun 1981-1985-ci illərdə Göyçay rayon Əhaliyə Məişət Xidməti İdarəsinin əmri ilə Çərəkə kəndində mişarçı və 1985-1986-cı illərdə “Əzizbəyov adına kolxoz”da işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda, İddiaçı ailə başçısını itirməyə görə tələb olunan 07 il 04 ay (37-15=22, 22*4/12=07 il 04 ay) sığorta stajına malik olmadığından onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmır. Kərimov Mahir Azaq oğlunun əmək stajı, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş sosial sığorta stajından azdır. Cavabdeh etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, cavabdehin iddiaya etirazının əsassız olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraza və imtinaya uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsindən də görünüyü kimi, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı mərhum ərinin işlədiyi müddətlər nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Göyçay rayonunda anadan olmuşdur; İİİ-ЖГ 434383 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən, 12.11.1959-cu il təvəllüdlü Kərimov Mahir Azaq oğlu ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı nikahı 03.08.1985-ci il tarixdə bağlanmışdır; 04.06.2021-ci il tarixli AZ-İİ 182232 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq edilmiş surətinə görə, Kərimov Mahir Azaq oğlu 15.11.1986-cı ildə avtomobil qəzasında vəfat etmişdir. Məhkəmə iclasında əsli görülmüş və surəti iş materiallarına əlavə edilmiş 2141 nömrəli Attestata əsasən, Kərimov Mahir Azaq oğlu 01.09.1975-ci ildən 18.07.1977-ci ilədək peşə məktəbində təhsil almışdır. X10 filialı məhkəmənin sorğusuna cavab olaraq 12.01.2022-ci il tarixli 08 nömrəli məktubla M.Kərimovun Göyçay rayon Əhaliyə məişət xidməti istehsal idarəsində işləməsinə dair əmrlər və aldığı əmək haqqı, Göyçay 58 saylı texniki peşə məktəbində oxuması haqqında əmrlər və Çərəkə kənd Əzizbəyov adına kolxozda işləməsinə dair sənədləri məhkəməyə təqdim etmişdir. X10 filialının 12.01.2022-ci il tarixli 11 nömrəli arxiv arayışına əsasən müəyyən edilir ki, Kərimov X12 rayon Əhaliyə məişət xidməti istehsal idarəsinin əmr kitablarında olan məlumatlara görə 20.03.1981-ci il tarixli 45 nömrəli əmr ilə həmin tarixdən Çərəkə kəndinə mişarçı vəzifəsinə işə qəbul edilmişdir. 03.06.1985-ci il tarixli 73 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi 1981-1985-ci il müddətində müvafiq olaraq illik 175, 760, 904, 923 və 405 rubl olmaqla əmək haqqı almışdır. Ona 1981-ci ildə 7 ay, 1982- 11984-cü illərdə tam il, 1985-ci ildə isə 5 ay üçün əmək haqqı ödənilmişdir. M.Kərimov həmin müəssisədə cəmi 4 il üçün əmək haqqı almaqla iş stajına malik olmuşdur (Əsas: fond №175, siyahı 2, iş 35, 39, 62, 68, 80; vərəqə - 18,172, 49, 15, 29). Arxiv arayışının vertilməsinə əsas olmuş sənədlərin və müvafiq səhifələrin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. X10 filialının 12.01.2022-ci il tarixli 12 nömrəli arxiv arayışında göstərilmişdir ki, Kərimov X12 rayonu Çərəkə kənd “Əzizbəyov” adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarına əsasən 1985-ci ildə 33 adam günü, 1986-cı ildə 23 adam günü olmaqla müvafiq olaraq 101 rubl və 60 rubl əmək haqqı almışdır. Arayışın verilməsinə əsas olmuş kolxozun əmək günü uçotu və hesablaşma kitablarının müvafiq səhifələrinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. X10 filialının 12.01.2022-ci il tarixli 13 nömrəli arxiv arayışına əsasən, M.Kərimovun Göyçay rayon 58 nömrəli texniki peşə məktəbində təhsil alması öz təsdiqini tapmış, şagirdlərin qəbulu haqqında 01.09.1975-ci il tarixli 21k nömrəli, şəxslərin şagird heyətindən çıxarılması və işləmək üçün göndərilməsi barədə 30.07.1977-ci il tarixli 6 nömrəli əmrlərin arxiv nüsxələrinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Göstərilənlər iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş X10 filialının 14.06.2021-ci il tarixli 208 və 209 nömrəli arxiv arayışlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı Məhkəmənin 20.08.2021-ci il tarixli sərəncamına cavab olaraq, 14.09.2021-ci il tarixli **********00 nömrəli məktubunda göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kənd sakini İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün 21.06.2021-ci il tarixdə ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. İddiaçı M. Qaçayevanın mərhum həyat yoldaşı Kərimov Mahir Azaq oğlunun sığorta stajı aşağıdakı kimidir: 1975.09.01-1977.07.18=01-10-17 (attestat) 1978.05.03-1980.06.01=02-00-28 (hərbi xidmət dövrü) 1981.03.20-1985.06.03=04-02-13 (əhaliyə məişət xidməti idarəsi) 1985-1986=02-04-25 kolxoz X13 Azaq oğlunun 1981-1985-ci illərdə Göyçay rayon Əhaliyə Məişət Xidməti İdarəsinin əmri ilə Çərəkə kəndində mişarçı və 1985-1986-cı illərdə Əzizbəyov adına kolxozda işləməsi faktını təsdiq edən əmək kitabçasının olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Cavabdeh orqan tərəfindən iddiaçının təhsil müddəti və hərbi xidmət dövrü mübahisələndirilməmişdir (1 il 10 ay 17 gün + 2 il 0 ay 28 gün = 3 il 11 ay 15 gün). İddia ərizəsinə əlavə edilmiş DSMF 13 saylı regional ərazi filialının 10.08.2021-ci il tarixli **********0 nömrəli arayışında qeyd edilir ki, iddiaçının övladları, 03.05.1986-cı il təvəllüdlü (Fin: 1QL0CDM) X3 və 26.07.1987-ci il təvəllüdlü (Fin: 28GTHLY) X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialından heç bir növ sosial müavinət və ya Prezident təqaüdü almırlar. Eyni tarixli **********8 nömrəli arayışda isə qeyd edilir ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialından 01.06.2021-ci il tarixdən müddətsiz olmaqla yaşa görə sosial müavinət alır. Cavabdeh tərəfindən 14.01.2022-ci il tarixli ərizə ilə məhkəməyə təqdim edilmiş ƏƏSMN DSMF 13 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin mütəxəssisi X4 və Göyçay rayon filialının arxivçisi X5 iştirakı ilə tərtib edilmiş 07.07.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, X13 Azaq oğlunun sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış, müəyyən edilmişdir ki, M.X14 rayon Əhaliyə məişət xidməti idarəsinin 45 nömrəli əmrilə Çərəkə kəndinə mişarçı vəzifəsinə qəbul edilmş, 03.06.1985-ci ildə 73 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək haqqı kitablarına görə M.Kərimova 1981-ci ildən 1985-ci ilin aprel ayı daxil olmaqla əmək haqqı almışdır. X10 filialının 12.10.2020-ci ildə 252 nömrəli arxiv arayışını yoxladıqda arayışın düzgünlüyü təsdiq edildi. Kərimov Mahir Azaq oğlunun Əzizbəyov adına kolxozda işləməsi faktını yoxladıqda məlum oldu ki, M.Kərimov 1985-ci ildə 33 adam günü, 1986-cı ildə 23 adam günü qazanmışdır. Arayışda heç bir uyğunsuzluq aşkar edilmədi və düzgünlüyü təsdiq edildi. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun: 4.1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 4.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir; 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-30 iyun 2021-ci il dövr aralığında qadınlara münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 62 yaş olmuşdur. Həmin qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4.Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Qanunun 17.1-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qeyd olunan norma bizi Qanunun 12-ci maddəsinə göndərir ki, həmin 12.1-ci maddənin tələbinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Məcəllənin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Normaların təhlili onu deməyə əsas verir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici üç mühüm şərt müəyyən etmişdir: 1) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi iddiasında olan şəxsin vəfat etmiş və ya həlak olmuş ailə başçısının Qanunun 14.1-ci maddəsi ilə müəyyən edilmiş ailə üzvlərinin dairəsinə aid olması; 2) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin (ata, ana, ər, arvad) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 3) mərhum ailə başçısının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı mərhum M.Kərimovun ailə üzvü olmaqla 14.1.2-ci maddəsində göstərilmiş subyektlər siyahısına daxildir və Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına, yəni 01.06.2021ci il tarixə qadınlar üçün müəyyən edilmiş 62 yaş həddinə çatmışdır. İddiaçının 12.11.1959-cu il təvəllüdlü mərhum əri M.Kərimov 15.11.1986-cı il tarixdə, 27 yaşında vəfat etmişdir. M.Kərimovun əmək qabiliyyətli yaş dövrü 12 il (27 (ölüm yaşı) – 15 (əmək hüquq və fəaliyyət qabiliyyətinin yarandığı yaş) = 12 il) təşkil etmişdir. M.Kərimovun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması tələbi nəzərə alınmaqla, əmək qabilliyyətli yaş dövrünə münasibətdə onun 4 il (12x4ay=48ay=4il) sığorta stajının olması tələb olunur ki, bu staj da Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş 5 il ümumi sığorta stajı ilə əhatə olunmaqdadır. Cavabdeh etiraz məktubunda iddiaçının mərhum ərinin 37 yaşında vəfat etdiyini qeyd etmiş və hesablama nəticəsində tələb olunan sosial sığorta stajının 07 il 04 ay olması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, bu formal xətadır. Bununla yanaşı, işin hallarından da göründüyü kimi, məhz cavabdehin iddiaçının mərhum ərinin Göyçay rayon Əhaliyə məişət xidməti idarəsində və Göyçay rayon Çərəkə kənd “Əzizbəyov” adına kolxozda işlədiyi illərin onun əmək kitabçasında öz əksini tapmadığını əsas gətirərək həmin illərin onun əmək stajına daxil edilməsindən imtina etməsi tərəflər arasında hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. İşin mübahisəli halı, yəni iddiaçının mərhum əri M.Kərimovun mübahisəli sığorta stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının mərhum ərinin əmək haqqı hesablanmış dövrlər nəzərə alınmaqla 4 il Göyçay rayon Əhaliyə Məişət Xidməti İdarəsində, 1985-ci ilin oktyabr-dekabr, 1986-cı ilin martiyun, avqust-oktyabr aylarında isə Göyçay rayon Çərəkə kənd “Əzizbəyov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır ki, bu da cavabdeh tərəfindən mübahisələndirilməyən 03 il 11 ay 15 gün sığorta stajı nəzərə alınmaqla cəmi 8 ildən artıq ümumi sığorta stajı deməkdir. Beləliklə, iddiaçının mərhum ərinin cəmi sosial sığorta stajı tələb olunan 5 ildən artıq bir müddəti əhatə edir ki, bu da iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayət edən minimum tələblərə cavab verdiyini ifadə edir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd qismində digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Odur ki, iddiaçının mərhum həyat yoldaşının Göyçay rayon Əhaliyə məişət xidməti istehsal idarəsində və kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2-1(102)-704/2021 nömrəli iş üzrə 05.05.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər...” Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 01.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə