Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-214/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən ayrılmış 21 fevral 1994-cü il tarixli aktda qeyd edilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən 21 fevral 1994-cü il tarixli aktla iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1-(116)-214/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirərək, "Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən ayrılmış 21 fevral 1994-cü il tarixli aktda qeyd edilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993cü il tarixli 12 nömrəli qərarına əsasən 21 fevral 1994-cü il tarixli aktla iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsi ölçülərək və sərhədləri göstərilərək təhvil verilmişdir. Həmin torpaq sahəsi qeyd edilən vaxtdan bu günə qədər iddiaçının istifadəsindədir. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İmtinanın səbəbi isə X3 tərəfindən onun torpaq sahəsinə gedən yolun bağlanması və Ərazi İdarəsinin mütəxəssislərinə ərazidə texniki inventarlaşma işlərinin aparılmasına maneə törədilməsi olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Oğuz rayon X9 Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən ayrılmış Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam olaraq təqdim etməmişdir. (Torpaq sahəsinin məkan göstəricilərini özündə əks etdirən bələdiyyə ilə razılaşdırılmış yerquruluşu planı). Eyni zamanda həmin torpaq sahəsinə gedən zəruri gediş-gəliş yolu ilə bağlı qonşu mülkiyyətçilər arasında kəskin mübahisə var. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmiş, iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etiraz etmədiyini bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Oğuz rayon Məhkəməsinin icraatında olan xx.xx.2022-ci il tarixli, 2(054)-147/2022 saylı mülki iş üzrə cavabdeh orqanın tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş xx.xx.1994-cü il tarixli 169 nömrəli aktda göstərilən, Oğuz şəhər ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu cənub-şərq hissədən ərazidən keçən çayın qərb tərəfindən ayrılmışdır. İddiaçının iddia etdiyi, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə yol nəzərdə tutulmuşdur, torpaq sahəsindən istifadə olunmadığı üçün hal-hazırda yol yeri mövcud deyil. İddiaçı iddia etdiyi, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə nəzərdə tutulmuş yol cavabdeh X2 istifadəsindədir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arxiv çıxarışından görünür ki, Oğuz rayon X10 Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 12 nömrəli protokolundan çıxarışa əsasən rəyasət heyəti 28 may kolxozunun 14 aprel 1993 cü il tarixli 2 N-li ümumi yığıncaq qərarı Oğuz rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin İİ may 1993-cü il tarixli 36 N-li vəsatətinə əsasən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsinin istifadəsinə verilməsi qərarı alınmışdır. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 43 nömrəli məktubuna əlavə olunmuş 12 protokoldan çıxarışdan görünür ki, İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi istifadəsinə verilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2394/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsi Oğuz şəhər inzibati ərazi vahidinin sərhədləri daxilində təyinatı yaşayış məntəqəsi torpaqlarına aiddir, uqodiyası fərdi yaşayış olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətindədir, iddiaçı X4 istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarların (2.2) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən ayrılmış 21 fevral 1994-cü il tarixli aktda qeyd edilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüqunun dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam olaraq təqdim etməmişdir. (Torpaq sahəsinin məkan göstəricilərini özündə əks etdirən bələdiyyə ilə razılaşdırılmış yerquruluşu planı). Eyni zamanda həmin torpaq sahəsinə gedən zəruri gediş-gəliş yolu ilə bağlı qonşu mülkiyyətçilər arasında kəskin mübahisə var. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, işdə olan 21 fevral 1994-cü il tarixli akt əsasında torpaq sahəsinin coğrafi yerləşmə vəziyyətini müəyyən etmək mümkündür. Cavabdeh orqan özü də Oğuz rayon Məhkəməsinin icraatında olan xx.xx.2022-ci il tarixli, 2(054)-147/2022 saylı mülki iş üzrə tərtib etdiyi mütəxəssis rəyində xx.xx.1994-cü il tarixli 169 nömrəli aktda göstərilən, Oğuz şəhər ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yerini müəyyən etmiş, hazırkı məhkəmə icraatında isə sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat verərək torpaq sahəsinin təyinatının yaşayış məntəqəsi torpaqlarına aid olmaqla Oğuz şəhər inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşməsini, Oğuz bələdiyyəsinin mülkiyyətində və iddiaçının istifadəsində olmasını bildirmişdir. Həmin torpaq sahəsinə gedən zəruri gediş-gəliş yolu ilə bağlı qonşu mülkiyyətçilər arasında mübahisənin olması isə ümumiyyətlə müraciətin təmin edilməsindən imtina əsası ola bilməzdi. Oğuz rayon X10 Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 12 nömrəli qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.2-ci bəndində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün birbaşa əsas olaraq müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən şərtlərlə bağlı cavabdeh orqan hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon X10 Rəyasət Heyətinin 12 may 1993-cü il tarixli 12 nömrəli qərarına əsasən ayrılmış 21 fevral 1994-cü il tarixli aktda qeyd edilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-214/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-214/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver