Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2144/2024 30.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “minimum əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi, məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “minimum əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Şəki ŞRPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, barəsində qeyd edilən maddə ilə cinayət işi başlanılmış və həmin cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi həmin cinayət işinə baxaraq, təqsirinin sübuta yetirilmədiyi üçün iddiaçı barəsində bəraət hökmü çıxarmışdır. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasoya Məhkəməsinin cinayət kollegiyası xx.xx.2022-ci il tarixli hökmü ilə apellyasiya protestini təmin etmiş, iddiaçının barəsində olan X4 Məhkəməsinin bəraət hökmünü ləğv edərək, 3 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə iclas zalından həbs etmişdir. Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyası xx.xx.2022-ci il tarixli hökmündən narazı qaldığı üçün iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli ittiham hökmü ləğv edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bundan sonra iddiaçı "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, minumum əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı 19.02 2024cü il tarixdə Mərkəzi Filiala müraciət edərək cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. X3 tərəfindən müraciətə baxılaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 51725/2024 nömrəli məktubla sosial müavinətin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1 -ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçı təqdim etdiyi Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsinə əsasən həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-cı maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Belə ki, iddiaçı barəsində penitensiar müəssisədə cəza çəkməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Odur ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1 -ci maddəsinə əsasən birdəfəlik müavinət ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Şəki Pentensiar müəssisəsinin xx.xx.2024-cü il 3-16-17/37/2-607-H-1/2024 nömrəli Arayışı, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli, 1(091)106/2021 nömrəli hökmü, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)19/2022 nömrəli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1727/2022 nömrəli qərarı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-214/2023 nömrəli qərarı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi qeyd edilmişdir. Maddə 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Maddə 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli, 1(091)106/2021 nömrəli hökmlə ona bəraət verilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)19/2022 nömrəli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(091)106/2021 nömrəli hökmü ləğv edilərək iddiaçı barəsində ittiham hökmü çıxarılmış, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkəmə iclas zalında həbs edilmiş, cəza çəkmə müddətinin başlanğıcı yəni 19 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1727/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)19/2022 nömrəli hökmü ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, iddiaçı dərhal həbsdən azad edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-214/2023 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi üzrə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 1 (091 )-106/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqanın mövqeyinə görə iddiaçı barəsində penitensiar müəssisədə cəza çəkməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Odur ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən birdəfəlik müavinət ödənilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)19/2022 nömrəli hökmü ilə qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablanmışdır. Nəzərə alınmalıdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü elan olunduğu andan qanuni qüvvəyə minir (CPM 407.2m). İmtina cavabı verilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surətinin tələb olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1.18-ci bəndində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün aşağıdakı sənədlərin tələb olunduğu göstərilmişdir: 4.1.18.1. şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti; 4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti; Hazırkı iş üzrə iddiaçının azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, məhkəmənin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarı, şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı iş materiallarına əlavə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)19/2022 nömrəli hökmü sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1727/2022 nömrəli qərarı ilə ləğv edilsə də, faktiki olaraq iddiaçı, azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında 7 aydan artıq müddətdə azadlıqdan məhrum etmə cəzasını çəkmişdir. Buna görə də, məhkəmə cavabdeh orqanın “iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcud olmaması” ilə bağlı dəlilinin əsassız olması qənaətinə gəlir və hesab edir ki, iddiaçı, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun şamil olunduğu subyektlərə aid edildiyindən cavabdeh orqan müraciətin təmin edilməsindən imtina imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı minimum əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.