Məhkəmə qərarları › İş №2-1(116)-2147/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2147/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2147/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X1 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul, 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı məhkəməyə İPM-nin 46.1-ci maddəsinə uyğun tərtib edilməmiş iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə İPM-nin 46.1-ci maddəsinə uyğun tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsini göstərmiş, cavabdeh orqanın üzərinə X1 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul, 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2174/2024 nömrəli qərardadı ilə təqdim edilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Diplomun (kvalifikasiyanın) tanınması ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsində xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adların nostrifikasiyası və ya tanınması (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) ilə bağlı inzibati aktlar üçün iddia qaldırma müddəti 2 ay olaraq müəyyən edilmişdir. Elmi dərəcə dedikdə doktorluq (PhD və ya ekvivalent), magistraturadan sonrakı səviyyədə alınan akademik dərəcələr, elmi ad dedikdə isə professor, dosent kimi akademik adlar və elmi fəaliyyətlə əlaqədar verilən rütbələr nəzərdə tutulur. Bakalavr diplomu isə ali təhsilin ilk pilləsini təsdiq edən sənəddir və elmi dərəcə hesab edilmir. Göründüyü kimi İPM-in 38.1-ci maddəsində elmi dərəcələr və elmi adlarla bağlı müddəalar xüsusi bir kateqoriyanı əhatə edir və bu norma bakalavr səviyyəsində təhsil sənədlərinin nostrifikasiyası üçün nəzərdə tutulmamışdır. Bakalavr diplomunun tanınması, ümumi təhsil sənədlərinin nostrifikasiyası prosedurlarına tabedir və bu proses təhsil sənədləri ilə bağlı inzibati aktlar üçün ümumi qaydalara uyğun həll edilir. Buna görə də, xarici ölkədə alınmış bakalavr diplomlarının nostrifikasiyası, orta və ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi proseduruna aid olduğundan irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aid edilməklə və iddia müddəti İPM-nin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024 -cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024 -cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” Qanunun 3.0.12ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin qanunun 28.1-ci maddəsinə əsasən "Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir". Azərbaycan Respublikasının “inzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2024-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları(İddiaçıya müvafiq imtina qərarı verilərkən qüvvədə olmuşdur): 2.2. Tanınmaya dair müraciətlər elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 2.3. Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir: 2.3.1. təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu; 2.3.2. onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını. 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət olunan təhsil səviyyəsinə (pilləsinə) qəbul olunmaq üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. İstinad olunan “Qaydalar”-ın yuxarıda sadalanan bəndlərindən görünür ki, tanınmaya dair müraciətin edilməsi və həmin müraciətlərə dair qəbul edilmiş qərarların müraciət edənə çatdırılması tamamilə elektronlaşdırılmış qaydada həyata keçirilir. Faktiki olaraq iddiaçı, tanınmaya dair müraciətini elektron qaydada edir və bu müraciətin nəticəsi olaraq onun sistemdə şəxsi kabinet yaradılaraq müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçiyə qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə etmək və müraciətinin statusunu izləmək imkanı yaradılır. Ərizəçi TMİS-ə müraciət edərkən təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu, onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını təsdiq etməklə tələb olunan sənədlərin surətlərini elektron müraciətinə əlavə edir. İş materiallarından görünür ki, iddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, xx.xx.2024-cü il tarixdə onun müraciətinə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024 -cü il tarixli inzibati akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından hazırkı iddia tələbi üzrə müddətin axımı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə yəni iddiaçının müvafiq inzibati aktdan məlumatlı olduğu tarixdən 2 ay 5 gün sonra poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Məhkəmə hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş prossesual müddətin buraxılması qənaətinə gəlmiş və iddiaçıya İPM-nin 24.1-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə vermək vermək hüququnun olması izah edilmişdir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı “prossesual müddətin bərpası haqqında” ərizə təqdim edərək bildirmişdir ki, atasının səhhətində problemlər olduğuna görə cavabdeh orqanın imtinasından vaxtında şikayət verə bilməmişdir. Odur ki müddətin buraxılması səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. “Prossesual müddətin bərpası haqqında” ərizənin məzmunundan görünür ki, iddiaçı müddətin buraxılmasını atasının səhhəti ilə əlaqələndirib. Lakin, iddiaçı bu səbəbin onun məhkəməyə vaxtında müraciət etməsinə necə mane olduğunu sübut edən sənədləri təqdim etməmişdir. İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılması üzrlü səbəblərlə bağlıdırsa, iddiaçı bununla bağlı sübut təqdim etməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. Məhkəmə qeyd edir ki, üzrlü səbəbin yalnız bəyan edilməsi kifayət deyil, bu səbəbin təsdiqi də vacibdir. İddiaçının atasının səhhətinin pisləşməsi özlüyündə üzürlü səbəb sayıla bilməz, çünki bu halın məhz iddiaçının hüquqi hərəkətləri həyata keçirməsinə konkret şəkildə necə mane olduğu, yəni, iddiaçının atasının sağlamlıq vəziyyətinin necə və hansı şəkildə iddiaçının məhkəməyə vaxtında müraciət etməsinə mane olduğu barədə konkret sübutlar təqdim edilməlidir (məsələn, atasına baxıcılıq etdiyi üçün hüquqi hərəkətlərə vaxt ayıra bilməməsi, atasının vəziyyəti ilə əlaqədar ölkə xaricində olması və s.). Başqa sözlə iddiaçının üzürlü səbəb kimi göstərdiyi halın onun hüquqi hərəkətlərinə necə mane olduğu sübut olunmalıdır. Bundan başqa iddiaçı, İPM-nin 24.2-ci maddəsinə əsasən həm də, müddətə əməl olunmasına mane olan halların 15 gün ərzində aradan qalxdığını da sübuta yetirməlidir ki, hazırkı işdə ümumiyyətlə nə müddətə əməl olunmasına mane olan halların mövcudluğu, nə də həmin halların 15 gün ərzində aradan qalxmasını təsdiq edən sübutlar yoxdur. Sadalanan hallar iş üzrə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti üzürsüz səbəblərdən ötürüldüyündən prossesual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası keçirilərək iddiaçının dinlənilmə hüququnun təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Buraxılmış “prossesual müddətin bərpası” barədə ərizə təmin edilmir. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X1 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul, 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar