Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2147/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X2 və digərlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması, həmin koordinatlara uyğun X2 və digərlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə X3 mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Göyçay rayonu Cəyirli bələdiyyəsinin cavabdeh qismində qəbul edilməsini, Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 08 saylı qərarının 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ilə cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı, həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-138/2025 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-2147/2025 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya və ailə üzvlərinə Göyçay rayon Aqrar- İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmiş, JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi naturada ölçülüb vətəndaşlara verilərkən Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisə yarandığından Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin həmin dəyişdirilməyə uyğun dövlət aktları tərtib edilib vətəndaşlara təhvil verilməmişdir. Həmin 1.16 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində məlum olmayan yerdə işlənmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X6 X7 (TEKUİS-də) aradan qaldırılması barədə müraciətinə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətinin təmin edilməsini məqsədə müvafiq hesab edir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-282/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə İddiaçı faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsinin 0,23 ha hissəsi ilə bağlı mübahisə öz həllin tapmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-282/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, göründüyü kimi iddia olunan torpaq sahəsi də, əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut edir. Lakin bununla belə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi müraciətinin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir. İlkin cavabdeh orqan (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi) imtina cavabını onunla əsaslandırmışdır ki, JN-615 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə iddiaçının ümumibirgə mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sitemi məlumatlarında faktiki vəziyyətə uyğun olaraq işlənilmişdir. Yeni uçot nəticələrində işlənilmiş 615 nömrəli parselin cənub hissəsindən təqribi olaraq 0.30 ha azaldılaraq iddiaçıya məxsus fərdi yaşayış evinin ətrafında yerləşən torpaq sahəsi ilə əvəzləşdirilməsi xahiş edilmiş və bununla bağlı yeni uçot nəticələrində müvafiq düzəlişlərin edilməsi üçün idarənin mütəxəssisləri tərəfindən naturada göstərilən torpaq sahəsinə baxış keçirilmiş və çöl ölçmə işləri aparılmışdır. Kameral şəraitdə aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən torpaq sahəsinin bir hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış digər reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatları emal edərək müvafiq düzəlişin aparılması üçün aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək dəyişdirilmiş məzmunda iddia tələbinə mahiyyəti üzrə baxılmasını və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, mübahisə ilə bağlı arzusu tərəflər arasında barışığın olmasından ibarətdir və iddia tələbi ilə bağlı konkret hər hansı bir mövqeyi yoxdur. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilmiş mütəxəssis rəyləri və yerquruluşu planları, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-282/2024 saylı qərarı, xx.xx.2023-cü il tarixli akt, JN-944, JN-615 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktları, xx.xx.2023-cü il tarixli, A1120218№-li alqı-satqı müqaviləsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış, Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubu, xx.xx.2025-ci il tarixli Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Çayırli kənd bələdiyyəsinin sədrinin və Kürdəmiş kənd sakinlərinin təsdiq etdiyi akt. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 saylı qərardadı ilə iddia tələbinin mümkünsüz sayılması, iddiaçının subyektiv hüququnun mövcud olmaması ilə əsaslandırılmış, həmçinin mübahisələndirilən qərarın qəbulundan 21 il keçdiyi üçün iddia tələbinin müddətlə bağlı xüsusi mümkünlük şərtlərinə cavab vermədiyi qeyd edilmişdir. İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bununla belə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-138/2025 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ləğv edilsə də, iddia tələbinin mümkünlük şərtlərinə cavab verib-verməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gətirdiyi dəlillərə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsinin 0.27 ha hissəsi ilə bağlı hər hansı araşdırma aparılmadığını vurğulamışdır. Məhkəmə izah edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə münasibətdə bələdiyyə qərarının araşdırılması üçün ilk növbədə iddiaçının sözügedən torpaq sahəsinə aidiyyəti müəyyən edilməlidir. İddiaçı, bələdiyyə qərarını sözügedən torpaq sahəsinin hər hansı hüquq müəyyənedici sənədə malik olmadan faktiki istifadəsində olmasından çıxış edərək mübahisələndirir. Sözügedən torpaq sahəsinə iddiaçının hüquqi bağlılığının müəyyən edilməməsi iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğunu istisna edir. Burada xüsusi diqqət yetirilməli olan məqam, iddiaçının faktiki marağı ilə hüquqi marağının eyniləşdirilməsinin yolverilməzliyidir. Əks yanaşma iddianın mümkünlüyü baxımından subyektiv hüququn mövcudluğun düzgün olmayan şərhinə gətirib çıxardar. Yəni, hüquqi əsas olmadan torpaq sahəsindən istifadə etməkdən irəli gələn faktiki maraq, iddia qaldırmaq üçün subyektiv hüququn yaranması üçün yetərli deyil. Çünki hüquqi cəhətdən qorunmur. Faktiki marağa münasibətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilənin baş verməsi də, mümkün deyildir. Odur ki, subyektiv hüququn birinci vacib elementi - öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz. İddiaçı, faktiki istifadəsində olan daşınmaz əmlak obyektinə dair hüquq müəyyənedici sənədə malik olduqda isə artıq iddianın qaldırılmasında hüquqi maraq yaranacaq və bu zaman iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Belə ki, hüquqi maraq yalnız faktiki vəziyyətə deyil, həm də hüquq müəyyənedici sənədə əsaslanır, bu da şəxsin məhkəmədə hüquqlarını müdafiə etməsinə və iddia qaldırmasına imkan yaradır. Ancaq hüquq müəyyənedici sənədə malik olan iddiaçı cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə onun subyektiv hüquqlarına müdaxilənin baş verməsini iddia edə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi qərardadında Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 0,23 ha torpaq sahəsinin iddiaçıya məxsus olmasını qeyd etsə də, mübahisələndirilən torpaq sahəsinin 0,27 hissəsi ilə bağlı hər hansı araşdırma aparmamışdır” Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin 0.27 ha hissəsi ilə bağlı kifayət qədər araşdırma aparılmış, həmin torpaq sahəsinin hüquqi statusunun 0,23 ha torpaq sahəsindən fərqləndirilən şərtlər ətraflı qeyd olunmuş və apellyasiya instansiyasının qərardadında istinad etdiyi müətəxəssis rəyi də, məhz müvafiq araşdırmanın nəticəsində əldə edilmişdir. Məhkəmə bir daha izah edir ki, iddiaçının faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsinin 0,23 ha hissəsinə münasibətdə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının 2.3.4 və 2.3.5-ci bəndlərinin tətbiqi mümkün olduğu halda, 0,27 ha torpaq sahəsi ilə bağlı mübahisə mövcud olduğuna görə, sözügedən torpaq sahəsinə həmin bəndlərin tətbiqi yolverilməzdir. Odur ki, 0,23 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranma əsaslarını 0,27 ha torpaq sahəsi ilə eyniləşdirmək olmaz. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu və iddia müddətinin keçməsi ilə bağlı mümkünlük şərtlərinə apellyasiya instansiyası məhkəməsinin münasibətini birbaşa müəyyən etmək mümkün olmasa da, məhkəmə yuxarı instansiya məhkəməsinin qərardadında əks olunan göstərişlərə əsaslanaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının faktiki marağını nəzərə alaraq onun subyektiv hüququnun mövcud olduğu və iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir. Çünki araşdırılması tələb edilən göstərişlər yalnız subyektiv hüququn mövcud olduğu və müddətlə bağlı xüsusi mümkünlük şərtlərinin yerinə yetirildiyi hallarda bu həcmdə aparıla bilər. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı xüsusatlarla bağlı araşdırmanın aparılmasının zəruriliyini vurğulamışdır:
1. mübahisə predmeti olan torpaq sahəsinin kimə məxsus olması, harada yerləşməsi,
2. iddiaçının hansı hüquqmüəyyənedici sənədlər əsasında həmin torpaq sahəsinə sahiblik etməsi,
3. torpaq sahəsində iddiaçıya məxsus yaşayış evi olmaqla yanaşı, orada ailə üzvləri ilə birlikdə yaşaması,
4. qeyd edilən torpaq sahəsi bələdiyyənin qərarına əsasən satılmışdırsa, həmin qərarın əldə edilərək araşdırılması və bələdiyyə tərəfindən hansı əsaslarla torpaq sahəsinin digər şəxslərə satılması barədə tam araşdırma aparılması. Məhkəmə, instansiya iyerarxiyasına hörmətinin olduğunu xüsusilə vurğulayaraq, mübahisəyə apellyasiya instansiyasında baxılarkən iş materiallarında mövcud olmuş sənədlər əsasında yuxarıda qeyd edilmiş göstərişlərin hər birinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir:
1. “mübahisə predmeti olan torpaq sahəsinin kimə məxsus olması, harada yerləşməsi”nə münasibətdə qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsinin X4 məxsus olması və torpaq sahəsinin Göyçay rayonu Kürdəmiş kəndində yerləşməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə aşkar müəyyən edilir.
2. “iddiaçının hansı hüquqmüəyyənedici sənədlər əsasında həmin torpaq sahəsinə sahiblik etməsi”nə münasibətdə qeyd olunmalıdır ki, elə mübahisənin əsası da, iddiaçının heç bir hüquq müəyyənedici sənəd olmadan torpağa sahiblik etməsi, lakin bu sahibliyin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının təsiri altına düşməməsi ilə bağlıdır. İddiaçı bildirmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin müvafiq dəyişdirmənin hansı qaydada aparıldığı, dəyişdirilmiş torpaq sahələrinə münasibətdə hansı hüquqi sənədlərin tərtib edildiyi və xüsusilə mübahisəli torpaq sahəsinin bu qərara uyğun olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddia ərizəsində iddiaçı, 25 ildən artıqdır ki, həmin torpaq sahəsində bağ saldığını, sözügedən torpaq sahəsinə münasibətdə Dövlət Aktının tərtib edilmədiyini bildirmişdir. İddiaçıya da bəllidir ki, həmin torpaq sahəsinə dair onun nə hüquqmüəyyənedici, nə də texniki sənədi mövcuddur. Subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlməyə əsas verən hal da, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmaması idi.
3. “torpaq sahəsində iddiaçıya məxsus yaşayış evi olmaqla yanaşı, orada ailə üzvləri ilə birlikdə yaşaması” ilə bağlı araşdırmanın aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında “Göyçay rayon Kürdəmiş kənd sakini İddiaçı 2000-ci ildən Göyçay rayon Kürdəmiş kəndində istifadəsində 0.27 ha torpaq sahəsinin olması, İddiaçı Göyçay rayon Kürdəmiş kəndində fərdi yaşayış evi tikməsi və 2007-ci ildən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşaması” barədə xx.xx.2025-ci il tarixli icra nümayəndəliyinin məktubuna, xx.xx.2025-ci il tarixli Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Çayırli kənd bələdiyyəsinin sədrinin və Kürdəmiş kənd sakinlərinin təsdiq etdiyi aktın məzmununa, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinad edilmiş və qeyd edilmişdir ki, “Məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən də göründüyü kimi, mübahisə predmeti olan 0.27 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, 2007-ci ildən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır”. Bununla belə, təqdim olunan sənədlərin təhlili göstərir ki, mübahisə predmeti olan 0.27 ha torpaq sahəsi ilə bağlı qeyd edilən bəzi məqamlar fərqli formada ifadə edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə 0.27 ha torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evinin olması və onun 2007-ci ildən ailə üzvləri ilə birlikdə orada yaşaması barədə birbaşa qeyd yoxdur. İş materiallarında mövcud olan ortofoto xəritəsindən çıxarış və yerquruluşu planı əsasında həmin torpaq sahəsinin faktiki boş ərazi olması müəyyən edilir. Bundan başqa, 0.27 ha və 0.23 ha torpaq sahələri bitişik olmasına baxmayaraq, onların hüquqi statusu fərqlidir. Proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlarla da, fərdi yaşayış evinin 0.27 ha torpaq sahəsində deyil, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-282/2024 saylı qərarı ilə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsində yerləşdiyi görünür. Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli məktubunda əvvəllər verdiyi məlumata düzəliş edərək iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,23 ha olmasını, istifadəyə başlama tarixinin isə 2007-ci il olmasını qeyd etmişdir. Yuxarıda qeyd edildiyi kimi, hətta müvafiq düzəliş təqdim edilməsə belə, fərdi yaşayış evinin 0,27 ha torpaq sahəsində yerləşməsi iş materiallarında olan heç bir sənədlə təsdiq olunmur və bu hal iddiaçının özü tərəfindən də irəli sürülmür. Apellyasiya instansiyası məhkəməsinin kollegial tərkibinin belə bir qənaətə hansı sənədi tədqiq edərək gəldiyi isə qeyri-müəyyəndir.
4. “qeyd edilən torpaq sahəsi bələdiyyənin qərarına əsasən satılmışdırsa, həmin qərarın əldə edilərək araşdırılması və bələdiyyə tərəfindən hansı əsaslarla torpaq sahəsinin digər şəxslərə satılması barədə tam araşdırma aparılması”na münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı əsasında 4.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 təsdiq edən JN-944 saylı “Torpağa mülkiyyət hüququna” Dövlət Aktı mövcuddur. Sözügedən 4.0 ha torpaq sahəsi iki konturdan ibarət olmaqla **********07 reyestr nömrəli qeydiyyatın aparıldığı 1.8901 ha torpaq sahəsi JN-944 saylı Dövlət Aktının 944A planşetində qeyd edilmiş 18901,47 kv.m torpaq sahəsidir. Həmin 1.89 ha torpaq sahəsini X8 alqı-satqı müqaviləsi ilə əldə etmiş və JN-944A nömrəli “Torpağa mülkiyyət hüququna Dövlət Aktı”nın elektron baza məlumatlarında göstərilmiş (DVJ) 1.89 ha hissəsinə **********07 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Daha sonra bağlanmış əqdlər nəticəsində torpaq sahəsi üzərində bir neçə dəfə digər subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə A1120218 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən üçüncü şəxsə satılmışdır. İddia olunan 0,27 ha torpaq sahəsi məhz mübahisələndirilən qərar əsasında Mahir Səbzəliyevə satılmış və hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin 1,89 ha konturunda göstərilmiş ərazidir. İş materiallarında olan sənədlər göstərir ki, mübahisəli torpaq sahəsinin digər şəxslərə satılmasının araşdırılması mövcud mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Bu halda, qeyd olunan araşdırmanın aparılmasının məqsədəuyğunluğunu müəyyən etmək üçün araşdırmanın mübahisənin həllinə nə kimi töhfə verə biləcəyi və bu araşdırmanın hansı hüquqi zərurətdən irəli gəldiyi aydınlaşdırılmalıdır. Əgər iddiaçı bələdiyyə tərəfindən ona məxsus torpaq sahəsinin başqa şəxsə satıldığını iddia edirsə, bu halda o, həmin torpaq sahəsinə özünə məxsusluğunu təsdiq edən hüquqi sənəd təqdim etməlidir. İddiaçının isə yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Yuxarıda qeyd edilən xüsusatlar formal mülahizələr deyil, hər biri mübahisə ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində əldə edilən sənədlərlə təsdiq olunur. İPM-nin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının faktiki marağını nəzərə alaraq, 0,27 ha torpaq sahəsinə dair subyektiv hüququnun mövcud olduğu qənaətinə gəlmişdirsə, bu halda, iddiaçı cavabdeh orqanın onun subyektiv hüquqları ilə əhatə olunan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməkdə haqlı olmuşdur. Buna görə də, Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı iddiaçının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
qərara aldı:
İddia təmin edilir. Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı İddiaçı mülkiyyətində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev