Məhkəmə qərarları › İş №2-1(116)-215/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-215/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-215/2024 08.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 1978-1990-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1997-ci ildə isə Dərəcənnət kənd Dərəcənnət kolxozuna tütünçü vəzifəsində, xx.xx.1999-cu il tarixdən isə Dərəcənnət və Suçma kənd klublarında xadimə vəzifəsində işləməsini bildirərək, əmək kitabçası və X3 filialı tərəfindən verilmiş arayışda əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində 1978-ci il tarixdən 1990-cı il tarixdədək Şəki rayonu, Suçma kənd, M.F.Axundov adına kolxozda işlədiyini, 1997-ci il tarixdə Şəki rayonu, Dərəcənnət kənd, Dərəcənnət kolxozunda tütünçü vəzifəsində, xx.xx.1999-cu il tarixdən isə Dərəcənnət və Suçma kənd klublarında xadimə vəzifəsində işlədiyini idda etmiş və 12 il güzəştli, 27 il 8 ay ümumi sosial sığorta stajının olduğuna istinad edərək ona 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu və müraciətdən əvvəlki 3 ilin (23.12 2019-cu il tarixdən) ona ödənilməli olduğunu qeyd etmişdir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE09637783 seriyalı şəxsiyyət vəsiqəsindən aydın olur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Hal-hazırda 62 yaşı vardır Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun ümumi sığorta stajı 25 ildən az və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən onun ümumi sığorta stajının 25 ildən az (23 il 11 ay 28 gün) olduğu müəyyən edilmiş edilmişdir. Mübahisələndirilməyən ümumi sosial sığorta stajı: - 1997-ci il üzrə 1 il; - xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər; - xx.xx.2006-cı il tarixdən sonrakı 15 il. Mübahisələndirilən ümumi sosial sığorta stajı: - 1978-ci il tarixdən 1990-cı il tarixədək olan dövrlər. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 28 noyabr 2022-ci il tarixli 945 nömrəli arxiv arayışında onun 1978-ci il tarixdən 1990-cı il tarixədək Şəki rayonu, Suçma kənd M.F.Axundov adına kolxozda işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövr üzrə “il ərzində işlədiyi adam günləri miqdarı və müəyyən edilmiş əmək günləri minimumu" haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala onun güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən işdə çalışmasına dair “güzəştli arayış” təqdim edilmədiyindən onun güzəştli iş stajı da müəyyən edilməmişdir. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9308,20 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatm/şkişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə sıporta staıından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Göründüyü kimi iddiaçının nə ümumi sığorta stajı, nə də pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyə imkan verməmişdir. Həmçinin məhkəmənin diqqətinə bunu da çatdırmaq istərdik ki, İddiaçı hüququ yarandığı xx.xx.2007-ci il tarixdən çoxuşaqlı ana kimi 259 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi iş stajı 25 ildən az və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Suçma kənd Axundov adına kolxozun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən Arzu Abdullayeva kolxozda işləyən zaman əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1978 - 217 gün, 1985 - 316 gün, 1979 - 232 gün, 1986 - 339 gün, 1980 - 174 gün, 1987 - 87 gün, 1981 - 197 gün, 1988 – 255 gün, 1982 - 182 gün, 1989 – 232 gün, 1983 - 203 gün, 1990 – 113. 1984 - 232 gün, Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunun kolxozçuların şəxsi hesab kitablarına əsasən İddiaçı kolxozda işləyən zaman əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir (adam günü norması-180 gün): 1997 – 254 gün. - xx.xx.2013-cü il tarixli 060830 №-li əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1999 – xx.xx.2006 - AZE 09637783 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddianın xüsusi bir növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir (34.3). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2013-cü il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 20 ildən çox olması əmək kitabçası və dövlət arxivinin arayışı ilə təsdiq olunur. Belə ki, 060830 №-li əmək kitabçasına əsasən iddiaçı xx.xx.1999 – xx.xx.2006-cı il tarixlərdə Dərəcənnət kənd klubunun xadiməsi vəzifəsində çalışmışdır və həmin müddətin cəmi 7 ilə bərabərdir. Şəki rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı, Şəki rayonu Suçma kənd “Axundov adına” kolxozda 1978-1981, 1985-1990-cı illərdə (1988-ci ildə analıq məzuniyyətində olmuşdur), 1997-ci ildə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünlə bağlı əmək fəaliyyətini həyata keçirmişdir. Şəki rayonu Suçma kənd “Axundov adına” kolxozda qadınlar üçün minimum adam günü normasını müəyyən etmək mümkün olmasa da, nəzərə alınmalıdır ki, tütünlə bağlı eyni təsərrüfat xüsusiyyətlərinə malik digər kolxozda (Dərəcənnət kolxozu) 1997-ci il üçün müəyyən edilmiş adam günü norması 180 gün qeyd edilmişdir. Əvvəllər baxılmış oxşar işlər üzrə icraat materialları ilə (Şəki rayonu Qoxmuq kənd 1 May kolxozu üzrə tütün becərilməsində qadınlar üçün minimum adam günü norması 170 gün olmuşdur) müəyyən edilir ki, tütün becərilməsi ilə məşğul olan təsərrüfatlarda qadınlar üçün müəyyən edilmiş minimum adam günü norması bir qayda olaraq 180 gündən artıq olmamışdır. Buna görə də hazırkı iş üzrə iddiaçının Şəki rayonu Suçma kənd “Axundov adına” kolxozda işlədiyi müddət üzrə minimum adam günü norması 180 gün nəzərə alınmaqla hesablama aparılmışdır. Beləliklə, iddiaçının Şəki rayonu Suçma kənd “Axundov adına” kolxozda 1978- 1979, 1981-1986, 1988-1989-cu və Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda 1997-ci il üzrə tam əmək stajı 11 il müəyyən olunur. 1980, 1987 və 1990-cı illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (174+87+113=374/180=2.07. Yəni, 2 il, 28 gün). Hər iki müddəti toplandıqda iddiaçının kolxozda işlədiyi müddət 13 il, 28 günə bərabər olur. Tədqiq edilən arayışın məzmunu ilə iddiaçının sözügedən kolxozlarda işlədiyi tütünçülüklə məşğul olduğu dövrün 10 ildən artıq olması müəyyən edilir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub). Odur ki, iddiaçının sosial məzuniyyətdə olduğu 1988-ci il onun güzəştli sahədə iş stajı olaraq nəzərə alınır. Həmin müddətin üzərinə iddiaçının yuxarıda müəyyən edilmiş əmək kitabçasında qeyd edilmiş müddət toplandıqda 20 il, 26 gün ümumi sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il sığorta stajından çoxdur. Oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. Cavabdeh orqan tərəfindən təqdim edilmiş ilkin ərizənin surətindən görünür ki, iddiaçının ilkin müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2019-cu ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2019cu il tarixdən ödənilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar