Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-215/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyun 1995ci il tarixdən 24 fevral 2000-ci il tarixə kimi Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində işləməsini təsdiq edən əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxx 1956-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. 1971-ci ildə X3 Mexanikləşdirmə və Elektrikləşdirmə texnikumuna daxil olmuş və 1975-ci ildə həmin texnikumun kənd təsərrüfatının mexanikləşdirlməsi ixtisası üzrə tam kursunu bitirmişdir. Əmək fəaliyyətinə 11 avqust 1975-ci il tarixdə 3 saylı X5 3-cü dərəcə çilingər kimi başlamışdır. 20 oktyabr 1975-ci il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad olunmuş, 31 oktyabr 1975-ci ildən 15 noyabr 1977-ci il tarixə kimi Sovet Ordusunda hərbi xidmət keçmişdir. 07 dekabr 1977-ci ildən yenidən 3 saylı X6 3-cü dərəcə çilingər kimi işə qəbul olunmuşdur. 25 mart 1985-ci il tarixdə işdən azad olunaraq həmin tarixdən Göyçay Quşçuluq fabrikinə sürücü qəbul edilmişdir. 13 iyun 1987-ci ildə Respublika Quşçuluq Sənaye Birliyinin 3 №-li Bakı ATK-ya keçirilərək 31 dekabr 1987-ci il tarixə kimi orada işləmişdir.Həmin tarixdən yenidən Göyçay Quşçuluq fabrikinə sürücü keçirilmiş,19 mart 1988-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur.Həmin tarixdən X4 Fabrikinə sürücü qəbul edilmiş,10 dekabr 1992-ci il tarixdə fabrikin fəaliyyəti ilə bağlı olaraq işdən azad edilmişdir.İddiaçı 20 oktyabr 1993-cü il tarixdə yenidən həmin müəssisədə işə bərpa edilərək fabrikə sürücü təyin edilmişdir. 28 oktyabr 1994-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. 26 iyun 1995-ci il tarixdə 1 saylı Avtomobil Yollar İdarəsinin 14 saylı Yol Sahəsinə İİ dərəcəli fəhlə qəbul edilmişdir və 24 fevral 2000-ci il tarixdə struktur dəyişikiyi ilə əlaqədar işdən azad edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciəti cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən təmin edilməmişdir. Belə ki, cavabdeh 03 noyabr 2023-cü il tarixli 3-17-1/2-Q-258054/2023 saylı məktubla müraciətinə cavab verərək əmək kitabçasına, təhsil haqqında diploma və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajının 22 il 1 ay 3 gün təşkil etdiyini, 01 iyun 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını, 26 iyun 1995-ci il tarixdən 24 fevral 2000-ci il tarixədək 1 saylı Avtomobil Yollar İdarəsinin 14 saylı Yol Sahəsində işlədiyim dövr araşdırılarkən 1995ci ilin əmr kitabının surğuclanmaması və möhürlə təsdiqlənməməsinin, həmin idarənin 1997, 2000-ci illərin əmr kitablarının və 1995-2000- ci illərin əmək haqqı cədvəllərinin 17N°-li Yol İstismar MMC-yə təhvil verilməməsinin müəyyən edildiyini göstərmiş və sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol Sahəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilərək ona 65 yaşının tamam olduğu xx.xx.2021-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.İş materiallarına əlavə olunmu AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur İşin faktiki hallarına əsasən Mərkəzi Filial tərəfindən iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. O, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmış və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən 22 il 1 ay 3 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır Qeyd olunan səbəblərə görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndirilməyən sosial sığorta stajı: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının, diplomun, hərbi xidmət haqqında arayışın surətlərinə əsasən onun mübahisələndirilməYən sığorta stajı 22 il 1 ay 3 gündən ibarət olmaqla aşağıdakı tərkibdə müəyyən edilmişdir: xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil dövrü; xx.xx.1975-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü; xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər istisna olmaqla, əmək kitabçasının surətində qeyd edilmiş digər dövrlər. İddiaçı məxsus xx.xx.2021-ci il tarixli 843 nömrəli hərbi xidmət haqqında arayış onun xx.xx.1975-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğunu təsdiq etmiş və həmin dövrlər “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən (müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçı məxsus 014814 nömrəli diplom və xx.xx.2021-ci il tarixli 500/3004 nömrəli əyani təhsil alması ilə bağlı arayış onun 01,09.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı dövrü təsdiq etmiş və həmin dövrlər onun sosial sığorta stajına daxil edilmişdir. Həmçinin İddiaçı məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası onun əmək fəaliyyəti dövrlərini (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər istisna olmaqla, əmək kitabçasının surətində qeyd edilmiş digər dövrlər) təsdiq etmiş və həmin dövrlər cavabdeh orqan tərəfindən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’’nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının 4.1.1 ci maddəsinə əsasən onun sosial sığorta stajına daxil edilmişdir. Belə ki,şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır. Mübahisələndirilən sosial sığorta stajı: Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 258054/2023 nömrəli imtina məktubunda əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurətinin yarandığı qeyd edilmişdir. Fondun 2 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, 1995-ci ilin əmr kitabı surquclanmamış və möhürlə təsdiqlənməmişdir. Eyni zamanda Azəravtoyol DŞnin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəlləri 17N°-İİ Yol İstismar MMC-yə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin) araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956cı il təvəllüdlüdür.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Göyçay rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 843 nömrəli arayışı.
4. Göyçay dövlət İdarəetmə və Texnologiya Kollecinin xx.xx.2021-ci il tarixli 500/3004 nömrəli arayışı.
5. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının əsli.
6. İddiaçıya məxsus Щ 014814 seriya nömrəli diplomun surəti.
7. Cavabdehin 08 ferval 2024-cü il tarixli etirazı və ona əlavə edilən sənədlər.
Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarından görünür ki,cavabdeh inzibibati orqan iddiaçının mübahisələndiriləyən ümumi sosial sığorta stajını 22 il 1 ay 3 gün hesablamışdır.Məhkəmə tərəfindən cavabdeh tərəfindən qəbul edilən dövrlərin mötəbərliyi məhkəmə araşdırması ilə təsdiq edilməklə bərabər bütün dövr araşdırılmışdır. Hazırkı iş üzrə mübahisələndirilən və iddianın hüquqi taleyini həll edən dövr iddiaçının 26 iyun 1995-ci il tarixindən 24 fevral 2000-ci il tarixinə kimi Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində işləməsi ilə bağlıdır. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının 19-cu səhifəsində aparılmış 16 sıra saylı, 26 iyun 1995-ci il tarixli,16 nömrəli əmrə əsasən iddiaçı həmin müəssisədə İİ dərəcəli fəhlə peşəsinə qəbul edilmiş,xx.xx.1997-ci ildə İİİ dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 24 fevral 2000-ci il tarixində isə struktur dəyişikliyi nəticəsində işdən azad edilmişdir.Sözügedən Əmr möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən hər hansı əsas təqdim edilməmiş,məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. Məhkəmə xüsusi ilə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Mübahisələndirilən dövrün (4 il 7 ay 28 gün) iddiaçının ümumi sosial sığorta stajına hesablanması ilə müəyyən edilir ki, həmin müddət yuxarıda qeyd olunan müddətlə birlikdə 26 il 9 ay 1 gün təşkil edir ki, bu da tələb olunan 25 il məcburi sığorta stajından artıqdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-cü il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.