Məhkəmə qərarları › İş №2-1(116)-2155/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2155/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2155/2024 29.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəliş edərək əlilliyin təyin edilməsi tarixinin “xx.xx.2012-ci il”, əlillik qrupunun “birinci dərəcəli əlillik” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəliş edərək müayinə tarixi qrafasının xx.xx.2012-ci il, əlilliyin təyin edilməsi tarixinin xx.xx.2012-ci il, əlillik qrupunun birinci dərəcəli əlillik qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6874/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəliş edərək əlilliyin təyin edilməsi tarixinin - xx.xx.2012-ci il, əlillik qrupunun - birinci dərəcəli əlillik qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya xx.xx.2012-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının 1506/2012 nömrəli müayinə aktından çıxarışı əsasında müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir və həmin tarixdən ödənişlərin davamlılığı təmin edilmişdir. Ona müddətsiz İ qrup əlillik təyin edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşları tərəfindən heç bir müayinə və sənəd tələb etmədən səhvən əlillik dərəcəsini İİ qrup əlil kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsisteminə işləmişlər. Bu faktla bağlı cavabdehə müraciət edilmişdir. Qeyd olunan müraciətə xx.xx.2012-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının 1506/2012 nömrəli müayinə aktının surəti əlavə edilmişdir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəliş edərək İ qrup əlilliyin qeyd olunması xahiş edilmişdir. Lakin cavadeh orqan əsasız olaraq xx.xx.2024-cü il tarixli bildiriş məktubu ilə cavab verərək qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli ikinci dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsistemində ona İ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı bütün sənədlər vardır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2012-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının 1506/2012 nömrəli müayinə aktını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsistemindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində “DOST” xidmətinə müraciət edəndə əldə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsistemində ona İ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı bütün sənədlər olaraq yenidən onu idarəyə dəvət edilməsi yalnız vaxtın uzadılmasına gətirib çıxardır. xx.xx.2024-cü il tarixində “DOST” xidmətinə müraciət etdikdən sonra məlum olmuşdur ki, pensiya ödənişlərdən tutulmalar və azalma vardır və qeyd olunan tutulmalar və azalmalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminin “əlillik” altsisteminə əlillik dərəcəsini səhv işlənməsi ilə bağlıdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr qlomerulonefrit terminal mər. Sol tərəfli böyrək transplantasiyası. Xr virus hepatiti. XBÇ İİ dərəcə. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.8. Nefroktomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinciikinci dərəcəli xroniki böyrək çatmamazlığı müddətsiz əlillik dərəcəsi verilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq bəndlərinə istinad etmiş, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının 1506/2012 nömrəli müayinə aktından çıxarış, 112934 nömrəli pensiya işi, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001) Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “əlillik” altsisteminə əlavə edilmiş yanlış məlumatlara düzəliş edilməsinə nail olmaqdır. Belə ki, elektron informasiya sisteminin “əlillik” altsistemində iddiaçıya əlilliyin təyin edilməsi tarixi xx.xx.2012-ci il, əlillik dərəcəsi isə ikinci dərəcəli əlillik qeyd edilmişdir. İddiaçı isə əlilliyin təyinat tarixinin “xx.xx.2012-ci il”, dərəcəsinin isə “birinci dərəcəli” olması ilə bağlı düzəlişin edilməsini cavabdeh orqandan tələb edir. Məhkəmə tərəfindən iddiaçıya ilkin əlillik təyinatının aparılmasına əsas olmuş sənədlər cavabdeh orqandan və DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialdan götürülərək müqayisəli tədqiq edilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçıya ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmamışdır. Həmçinin “Əlillik" altsistemindən əldə edilən məlumatlara istinad edilərək göstərilmişdir ki, vətəndaşın əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Q-3114/2024 nömrəli bildiriş məktubu göndərilərək əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s.) birlikdə həftənin İV günləri Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Vətəndaşın əlilliyini təsdiqləyən sənədlərlə Agentliyə müraciət etməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan "Əlillik" altsistemində məlumat yerləşdirərkən iddiaçıya təyin edilmiş ilkin əlillik təyinatına dair kağız daşıyıcıda məlumat bazasına malik olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçıya əlillik təyinatının aparıldığı 2012ci ildə prosedur hazırda olduğu kimi elektronlaşdırılmamışdı. Odur ki, kağız daşıyıcıda hər hansı ilkin sənəd olmadan "Əlillik" altsisteminə sonradan yeni məlumatların yerləşdirilməsi praktiki baxımdan mümkün ola bilməzdi. Məhkəmənin qənaətinə görə cavabdeh orqan "Əlillik" altsisteminə müvafiq məlumatları yerləşdirdikdən sonra ilkin sənədlərin saxlanmasını təmin etməmiş və ya yanlış məlumat yerləşdirdiyinin fərqində olduğuna görə ilkin sənədlərin təqdim edilməsindən yayınmışdır. Hər bir halda ilkin əlillik təyinatı barədə sənədlər olmadan "Əlillik" altsistemində mövcud olan məlumatlar mötəbər hesab edilə bilməz. Digər tərəfdən həmin məlumatların düzgünlüyü və lazımı qaydada saxlanması cavabdeh orqanın məsuliyyət sferasına aiddir. Buna görə də, cavabdeh orqan öz vəzifəsini düzgün yerinə yetirməməsinin mənfi nəticələrini iddiaçının ziyanına şərh etməklə onu yenidən əyani müayinəyə cəlb etməkdə və tibbi sənədləri iddiaçıdan tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, hazırkı mübahisə iddiaçıya əlilik təyinatının düzgün aparılıbaparılmaması ilə bağlı yox, təyin edilmiş əlilliyə dair məlumatların cavabdeh orqan tərəfindən təhrif olunmuş şəkildə "Əlillik" altsistemində yerləşdirilməsi ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialdan əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə, ümumi xəstəlik səbəbindən, müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya təyin edilmiş ilkin əlillik təyinatına dair sənədlərə malik olmadığını bildirsə də, obyektiv həqiqətin aşkar edilməsi üçün icraat materiallarının tamamlanmasına təşəbbüs göstərməmiş, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin müayinəsinə cəhd edərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəliş edərək əlilliyin təyin edilməsi tarixinin “xx.xx.2012-ci il”, əlillik qrupunun “birinci dərəcəli əlillik” qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar