Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-216/2020 25.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “03.10.2019-cu il tarixli 137 nömrəli arxiv çıxarışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Lenin Yolu” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı 17.06.2018-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixində Ağdaş rayonu, Yenicə kəndində anadan olmuşdur. 1973-1975-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyəti 1973-cü ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “Lenin Yolu” kolxozunda kolxozçu kimi başlamışdır, 1973-1998-ci illərdə kolxozçu işləmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədlərini toplayaraq ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş, lakin ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1973-1998-ci illərdə “Lenin Yolu” kolxozunda kolxozçu kimi işlədiyi dövrün Arxiv çıxarışı verilməsinə baxmayaraq həmin illərin əmək kitabçasında qeyd olunmadığı üçün imtina olunur. İddiaçı cavabdeh DSMF-nin Ağdaş rayon şöbəsinə qarşı “03.10.2019-cu il tarixli 137 nömrəli arxiv çıxarışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Lenin Yolu” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı 17.06.2018-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin 04.10.2019-cu il tarixli 293 nömrəli arayış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin 03.10.2019-cu il tarixli 137 nömrəli arxiv arayışı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin 09.10.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, 17.11.2019-cu il tarixli **********5 nömrəli və 03.02.2020-ci il tarixli **********7 nömrəli məktubları və 17.11.2019-cu il tarixli **********7 nömrəli etirazı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı iddiaçının 1973, 1976-1998-ci illərdə Ağdaş rayon Yenicə kənd sabiq “Lenin yolu” kolxozunda kolxozçu işlədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1973-cü ildən 1998-ci ilədək Ağdaş rayon sabiq “Lenin Yolu” kolxozunda işləməsi 03.10.2019-cu il tarixli 137 nömrəli arxiv arayışı və 04.10.2019-cu il tarixli 293 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. 10.02.2020-ci il tarixində daxil olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin 03.02.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı pensiyaçı deyildir və həqiqi hərbi xidmətdə olduğu 2 il mübahisələndirilməyən sosial sığorta stajı vardır. İddiaçı 1973-1998ci illərdə Ağdaş rayonu Yenicə kəndi “Lenin Yolu” kolxozunda işlədiyi illər 23 il 8 ay və həqiqi hərbi xidmətdə olduğu 2 il sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il 8 ay sosial sığorta stajı yaranır ki, 17.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malik olacaqlar. İddiaçı Ağdaş rayonu Yenicə kəndi “Lenin Yolu” kolxozunda kişilər üçün minimum əmək iştirakı norması (adam günü) 1973-1982-ci illərdə 240 gün, 1983-1998-ci illərdə 200 gün təşkil etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 03.10.2019-cu il tarixli 137 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Lenin Yolu” kolxozunda işlədiyi 23 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 17.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 03.10.2019-cu il tarixli 137 nömrəli arxiv arayışında qeyd olunan 1973-1998-ci illərdə Ağdaş rayon sabiq “Lenin Yolu” kolxozunda işlədiyi 23 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 17.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-216/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-216/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver