Məhkəmə qərarları › İş №2-1(116)-216/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-216/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-216/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı Göyçay rayonu Şəhadət bələdiyyəsinə ərizə ilə müraciət edərək, bələdiyyə ərazisində bələdiyyənin icarə predmeti olmaqla (keçmiş S.Vurğun adına təsərrüfatın maldarlıq fermasının həyəti) kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatının inkişafı məqsədi ilə 12 hektarının uzun müddətli 99 illik icarəyə verilməsini xahiş etmişdir. Göyçay rayonu Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ərizəsi nəzərə alınmışdır. Həmçinin nəzərə alınmışdır ki, mövcud olan ferma həyəti hazırda məcburi köçkün ailələrinin müvəqqəti istifadəsindədir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində məcburi köçkün ailələri öz doğma yurdyuvasına qayıtdıqdan sonra həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadəsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərara əsasən bələdiyyənin icarə predmeti olan kənd təsərrüfatına az yararlı keçmiş maldarlıq fermasının həyətində olan 12 hektar torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə onun uzun müddətli (99 il müddətinə) icarəsinə verilmiş. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. Onunla bağlanmış icarə müqaviləsi yalnız ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqda sonra hüquqi qüvvəyə minir, icarə haqqı həmin vaxtdan başlayaraq hesablanmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsindən xahiş edilmişdir ki, icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından çıxarışını hazırlamaqla onunla bağlanmış icarə müqaviləsi qeydiyyata alsın. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X4 filialının 12 noyabr 2021-ci il tarixli 394 saylı arxiv çıxarışında da həmin qərarın tarixi və nömrəsi, həmçinin məzmunu təsbit olunmuşdur. Göyçay rayonu Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarına əsasən bələdiyyə ilə onun arasında 18 oktyabr 2006-cı il tarixdə 19 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bundan başqa, ona Göyçay rayonu Şəhadət Bələdiyyəsinin sədri tərəfindən 14 oktyabr 2006-cı il tarixdə təsdiq olunmuş uzun müddətli icarəyə verilən torpaq sahəsinin planı təqdim edilmişdir. Həmin plan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi ilə razılaşdırılmışdır. Plan həmin şöbənin baş məsləhətçisi Ş.Abışov tərəfindən tərtib olunmuşdur. O, yuxarıda qeyd olunan torpaq sahəsi üzərində icarə hüququmun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, həmin İdarənin 17 fevral 2023-cü il tarixli 3-21-3-36/2-505/2023 saylı məktubu ilə müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayonu Şəhadət kəndində yerləşən 12.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün hesab edilən sənədlərin qanunauyğunluğu və torpaq sahəsinin döngə nöqtə koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən torpaq sahəsi elektron kadastr baza məlumatlarında örüş olması məlum olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonu Şəhadət kəndində yerləşən 12.0 ha torpaq sahəsi kopleks yerqurluşu layihəsi əsasən (DVJ) kənd təssərüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid X6 ərazisi kimi göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı bələdiyyə mülkiyyətinə aid təhsil, səhiyyə mədəniyyət nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar. TEKUİS uqodiyası örüş göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X4 Filialının xx.xx.2021-ci il tarixli 394 nömrəli arxiv çıxarışından görünür ki, Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarına əsasən aşağıda qeyd olunanlar qərara alınmışdır:

1. Göyçay rayonu Şəhadət bələdiyyəsi ərazisində bələdiyyənin icarə predmeti olmaqla (keçmiş S.Vurğun adına təsərrüfatın maldarlıq fermasının həyəti) kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatının inkişafı məqsədilə 12 (on iki) hektarının uzun müddətli (99 illik) icarəyə verilməsi barədə ərizəsi nəzərə alınsın, həmçinin nəzərə alınsın ki, mövcud olan ferma hə mövcud olan ferma həyəti hazırda məcburi köçkün ailələrin müvəqqəti istifadəsindədir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində məcburi köçkün ailələri öz doğma yurd-yuvasına qayıtdıqdan sonra həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadəsi təmin edilsin.

2. Bələdiyyənin icarə predmeti olan kənd təsərrüfatına az yararlı keçmiş maldarlıq fermasının həyətində olan 12 hektar torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədilə Göyçay şəhər sakini İddiaçı uzun müddətli (99 il müddətinə) icarəyə verilsin.

3. Azərbaycan Respublikasının "Torpaq icarəsi haqqında" qanununa uyğun olaraq İddiaçıla icarə müqaviləsi bağlanılsın.

4. İcarəçi İddiaçı nəzərinə çatdırılsın ki, onunla bağlanmış icarə müqaviləsi yalnız ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra hüquqi qüvvəyə minir, icarə haqqı həmin vaxtdan başlayaraq hesablansın.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin ki, icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından çıxarışını hazırlamaqla İddiaçıla bağlanmış icarə müqaviləsini qeydiyyata alsın.

6. Göyçay şəhər sakini İddiaçı tapşırılsın ki, icarəyə götürdüyü torpaq sahəsindən təyinatına uyğun olaraq istifadısində başladığı andan müəyyənləşdirilmiş icarə haqqını hər il vaxtlı-vaxtında bələdiyyənin xəzinəsinə ödənilməsini təmin etsin. - xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında Göyçay rayonu Şəhadət kəndində yerləşən, 12 ha torpaq sahəsinə dair kənd təsərrüfatının inkişafı üçün 99 il müddətinə (sahə boşaldıldıqdan sonra hesablanır) icarə müqaviləsi bağlanmış, müqavilənin 2.3-cü bəndində icarə haqqının sahə boşaldıqdan sonra hesablanması qeyd olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçının icarəsinə verilmiş 12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini, faktiki ölçüsünü, döngə nöqtələrini, mülkiyyətçisini, təyinatını, uqodiyasını, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssislərinə naturada göstərilən, üzərində tikililər mövcud olan 9.74 ha torpaq sahəsi elektron bazada təqdim olunan S.Vurğun adına təsərrüfatın ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid X7 (SƏF) ərazisi kimi göstərilmişdir. İdarənin mütəxəssislərinə naturada göstərilən, üzərində tikililər mövcud olan 9.74 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı bələdiyyə mülkiyyətinə aid, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, TEKUİS uqodiyası örüş göstərilmişdir. - Göyçay rayon Şəhadət Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 148 nömrəli məktubundan görünür ki, İddiaçı adına Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006cı il tarixdə 10 saylı qərarının xx.xx.2006-cı il tarixli 19 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatının inkişafı məqsədilə 12 ha torpaq sahəsi uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş hal-hazırda icarə müqaviləsi ləğv edilməyib öz qüvvəsində saxlanılıb. - Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli məktubundan görünür ki, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə İddiaçı (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində keçmiş S. Vurğun adına təsərrüfatın maldarlıq ferma tikintisi vardır. Həmin ferma binasında müvəqqəti olaraq 1995-ci il tarixdə Laçın rayonun Hocaz kəndindən məcburi köçkün düşmüş ailələr yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə alınmış torpaqlarda abadlıq və quruculuq işləri başa çatdıqdan sonra məcburi köçkünlər öz doğma rayonlarına qaydışından sonra İddiaçı icarəsində olan 12 ha torpaq sahəsindən istifadə hüququ yaranacaq. Hal-hazırda həmin torpaq sahəsində hec bir aqro texniki işlər aparılmır. - Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəhadət bələdiyyəsinin 2006-cı il 12 oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı adlı vətəndaşa icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində faktiki olaraq sabiq Səməd Vurğun adına təsərrüfatın maldarlıq fermasının inzibati və yardımçı sahələrinə aid binalar vardır. Həmin binalar 1996-cı ildə rayonda aparılan Aqrar İslahatı zamanı kənd sakinlərinə əmlak payı kimi verilmişdir. 1995ci ildə Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün düşmüş 4 ailə həmin binalarda yaşayırlar. Ərazidə olan torpaq sahələrindən və binalardan hal-hazırda onlar istifadə etməklə maldarlıqla məşğul olurlar. (Qeyd: Laçın rayonunun Hoçaz kənd sakini olan məcburi köçkün X2 qeyd olunan ərazidə sabiq icra başçısı Mehdi Səlimzadənin rəhbərliyi dövründə onun köməkliyi və öz şəxsi vəsaiti hesabina iki otaqlı ev tikərək hazırda həmin evdə yaşayırlar).

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarını və xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.1 və 8.0.3-cü maddələrində bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul olunmuş aktlar, habelə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Bununla belə iddiaçının istinad etdiyi Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndinin məzmunundan göründüyü kimi iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra hüquqi qüvvəyə minməsi, icarə haqqının da, həmin vaxtdan başlayaraq hesablanması qərara alınmışdır. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Göründüyü kimi qanunvericlikdə bələdiyyə torpaqlarının icarəyə verilməsi bələdiyyənin diskresion səlahiyyəti olaraq müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 60.1-ci maddəsində qeyd edilmişdir ki, qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə əlavə müddəalar nəzərdə tutula bilər. 60.2-ci maddənin tələbinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: 60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini; 60.2.2. hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu;... müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. 60.3. Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər. Hazırda iddiaçının tələb hüququnun əsasını təşkil edən Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndində əlavə müddəalar nəzərdə tutulmuş və iddia olunan torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin qüvvəyə minməsinin gələcəkdə baş verəcək hadisədən (müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra) asılı olması müəyyən edilmişdir. Göyçay rayonu Şəhadət bələdiyyəsinin qərarı ötən müddət ərzində mübahisələndirilməmiş və hazırda da, qüvvədədir. Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli və Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubları ilə müəyyən edilmişdir ki, Şəhadət bələdiyyəsinin 2006-cı il 12 oktyabr tarixli 10 saylı qərarı ilə iddiaçının icarəsinə verilmiş 12 ha torpaq sahəsində sabiq Səməd Vurğun adına təsərrüfatın maldarlıq fermasının inzibati və yardımçı sahələrinə aid binalar mövcuddur. Həmin binalarda 1995-ci ildə Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün düşmüş 4 ailə yaşayır və ərazidə olan torpaq sahələrindən və binalardan hal-hazırda onlar istifadə etməklə maldarlıqla məşğul olurlar. Göründüyü kimi Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulmuş hal aradan qalxmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə hüquqi qüvvəsini almadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar