Məhkəmə qərarları › İş №2-1(116)-2161/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2161/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2161/2024 05.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkli (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Qumux bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Qumux bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2161/2024 nömrəli qərardadı ilə Şəki rayonu Qumux bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə üçüncü şəxs Şəki rayonu Qumux bələdiyyəsi hüquq varisi – Şəki rayonu Baş Layısqı bələdiyyəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Qumux kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi satılmışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair tərtib edilmiş alqı-satqı aktında tərtib olunma tarixi ilə bağlı qeydiyyatın aparılmadığı, habelə alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində 03 iyun 2011-ci il tarixdə 1612 nömrə ilə qeydiyyata alındığı müəyyən edildiyindən bələdiyyə tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bilavasitə satılmış sözügedən torpaq sahəsi üzərində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 9.6-cı maddələrinin tələblərinə uyğun bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadığından, bələdiyyə ilə fiziki şəxs arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadığından vətəndaşa xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-Ə-0017-8/2024 №-li imtina məktubu verilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2007-ci ildə Qumux bələdiyyəsi tərəfindən İddiaçı ha torpaq sahəsi ayrılması barədə qərar qəbul edilmişdir. Lakin 2007-ci həmin torpaq sahəsinə aid sənədləşmə işi yerinə yetirilməmiş və iş yarımçıqdır. Həmin ildə "Kapital Bank"ın hesabına 480 (dörd yüz səksən) manat ödənilməsi göstərilsə də, alqı-satqı müqaviləsi sona qədər davam etdirilməmiş, hüquqi sənəd olan çıxarış və texniki pasport alınmamışdır. Sonradan 2019-cu ilin 22 may tarixli 10 saylı qərarı ilə yenidən həmin işin başlamasına dair qərar qəbul edilmişdir. Lakin işlər yenə də yarımçıq qalmışdır. Eyni zamanda, 2010-cu ildə bələdiyyələr birləşdikdən Qumux bələdiyyəsi Baş Layısqı bələdiyyəsinin tərkibinə keçmişdir, 2023-cü ilin yanvar ayında həmin vətəndaş bələdiyyəyə müraciət edərək hüquqi sənədin alınmasına köməklik etməyini xahiş etmişdir. O, yenidən 2023-cü ilin 06 fevral tarixli iclas protokoluna salaraq həmin işin sənədləşdirilməsinə başlamışdır. xx.xx.2023-cü il tarixdə 57/2-8/741-2023 nömrəli məktubla memar rəyi verilmişdir. 2023-cü ilin 21 sentyabr tarixində ********** nömrəli ərizəyə əsasən bələdiyyə çıxarışı alınmışdır. Həmin rüsumu Şəki Regional "Asan Xidmət" rkəzində vətəndaş özü ödəyərək bələdiyyə adına olan çıxarışı almışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi, izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu, Şəki şəhər İHBA-nın memarlıq və tikinti şöbəsinin xx.xx.2008-cü il tarixli məktubu, xx.xx.2008-ci il tarixli Torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2007-cü il tarixli rəyi, həyətyanı torpaq sahəsinin sxemi, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə xx.xx.2008-cü il tarixli qəbz, Şəki rayonu Qumux bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarış, Şəki rayonu Baş Layısqı bələdiyyəsinin 22 may 2019-cu il tarixli 10 saylı iclas protokolu, Şəki rayonu Baş Layısqı bələdiyyəsinin 13 mart 2023-ci il tarixli 04 saylı iclas protokolu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki rayon Qumux Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclasının protokolu əsasında iddiaçıya 0,12 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müvafiq rəyi, Şəki şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaq sahəsinin sxemi, dəyərinin ödənilməsi barədə qəbz, torpaqların alqı-satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinə dair tərtib edilmiş alqı- satqı aktında tərtib olunma tarixi ilə bağlı qeydiyyat aparılmalı, bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalı, bələdiyyə ilə fiziki şəxs arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmalı idi. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən istifadə edilir və faktiki 1092 kv.metrdir. Həmin torpaq sahəsi elektron baza məlmatlarında bələdiyyə mülkiyyətinə aid,yaşayış məntəqəsi torpaqları daxilində həyətyanı torpaqlar kimi göstərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, üçüncü şəxsin bildirdiyi, çıxarışın verildiyi torpaq sahəsi iddia olunan torpaq sahəsinə yox, tamamilə başqa əraziyə aiddir. İş materiallarında olan üçüncü şəxsin nümayəndəsinin istinad etdiyi 2023-cü ilin 06 fevral tarixli iclas protokolu ilə müəyyən olunur ki, bələdiyyə tərəfindən 0,12 ha torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması və bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması prosedurunun başlanması ilə bağlı qərar qəbul edilsə də, sözügedən qərarın məhz iddia olunan torpaq sahəsinə aid olması müəyyən edilmir. Belə ki, təqdim edilmiş yeruquruluşu planlarında göstərilən torpaq sahələrinin yerləşmə vəziyyətinin müqayisəli təhlili nəticəsində bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi ilə, 2023-cü ilin 06 fevral tarixli iclas protokolu ilə sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahələrinin fərqli ərazilər olması müəyyən edilir. Qeyd olunan hal cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi və yerquruluşu planı, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunur. Odur ki, iddia olunan torpaq sahəsi üzərində hər hansı digər subyektin əmlak hüquqlarının dövlət qeydiyyatına alınması müəyyən edilmir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Qumux bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsi (faktiki mövcud olan 1092 kv.m) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar