Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2162/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs – X4 inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı «fərdi yaşayış evindən iddiaçıya aid hissəyə ayrıca ünvan verilməklə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər birinə düşən hissə 1/3 olmaqla paylı mülkiyyət hüququ ilə X2, X1 və hazırkı İddiaçı məxsusdur. Hazırkı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ) 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən həmin şəxslərin sözügedən fərdi yaşayış evinə paylı mülkiyyət hüquqları qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı 9 mart 2024-cü il tarixdə ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib olunmasını xahiş etmişdir. Lakin cavabdeh ona ünvanlanmış 9 aprel 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək imtina cavabı vermişdir. Bundan sonra İddiaçı 26 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evindən iddiaçıya aid hissəyə ayrıca ünvan verilməklə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 13 iyun 2024-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), fərdi yaşayış evi paylı mülkiyyətdə olan əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində bir ünvan üzrə qeydiyyata alınsa da, evin payçılara münasibətdə ayrıca giriş-çıxışı, həyətyanı sahəsi mövcuddur, eləcə də kommunal xidmətlər (qaz, su və s.) üzrə ayrılıqda xətləri çəkilmiş və sayğacları quraşdırılmışdır. Əvvəlki dövrdə payçıların hər birinə aid ayrı-ayrı sənədlər verilmişdir. Payçılar özlərinə məxsus sahələrdə yaşadıqları üçün 8 may 2018-ci il tarixdə notariat qurumunda alqı-satqının rəsmiləşdirilməsi zamanı onların razılığı tələb olunmamışdır. ASAN Xidmət mərkəzində iddiaçıya bildirilmişdir ki, evə dair payçıların sənədləri təzələnməli və qeydiyyata alınma barədə onlar razılıq verməlidirlər. İddiaçı həmin evin ona məxsus hissəsinə ayrıca ünvan verilməklə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin mövqeyi belədir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bölgü sxeminin verilməsi xahişi ilə quruma müraciət etmişdir. Paylı mülkiyyətdəki həmin evin 1/3 hissəsinə mülkiyyət hüququ olan X3 vəfat etdiyindən, müraciətə notarial qaydada təsdiq edilmiş bölgü sxemi, əmlakın bölünməsi barədə müqavilə və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əlavə edilmədiyindən, evin iddiaçıya aid hissəsinə ayrıca ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlsə də, cavabdeh tərəf (nümayəndəsi) və üçüncü şəxs gəlməmişdir. Üçüncü şəxsin iddiaya yazılı münasibəti də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olduğunu bildirdi. O, qeyd etdi ki, cavabdeh inzibati orqana yalnız bir dəfə müraciət etmişdir, mülki məhkəmə icraatında evə pay bölgüsü ilə bağlı iddia (mübahisə) olmamışdır. Belə vəziyyət ona anasının fərdi yaşayış evinə qeydiyyata alınmasına imkan vermir. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Şəki rayonu ərazisində (Şəki şəhərində) yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə vurğulayır ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı məsələ – paylı mülkiyyətdə olan fərdi yaşayış evinin ona məxsus hissəsinə ayrıca ünvan verilməklə texniki pasportun tərtibi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hazırkı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin səlahiyyətlərində olsa da, iddiaçının cavabdehə müraciətinin məzmunu həmin məsələni əhatə etmədiyindən, cavabdehin bununla bağlı inzibati icraat aparmadığı müəyyən edilir. Onun müraciətinin məzmunu bölgü sxeminin tərtibi barədə olmuşdur. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdeh inzibati orqan arasında iddia tələbində qoyulan məsələ üzrə inzibati mübahisə yaranmamışdır. Bundan başqa, iddiaçının payı olan paylı mülkiyyətdəki fərdi yaşayış evinin (Şəki şəhəri, Y.Süleymanov küçəsi, dalan 3, ev 3) payçılarının notarial qaydada təsdiqlənmiş razılığı olmadığından, bölgü məsələsinin mülki məhkəmə icraatı qaydasında həlli daha əlverişli məhkəmə müdafiəsi üsuludur. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı məhkəmə icraatında qaldırılan tələb üzrə cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evindən iddiaçıya aid hissəyə ayrıca ünvan verilməklə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(116)-2162/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2162/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver