Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2163/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1089 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında adının “Cahandar”dan “Cahandarağa”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1089 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında adının “Cahandar”dan “Cahandarağa”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, XİV-JQ seriyalı 316336 nömrəli ilkin doğum haqqında şəhadətnamədə adı "Cahandarağa", lakin Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1089 nömrəli doğum haqqında akt qeydində adı "Cahandar" kimi qeyd edilmişdir. Qax Rayon (Şəhər) Polis Şöbəsi tərəfindən xx.xx.2005-ci ildə təqdim etdiyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu ıl tarixli, XİV-JQ seriyalı 316336 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən ona 04745336 nömrəli ilkin şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə adı "Cahandarağa” kimi qeyd edilmişdir. xx.xx.2012-ci ildə Şəki rayon qeydiyyat şöbəsində nikaha daxıl olmuşdur və ona Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012- ci il tarixli, AZ-İ seriyalı 741742 nömrəli nikah haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə də adı "Cahandarağa" kimi qeyd edilmişdir. Nikahından üç övladı doğulmuşdur. Həmin övladlarının - X1, xx.xx.2013-ci il, X2 xx.xx.2014-cü il, X3 xx.xx.2017-ci il doğum tarixli doğum haqqında akt qeydlərinin ata qrafasında adı "Cahandarağa" kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün xx.xx.2023-cü il tarixdə Şəki regional "ASAN xidmət" mərkəzinə müraciət etmiş və bu zaman onun doğum haqqında akt qeydində adının "Cahandarağa" kimi yox "Cahandar" kimi qeyd edildiyini öyrənmiş və nikah haqqında akt qeydində adının "Cahandarağa” kimi qeyd edildiyinə görə ona AА5161556 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu hal gələcəkdə hər-hansı sənədləşmə işlərini - bağışlanma, vərəsəlik və s. aparacağı halda ciddi maneələr törədəcəkdir. Ona görə də doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır kı, doğum haqqında akt qeydində adı "Cahandarağa" kimi yox Cahandar kimi qeyd edilmiş və təqdim etdiyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilərək verilmiş ilkin doğum haqqında şəhadətnamədə adına əl ilə müdaxilə edilərək qaralama ilə düzəliş olduğu əsas gətirilmiş və bununla bağlı əsaslı sübutlar təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırmışdır: - aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 1089 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adı “Cahandar", lakin AA******* nömrəli şəxsiyyət vəsiqəsində və Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 53 nömrəli nikah haqqında akt qeydində adı “Cahandarağa" kimi yazılmışdır. Həmçinin ərizəyə əlavə edilən doğum haqqında ilkin şəhadətnamənin üzərində qaralama edilərək adına "Cahandarağa” kimi dəyişiklik edilmişdir. Bildiririk ki, doğum haqqında akt qeydi vətəndaşın ilkin sənədi olmaqla digər sənədlər ona uyğun tərtib edilməli, ona uyğun şəkildə sənədləşməlidir. Doğum haqqında akt qeydinə dəyişiklik edilməsi üçün əsas ola biləcək yeganə sənəd doğum haqqında şəhadətnamə olsa da, həmin sənəddə ad qrafasına qaralama edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk kı qanunvericiliyə uyğun olaraq vətəndaşın doğum haqqında akt qeydində adına "Cahandarağa kimi dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından dəyişiklik edilməsi mümkün olmamış və qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, AZ-İ № 741742 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, XİV-ЖГ № 316336 nömrəli doğum haqqında şəhadətnamə, AZ-İİİ № 277825-li doğum haqqında şəhadətnamə, AZ-İİİ № 057840-li doğum haqqında şəhadətnamə, AZ-İİİ № 935485-li doğum haqqında şəhadətnamə, Şəki rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkası, Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartası, Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1089 nömrəli doğum haqqında akt qeydində adı “Cahandar” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsində, AZ-İ № 741742 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə, iddiaçının övladlarının doğum haqqında şəhadətnamələrində (AZ-İİİ № 277825-li, AZ-İİİ № 057840-li, AZ-İİİ № 935485-li), o cümlədən iş materiallarında olan Şəki rayon Polis Şöbəsinin xx.xx.2024-il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasında, SHXÇÜDX-nin Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən tərtib edilmiş qeydiyyat kartasında iddiaçının adı “Cahandarağa” olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. XİV-ЖГ № 316336 nömrəli doğum haqqında ilkin şəhadətnamənin üzərində qaralama edilərək iddiaçının adının "Cahandarağa” kimi dəyişiklik edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd əsasında iddiaçı şəxsiyyət vəsiqəsi almış uzun illər ərzində müəyyən sənədlərdə və ictimai həyatında həmin ad altında fəaliyyət göstərmişdir. Bu dövr ərzində ona verilən şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi və digər rəsmi sənədlərdə adı "Cahandarağa" olaraq qeyd edilmişdir. Odur ki, doğum haqqında şəhadətnamədə qaralamanın olması əsası ilə akt qeydində düzəlişdən imtina - sadalanan bütün sənədlərin yenidən dəyişdirilməsi deməkdir ki, bu vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir. Məhkəmə həmçinin qeyd edir ki, XİV-ЖГ № 316336 nömrəli doğum haqqında ilkin şəhadətnamədə iddiaçının adı ilə bağlı yaranmış qaralama, iddiaçı tərəfindən aparılması icraat materialları ilə sübut olunmayan bir müdaxilədir. İddiaçının uzun illər ərzində istifadə etdiyi sənədlərdə adının "Cahandarağa" olaraq qeyd edilməsi, bu sənədlərin etibarlı və davamlı olduğunu göstərir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin X7 Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1089 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında iddiaçının adına “Cahandar”dan -“Cahandarağa”ya dəyişiklik edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.