Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2165/2023 08.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 27 fevral 2023-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Sorğu səkkiz sualdan ibarət olmaqla, mərhum həyat yoldaşı X2 2017-ci ilin iyun ayında, hərbi xidmət zamanı öldürülməsi ilə əlaqədardır. 1. Ruslan Ocaxverdiyev 2017-ci ildə öldürüldüyü vaxt hansı hərbi hissədə xidmət edirdi? 2. R.Ocaxverdiyevin xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazi, rayon “ön cəbhə”, “döyüş bölgəsi” hesab edilirmi? 3. R.Ocaxverdiyev öldürüldüyü vaxt onun xidmət etdiyi hərbi hissənin konkret olaraq hərbi vəzifələri nədən ibarət olub? 4. R.Ocaxverdiyev öldürüldüyü vaxt onun şəxsi hərbi vəzifələri, yəni yerinə yetirməli olduğu hərbi tapşırıqlar nə olub? 5. R.Ocaxverdiyev öldürüldüyü vaxt onun xidmət etdiyi hərbi hissə “döyüş tapşırığı”, yoxsa “döyüş təminatı tapşırığı” yerinə yetirirdi? 6. R.Ocaxverdiyev öldürüldüyü vaxt onun xidmət etdiyi hərbi hissə konkret olaraq hansı “döyüş təminatı tapşırıqları”nı yerinə yetirirdi? 7. R.Ocaxverdiyev öldürüldüyü vaxt onun şəxsən özünün “döyüş təminatı tapşırıqları” nədən ibarət olub? 8. R.Ocaxverdiyevin ölüm səbəbi nə olub və o, hansı hərbi vəzifələrini yerinə yetirdiyi vaxt öldürülüb? İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun sorğusu bu günə qədər, heç bir şəkildə cavablandırılmayıb. Ona görə də iddiaçı lazım olan cavabları müvafiq qurumdan almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2165/2023 nömrəli sərəncamı cavabdehə ünvanlanaraq, iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat materialları, iddiaçının ilkin müraciətinin təsdiq olunmuş surəti və iddiaçının müraciətinə baxılmasına dair toplanmış sənədlərin təsdiq olunmuş surətlərinin, iddaçı tərəfindən sorğulanan məlumatların “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən dövlət sirri təşkil edən məlumatlara (hərbi və sair sahədə) aid olub-olmaması barədə arayışın, həmçinin cavabdeh tərəfindən iddiaçının sorğu etdiyi suallar üzrə dövlət sirri təşkil etməyən məlumat və sənədlərin Məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3527/23 nömrəli məktubu ilə zəruri sənədlər məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 051 saylı Hərbi Hissəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2432 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığı sorğuya cavab olaraq məlumat verilir ki, onun həyat yoldaşı:
1. X1 2017-ci ilin iyun ayında N nömrəli hərbi hissədə xidmət edirdi.
2. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə düşmən qüvvələri ilə birbaşa təmas vəziyyətdə olmaqla döyüş tapşırığı yerinə yetirən birləşmə kimi qeyd edilmişdir.
3. X1 N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini olaraq sülh dövründə taqımda daxili qayda-qanuna və hərbi intizama riayət olunmasını, şəxsi heyətin düzgün xidmət etməsini, hər bir əsgər və çavuşun zahiri görkəminin səliqəli olmasını təmin etmək vəzifələrini icra edirdi. Müharibə dövründə isə bölmələrin döyüşdə fəaliyyət üsullarını, müxtəlif şəraitlərdə güc və vasitələrin döyüşə tətbiqini, taqımın, bölüyün döyüş tapşırığını, taqım komandirinin niyyət və qərarını bilməli, taqım komandirinin əmr və sərəncamlarının şəxsi heyət tərəfindən yerinə yetirilməsini yoxlamalı, döyüş meydanındakı şəraiti bilməli, taqım komandiri tərəfindən vəzifələrinin icra edilməsi mümkün olmadıqda, döyüşdə taqımı bacarıqla idarə etməli və alınmış tapşırığın yerinə yetirilməsini inadla həyata keçirməli, təmas xəttində düşmən tərəfindən hər hansı bir təxribat törədilərsə ehtiyat bölmə olaraq təxribatın qarşısının alınması tapşırığını yerinə yetirməlidir.
4. X1 motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət edib. Taqım komandirinin müavini olaraq döyüş tapşırığı yerinə yetirən taqımın ştatında olub, taqım tərkibində döyüş tapşırıqları yerinə yetirib.
5. X1 taqım komandirinin müavini olaraq taqımı daim döyüşə hazır vəziyyətdə saxlamaq və taqımın ştatında mövcud olan qüvvə və vasitələrlə ona tapşırılmış döyüş mövqeyini tutmaq və döyüş tapşırığı yerinə yetirmək. 6-7. X1 taqım komandirinin müavini olaraq döyüş təminatı tapşırıqlarının yerinə yetirməyib.
8. X1 taqım komandirinin müavini vəzifəsində xidməti zamanı xx.xx.2017-ci il tarixdə Ağdam rayonu Paşabəyli kəndində mədənin selikli qişasının cırılması nəticəsində mədə qanaxması, qarının və döş qəfəsinin küt travmasından vəfat etmişdir. Ölüm səbəbi məlum olmadığı üçün aidiyyəti üzrə müraciət etməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli 2432 nömrəli məktubunun surəti təqdim edilmiş, iddiaçı izahatında yeddi sualın cavabı ilə razılaşdığını, lakin ölümün səbəbi ilə bağlı verilmiş cavabın məzmununun onu qane etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu, iddiaçının müraciətində göstərilən suallar cavablandırıldığı və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş, müvafiq tədbirlər görmüş və verilmiş sualları cavablandırmışdır. İddia tələbi məhz iddiaçının xx.xx.2023-cü il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğundan, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məntiqi sonluq olaraq mübahisə artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Fərid İsmayılzadə.