Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2168/2023 16.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkilnin iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2168/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006 cı il tarixli 26\5 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi ücun iddiaçıya Vərəm Dispanserin arxasında 500 kvm torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında o, Bələdiyyəyə Torpağa alğı-satqı ilə bağlı 300 manat pulu ödəmişdir. Ama ona torpaq alğı-satqısı ilə bağlı xx.xx.2012-ci il tarixli akt tərtib edilmişdir. Mingəçevir İcra Hakimiyyətinin Memarlıq şöbəsinin 02 aprel 32 saylı Tikinti Quraşdırma işlərinə başlamasına razılıq icazəsi ilə bir il ərzində həmin ayrılmış torpaq sahəsində ev tikmə müddəti müəyyən edilmişdir. O, həmin müddətdə torpaq sahəsində Fərdi yaşayış evi tikərək həmin evə köçüb yaşayır. Həmin torpağın və evin DƏDR-də qeydiyyata alınması ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş. Cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh Məhkəməyə təqdim etdiyi imtina məktubunda qeyd etmişdir ki, 0.05 ha torpaq sahəsinin ayrılmasına dair Mingəçevir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 26/5 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçı arasında tərtib olunmuş “torpaq sahəsinin alqı-satqısına dair” ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Torpaqların alqı-satqısına dair aktın xx.xx.2007-ci il tarixindən sonrakı müddətdə qeydiyyata alınması ilə bağlı bildiririk ki, 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Yuxarıda qeyd səbəblərdən Mingəçevir Bələdiyyəsi tərəfindən ayrılmış 0.05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün deyildir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən Mingəçevir Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə iclasında baxılmış və ona Mingəçevir Bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərar qəbul edilmişdir.
2. 27.09.2006-cı il tarixli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsi almaq üçün 300 manat ödəniş etmişdir.
3. Mingəçevir Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 667 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26 saylı protokolunda İddiaçı adı qeyd edilməmişdir.
4. Mingəçevir Bəldiyyəsinin 31 avqust 2006-cı il tarixli 26 saylı protokolunun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 0,05 ha torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarı ilə kənd ərazisində 0,05 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarının arxiv nüsxəsinin əldə olunması üçün araşdırılma aparılmışdır. Dövlət arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən sözügedən qərarın surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qərar nəzərdən keçirilmiş, qərarda İddiaçı adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. "Bələdiyyə statusu haqqında haqqında" Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasəm b ələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin qərarda iddiaçının adı olmamış, qərara əsasən ona torpaq satılmadığı müəyyən olunmuşdur.İddiaçı tərəfindən təqdim edilmiş Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı özlüyündə etibarsız inzibati aktdır.Belə ki,qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin,yəni kollegial orqanın qərarı ilə deyil,bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi qərar əsasında iddiaçıya ayrılmışdır. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın ziddiyyətli olması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə