Məhkəmə qərarları › İş №2-1(116)-2173/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2173/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2173/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 92 nömrəli evin iki otaqlı 2 nömrəli mənzilinin onun adına özəlləşdirilməsi, yəni həmin mənzilə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 92 nömrəli evin iki otaqlı 2 nömrəli mənzilinin onun adına özəlləşdirilməsi, yəni həmin mənzilə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 92 nömrəli evin iki otaqlı 2 nömrəli mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən mənzilin Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli qərarı əsasında verilmiş 003161 nömrəli orderin xidməti yaşayış sahəsi üçün nəzərdə tutulmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 003161 №-li orderdən görünür ki, ailənin tərkibi X9, Bayramova Əfşan (həyat yoldaşı), Zöhrabzadə İnarə (qızı), Hicran (oğlu), Səbuhi (oğlu) qeyd edilməklə Mingəçevir şəhəri XDS-nin icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 387 nömrəli qərarı ilə Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzilinin 24 kv.m mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. Orderin yuxarı sol küncündə əl yazısı ilə “xidməti” qeydi icra edilmişdir. - Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsi 5 saylı MİS-nin xx.xx.2021-ci il tarixli 515 saylı arayışından görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzilinin 24 kv.m yaşayış sahəsi olan 2 otaqlı mənzili İcra Hakimiyyətinə məxsusdur və mənzildə iddiaçı və onun ailə üzvləri yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. - Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X2 ailə üzvləri aşağıdakı kimi qeyd edilmişdir: Arvadı: İddiaçı (xx.xx.1958), Oğlu: X4 (xx.xx.1992), Qızı : X7 (xx.xx.1983), Oğlu: X8 (xx.xx.1984). - X7, X8 və X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notarila qaydada təsdiq edilmiş xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ərizələrindən görünür ki, adları qeyd edilən şəxslər Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzilinin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razı olduqlarını bildirmişlər. - Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli 1805 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin balansındadır. Həmin məktuba əlavə edilmiş, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin balansında olan xidməti mənzillərin siyahısında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzili qeyd edilməmişdir. - İİİ-ЖГ 27204N №-li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. - AZ-İİ 143762 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. - X6 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan SSR Mənzil Məcəlləsinin 103-cü maddəsinə müvafiq olaraq, Mingəçevir şəhər N №-li hərbi hissəsində mənzil şəraitini yaxşılaşdırmaq üçün uçota götürülmüş vətəndaşlara mənzil sahəsinin verilməsi haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.1993-cü il tarixli 387 №-li sərəncamına əsasən Mingəçevir şəhər N №-li hərbi hissənin mənzil komissiyasının xx.xx.1993-cü il tarixli 1№-li protokolu təsdiq edilmişdir. Sərəncamından məzmununda qeyd edilmişdir ki, Mingəçevir şəhər N №-li hərbi hissənin mənzil komissiyasının xx.xx.1993-cü il tarixli 1 №-li Protokoluna əsasən və xx.xx.1993-cü il tarixli 4 №-li məktubu ilə əlaqədar, mənzil sahəsinin verilməsini təklif edirlər.

8. X9-1992-ci ilin iyul ayından hərbi hissənin N №-li yataqxanasında pasport qeydiyyatındadır və 5 nəfər ailə tərkibi ilə /Özü, h/yoldaşı və 3 uşağı/ yaşayır. X9- hərbi hissədə hərbiçi işləyir. X5 5 nəfər ailə tərkibi ilə /Özü, h/yoldaşı və 3 uşağı/ Hacbəyov küçəsindəki 92 №-li evin, yaşayış sahəsi 24,00 kv.metr olan, 2 otaqlı,2 №-li mənzili təklif olunub.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 003161 №-li orderdə adları olan şəxslərdən X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X7, X8 və X4 isə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. Qanunverici, mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarətdir ki, sözügedən mənzil xidməti mənzildir və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, sözügedən mənzilin xidməti mənzil olması işdə mövcud olan hər hansı sənədlə müəyyən edilmir və cavabdeh orqan tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İşdə olan 003161 №-li orderdə və həmin orderin verilməsinə əsas olmuş “Azərbaycan SSR Mənzil Məcəlləsinin 103-cü maddəsinə müvafiq olaraq, Mingəçevir şəhər N №-li hərbi hissəsində mənzil şəraitini yaxşılaşdırmaq üçün uçota götürülmüş vətəndaşlara mənzil sahəsinin verilməsi haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.1993cü il tarixli 387 №-li sərəncamında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzilinin mərhum Rafiq Cabbarova xidməti mənzil olaraq verilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Həmin mənzillə bağlı “xidməti” qeydi 003161 №-li orderin yuxarı sol küncünə əlyazma ilə qeyd edilsə də, nəzərə alınmalıdır ki, həmin qeydin mötəbərliyi işdə olan sübutlarla təsdiq olunmur. Mənzilin “xidməti mənzil” olaraq ayrılması işdə olan sənədlərin (order, sərəncam) məzmunundan da aşkar görünməlidir. Odur ki, məhkəmə hesab edir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin balansında olduğundan və sonuncunun balansında olan xidməti mənzillərin siyahısında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 92 №-li evin 2 №-li mənzili qeyd edilmədiyindən, 003161 №-li orderinin üzərində əlyazma ilə icra edilmiş “xidməti” qeydinə istinad etməklə həmin mənzilin xidməti mənzil kimi qiymətləndirməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “ARMFÖH” ARQ-nin 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 92 nömrəli evin iki otaqlı 2 nömrəli mənzilinin İddiaçı adına özəlləşdirilməsi, yəni həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar