Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2176/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.1998-ci ildə verilmiş Dövlət Aktına uyğun torpaq sahələrinin real vəziyyətə uyğun torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməsi və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin özbaşınalıqla zəbt olunduğunu, kobud və pis rəftara məruz qaldığını, mülkiyyət hüquqlarının kobudcasına pozulduğunu, xüsusi mülkiyyətində olan zəbt edilmiş 2,13 ha və 3,69 ha, cəmi 5,82 ha torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən Torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılaraq guya 4,57 ha və 2,05 ha göstərildiyini, ona külli miqdarda ziyan vurulduğunu nəzərə alaraq, cavabdehin əlverişsiz hərəkətləri etməməsinin, dayandırmasının, baza məlumatlarına əsasən ona xx.xx.1998-ci ildə 26 il əvvəl onlara verilmiş Dövlət Aktına uyğun əvvəlki faktiki real vəziyyətinə qaytarılmasının, Qanunun Aliliyi təmin edilməyəcəyi təqdirdə Cavabdeh MMCdən ona vurulmuş maddi-mənəvi ziyanın əvəzində 650.000 (altı yüz əlli min) manat məbləğində kompensasiya pulunun alınıb ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilərək Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsi rabitəsiz və qeyri-müəyyən cümlələrlə ifadə olunduğundan iddiaçının nail olmaq istədiyi hüquqi nəticə aydın deyil. Lakin, iddiaçının nümayəndəsinin izahatından bəlii olur ki, iddia tələbinin irəli sürülməsində məqsəd JN-0049 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 5.82 ha torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinin tanıdılmasından ibarətdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində DƏDKR-in vəzifələri və hüquqları təsbit edilmişdir. Sözügedən Nizamnaməyə uyğun olaraq: - dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək (3.1.2); - hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (3.1.4)..., - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (3.1.16)..., - Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək (3.1.20), - hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək (3.1.21)..., - kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək (3.1.23), - kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək (3.1.24), - dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq (3.1.25)..., - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək (3.1.29)..., - mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq (3.1.36)..., - və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (3.1.58) cavabdeh orqanın vəzifələri olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçı, JN-0049 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 5.82 ha torpaq sahəsi ilə bağlı tələbi hazırkı cavabdehə yox, DƏDKR PHŞnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürməlidir. Bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən iddia tələbinə cavab verməli olan cavabdeh orqanın imtina etməsi və ya müraciəti cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Həmçinin izah edilmişdir ki, təqdim edilmiş etibarnamələrdən yalnız, İddiaçı2 təmsil olunması ilə bağlı etibarnamə iş üzrə təmsilçilik səlahiyyəti yaradır. Digər şəxslərə münasibətdə təqdim edilmiş etibarnamələrin heç bir hüquqi qüvvəsi yoxdur. Odur ki, X1 digər şəxlərin adından iddia ərizəsini imzalamaq səlahiyyəti yoxdur. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM 19-cu maddəsinin “Qeyd” hissəsində yaxın qohumların dairəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir: - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr Prossesual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında izahat verərək bildirdi ki, etibarnamə ilə bağlı nöqsana yol verməmişdir. Belə ki, yaxın qohumu sayılmayan digər şəxslərin adından ona verilmiş etibarnamələr qanunvericlikdə müvafiq dəyişiklik edilənədək verildiyindən həmin etibarnamələr hüquqi qüvvəsini saxlayır. Odur ki, onun həmin şəxslərin adından da iddia ərizəsini imzalamaq səlahiyyəti var. Sözügedən tələbləri o, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı da irəli sürmüş, lakin müraciəti təmin edilməmişdir. İmtina məktubunu təqdim etmək üçün məhkəmədən vaxt verilməsini xahiş edir. Məhkəmə tərəfindən iddiaçıya 3 gün müddət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək tələbin konkret və aydın ifadə edilməsi, cavabdeh orqanın dəqiqləşdirilməsi və düzgün cavabdeh orqan tərəfindən verilmiş imtina cavabının (o cümlədən müraciətin cavabsız saxlanması barədə sübutu) təqdim edilməsi təklif edilmiş, həmçinin İddiaçı2 başqa digər iddiaçılara münasibətdə iddia ərizəsinin iddiaçılar tərəfindən imzalanmasının zəruriliyi bildirilmişdir. Buna baxmayaraq, iddiaçı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş və yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı2 və digərlərinin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.1998-ci ildə verilmiş Dövlət Aktına uyğun torpaq sahələrinin real vəziyyətə uyğun torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməsi və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.