Məhkəmə qərarları › İş №2-1(116)-2184/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2184/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2184/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı şikayət ərizəsinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə şikayət ərizəsi daxil olmuşdur. Şikayət ərizəsində qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün aprel 1993-cü ildə Mingəçevir şəhər Fabrik-Mətbəxt iaşə müəssisəsinin həyətində yerləşən tikintini almışdır. Həmin tikintidə gips və gips məhsulları istehsalı ilə fəaliyyət göstərir. Aldığı obyektin torpaq sahəsini özəlləşdirmək üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən ona deyilmişdir ki, obyektin torpaq sahəsini özəlləşdirilməsi onların səlahiyyətində deyil. Bu haqda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etməlidir. Bu haqda o, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmiş və ona bildirilmişdir ki, yaşadığı yerin İcra Hakimiyyətinə müraciət etməlidir. Göstərilənlər nəzərə alınaraq torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, təqdim edilən ərizə İPM-nin 46.1-ci maddəsinin tələblərinə uyğun deyil. İPM-nin 45-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; 46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; 46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; 46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəməyə iddia ərizəsi təqdim edilməli və aşağıda qeyd edilmiş nöqsanlar aradan qaldırılmalısınız:

1. İddia verilən məhkəmənin adı ( Şəki İnzibati Məhkəməsi);

2. İddiaçı olaraq özünü və ünvanını qeyd etməlidir (iddiaçı: İddiaçı, ünvan- ünvan 2indən imtina edən (və ya müraciətinizi cavabsız saxlayan) inzibati orqanın adı qeyd edilməlidir.

4. İddia ərizəsinin “xahiş edirəm” hissəsində müraciətin təmin edilməsindən imtina edən (və ya müraciətinizi cavabsız saxlayan) inzibati orqandan olan tələbi aydın və konkret şəkildə ifadə olunmalıdır.

5. əgər tələbi ünvan 3 ünvanında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlıdırsa, qeydiyyata alınması tələb edilən hüquq aydın qeyd edilməlidir.

6. Bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Odur ki, müraciətin təmin edilməsindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə sənəd əlavə olunmalıdır. Yuxarıda qeyd olunan, nöqsanların aradan qaldırıldığı, İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğun tərtib edilən və tərəfinizdən imzalanan iddia ərizəsinin Şəki İnzibati Məhkəməsinə təqdim edilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə telefon əlaqəsi saxlanılmış, iddia ərizəsinin İPMnin normalarına uyğun ətrtib edilməli olması bir daha izah edilmiş, iddiaçı, iddia ərizəsini yenidən yazıb göndərəcəyini bildirmiş, lakin ötən müddət ərzində məktubda qeyd edilənlərə münasibət bildirməmiş və nöqsanları aradan qaldırmamışdır. Şikayət ərizəsinin məzmunundan onun konkret hansı inzibati orqana qarşı iddia qaldırması və tələbinin nədən ibarət olması başa düşülməsə də, ərizənin məzmunundan belə hiss olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini özəlləşdirmək istiyir. Sənədləşdirmək istədiyi torpaq sahəsi Mingəçevir şəhəri yaxınlığında yerləşirsə bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməli və həmin torpaq sahəsinin onun istifadəsinə verilməsinin hüquqi əsasını təşkil edən müvafiq sənədləri təqdim etməlidir. Cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etdikdə və ya müraciəti cavabsız saxladıqda isə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət ərizəsi mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının şikayət ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı şikayət ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar