Məhkəmə qərarları › İş №2-1(116)-2184/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2184/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2184/2025 14.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən xx xxxxxx 1964-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1985-ci ildə keçmiş “Qutqaşen” kolxozuna üzv olmaqla başlamışdır. O, xx.xx.1990-cı ildə “Qutqaşen” kolxozuna üzvlükdən azad edilmiş, xx.xx.1991-ci il tarixində Qəbələ “Perestroyka” tikinti kooperativinə (Qəbələ 1№-li Yol tikinti-təmir kiçik müəssisəsi) fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü ildə Qəbələ 1№-li Yol tikinti-təmir kiçik müəssisəsindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixində 45 saylı Yol Tikinti İdarəsinə İV dərəcəli operator köməkçisi işinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixində 45 saylı Yol Tikinti İdarəsindən işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixində "xxxx" DŞ-nin xx.xx.2000-ci il 04 saylı əmrinə və "xxxx" DŞ-nin 29 fevral 2000-ci il tarixli 88 saylı əmrinə əsasən struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış 10 saylı Yol İstismar İdarəsinə V dərəcəli operator (asfalt beton bişirən) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 1638 nömrəli Fərmanınına uyğun olaraq "xxxx"ASC ləğv edildiyi üçün köçürmə yolu ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə operator vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda da həmin müəssisədə işləyir. Cavabdeh orqana hazırkı tələbə dair ərizə ilə müraciət etmiş, sonuncusu isə imtina cavabı vermişdir və hazırki mübahisə yaranmışdır. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2024-cü ildə çatmışdır. Beləliklə iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir:  Azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli;  azı 12 il 06 ay güzəştli iş stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) fəhlələr bəndində (a) asfalt və beton bişirənlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi’nin “10N°li Yol istismarı" MMC-nin iddiaçıya dair 07.11,2024-cü il tarixli 11-1/2-xx-xx/2024 nömrəli arayışında xx.xx.1994-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator köməkçisi, 01,03.2000-ci il tarixdən bugünədək isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifəsinə uyğun deyildir. Buna görə də, iddiaçının güzəştli iş stajı mövcud deyil. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı M,Şərifovun güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. İddiaçıya məxsus ******* seriya nömrəli əmək kitabçası;

3. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti,

4. АЗ 630103 nömrəli doğum haqqında şəhadətnamənin surəti;

5. "xxxx" MMC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli arayışları;

6. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı;

7. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını ümumiyyətlə qəbul etməmişdir. İş materiallarından görünür ki,iddiaçı xx.xx.1994-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 45 saylı Yol-tikinti idarəsində operator köməkçisi, 01,03.2000-ci il tarixdən bugünədək isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 1638 nömrəli Fərmanınına uyğun olaraq iddiaçının işlədiyi "xxxx"ASC ləğv edildiyi üçün köçürmə yolu ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə işə qəbul edilmişdir. Cavabdeh orqan yuxarıda adıçəkilən dövrlərdən iddiaçının fəaliyyət göstərdiyi dövrləri güzəştli iş strajı kimi qəbul etmir. Cavabdeh orqan iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifələrinə uyğun olmaması ilə əsaslandırır. Lakin məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, iddiaçının əmək kitabçasından da görünür ki, iddiaçı xx.xx.1994-xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində 45 saylı Yol-tikinti idarəsində operator köməkçisi, 01,03.2000-ci il tarixdən bugünədək isə operator vəzifəsində çalışmışdır. Müəssisənin xx.xx.2024-cü il tarixli arayışı ilə iddiaçının həmin vəzifələrdə güzəştli şərtlərlə çalışdığı təsdiq edilmiş və həmin peşələrin müvafiq Siyahıda (29-cu bölmədə) nəzərdə tutulduğuna istinad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan bildirmişdir ki, Vətəndaş İddiaçı xx.xx.2000-ci il tarixdən fasiləsiz olaraq cəmiyyətə məxsus Asfalt-beton zavodunda operator (asfalt-beton bişirən) vəzifəsində işləmişdir. Vətəndaş bu dövrlər ərzində ödənişsiz məzuniyyətdən istifadə etməmişdir. "Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən asfalt və beton bişirənlər" vəzifəsi ilə işlədiyi operator vəzifə funksiyasının arasında heç bir fərq yoxdur. Asfalt-beton zavodu xx.xx.2000-ci il tarixədək 45 saylı Yol Tikinti İdarəsinə məxsus olmuş və vətəndaş İddiaçı K. həmin zavodda operator köməkçisi vəzifəsində işləyərkən də eyni vəzifə funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “asfalt və beton bişirənlər” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının cəmi 12 il 6 aydan artıq güzəştli stajı, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X2 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğiildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar