Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2186/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Ehtiyata buraxılmasına dair (xidməti uyğunsuzluq barədə) 3-13-14-10/Ə535/2023 nizami hissə üzrə əmrin ləğv edilərək, “öz arzusu ilə” ehtiyata buraxılması barədə müvafiq akt çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyata buraxılmasına dair (xidməti uyğunsuzluq barədə) 3-13-14-10/Ə535/2023 nizami hissə üzrə əmrin ləğv edilərək, “öz arzusu ilə” ehtiyata buraxılması barədə müvafiq akt çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.2001-ci ildən, xx.xx.2003-cü il tarixədək müddətli hərbi xidmətdə olmaqla AR Daxili Qoşunlarının N saylı hərbi hissəsinin təminat taqımının hamam-camaşırxana rəisi vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək xidmət keçmiş, daha sonra müxtəlif vəzifələrdə xidmətini davam etdirmişdir. Sonuncu dəfə AR Daxili Qoşunlarının N saylı hərbi hissəsinin post- patrul xidmətinin bölmə komandiri vəsifəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xidmət keçmişdir. Xidməti illəri qüsursuz olmuşdur. Göstərilənləri nəzərə alan komandanlıq ona xx.xx.2023-cü il tarixdə 680 saylı 20 il qüsursuz xidmətə görə birinci dərəcəli medal vermişdir. Yaş məhdudiyyəti və pensiya dövrünün çatması ilə əlaqədar pensiyaya çıxmaq üçün müvafiq qaydada rəhbərliyə müraciət etmişdir.İddiaçı pensiyaya çıxmaq üçün könüllü olaraq tərəfindən raport yazılmışdır. Bundan sonra o, AR Daxili İşlər Nazirliyi X1 xidməti uyğunsuzluq barədə 3-13-14-10/Ə535/2023 nizami hissə üzrə Əmri ilə ehtiyata buraxılmışdır. Xidmətini başa vurmaq fikrinə və pensiyaya çıxmaq istəyinə rəğmən pensiyaya çıxdıqdan sonra onun könüllü olaraq raport yazmağı nəzərə alınmayaraq xidməti uyğunsuzluqla çıxarılmağı, hesab edir ki, ədalətsizlikdir. Qeyd edilməlidir ki, xidməti uyğunsuzluqla pensiyaya çıxarılmağı ona təzə məlum olmuşdur. Belə ki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsində olan iş qovluğuna baxarkən barəsində verilmiş xasiyyətnamədə göstərilir ki, “2023-cü ilədək xidməti ərzində qüsursuz xidmət keçdiyinə baxmayaraq son zamanlar komandir və böyük rəislərə ehtiyata buraxılmaq arzusunu bildirmiş və müvafiq raportla müraciət etmişdir” Daha sonra xasiyyətnamədə 2023-cü ildə keçirilən ümümi yoxlamasının qeyri-kafi qiymətlə başa vurduğu əsas göstərilir. Sonuncu olaraq xidməti yoxlama zamanı qeyri-kafi qiymətləndirmənin olduğuna görə tutduğu vəzifəyə uyğun gəlməməyi və mənfi xarakterizə edilməyi ilə bağlı barəsində rəy verilmişdir ki, bu da böyük ədalətsizlikdir. Məhkəmənin nəzərinə çatdırılır ki, özü tərəfindən raport yazmağı və zabit olmağı nəzərə alınaraq Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) əsasən ehtiyata buraxılmalı olduğu halda, barəsində 156-cı maddəsinin “e” bəndi tətbiq edilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı qeyd olunmuşdur ki, bu da onun sonrakı iş həyatını zabit olaraq məhv edir və 20 il qüsursuz xidmətlərinə görə təltif olunmuş bir kadrı çıxdaş edir. Faktiki olaraq hərbi biletinə xidməti uyğunsuzluq damğasının vurulmağı çox məyusedicidir və medal almış kadr zabitə yaraşmır. Aydın məsələdir ki, göstərilən hərbi biletlə mən heç bir təhsil müəssisəsində hərbi müəllim vəzifəsində işləyə bilmir. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı ərizəsində Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması barədə raportla müraciət etməsi və barəsində 156-cı maddənin “e” bəndi tətbiq edilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını bildirsə də, onun tərəfindən komanda üzrə yazılmış xx.xx.2023-cü il tarixli 3-13-14-10/1-3232/202N nömrəli raportdan məlum olur ki, üzərinə götürdüyü öhdəlik və nizamnamələrin tələblərinə tam riayət etməkdə çətinlik çəkdiyinə, eləcə də xidməti vəzifə borclarının öhdəsindən layiqincə gələ bilmədiyinə görə hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin “e” bəndi ilə tərxis edildikdə gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatlı olduğunu bildirmişdir. Kapitan İddiaçı komanda üzrə yazdığı xx.xx.2023-cü il tarixli 3-13-14-10/1- 3232/202N nömrəli raporta əsasən hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13- 14-10/Ə379/2023 №-li əmrinə əsasən o, kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun xx.xx.2023-cü il tarixli 3- 13-14-10/1-3232/202N nömrəli raportu nəzərə alınaraq həqiqi hərbi xidmətdən ehtiyyta buraxılması barədə hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Ehtiyata buraxılma ilə əlaqədar onunla aparılmış birinci və ikinci söhbətlər zamanı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına köməklik göstərilməsini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə tanış olduğunu, şərəf məhkəməsinin qərarı ilə razı olduğunu bildirmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən N saylı hərbi hissə komandirinin vəsatəti ilə daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 115 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-10/Ə535/202N nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün SHXÇDX-nin Qəbələ rayon şöbəsinə göndərilmiş, qeydiyyata alınması üçün ona xx.xx.2023-cü il tarixli 1080 nömrəli göndəriş vərəqi verilmişdir. Qeyd olunanlardan məlum olur ki, İddiaçı öz şəxsi raporuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin j) bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin j) bəndi yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər ehtiyata buraxıla bilər. Həmçinin, toplanılmış materiallardan məlum olur ki, iddiaçı onun barəsində daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 115 nömrəli şəxsi heyət üzrə əmri və N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14- 10/Ə535/202N nömrəli əmri barədə məlumatlandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavadeh orqanın nümayəndəsi məhkəmə iclasında müvafiq izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu
2. İddiaçının ordu sıralarından xidməti uyğunsuzluqla ehtiyata buraxılmasına dair xx.xx.2023-cü il tarixli 12318 nömrəli Əmrdən çıxarış.
3. 08.06.2023-cü il tarixli Xidməti Xasiyyətnamə;
4. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 32 nömrəli Arxiv arayışı və ona əlavə edilmiş sənədlər;
5. İddiaçıya məxsus EZ ******* seriya nömrəli hərbi biletin surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı barəsində verilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair xx.xx.2023-cü il tarixli 12318 nömrəli Əmrin “öz arzusu ilə” ehtiyata buraxılması kimi dəyişdirilməsindən ibarətdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixli 12318 nömrəli Əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. İddiaçı iddia ərizəsində mübahisələndirilən əmrin ona yeni məlum olduğunu qeyd etsə də, aradan keçən təxmini 1 il yarım vaxt ərzində bundan xəbərsiz olması müəyyən edilmir. Belə ki iş materiallarından görünür ki, iddiaçı hərbi qeydiyyata alınması üçün SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinə göndərilmiş və qeydiyyata alınması üçün ona xx.xx.2023-cü il tarixli 1080 nömrəli göndəriş vərəqi verilmişdir. Həmçinin,iddiaçının mübahisələndirdiyi hala dair xüsusatlar inzibati icraatın gedişində də ona məlum olmuşdur.Belə ki,iş materiallarına əlavə olunan 08 iyun 2023-cü il tarixli “Söhbət vərəqəsi”ndə xidmətə uyğunsuzluğa görə tərxis olunmasına dair Şərəf məhkəməsinin qərarından xəbərdar və razı olduğunu iddiaçı təsdiqləmişdir.Bütün icraat materiallarının nəticə olaraq qəbul edilmiş mübahisələndirilən (dəyişdirilməsi iddia olunan) Qərar iddiaçıya təqdim edilmişdir.İddiaçıya məxsus EZ ******* seriya nömrəli hərbi biletin 14-cü səhifəsindən görünür ki,o sözügedən əmrdən hərbi bileti əldə edərkən də məlumatlı olmuşdur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Ehtiyata buraxılmasına dair (xidməti uyğunsuzluq barədə) 3-13-14-10/Ə535/2023 nizami hissə üzrə əmrin ləğv edilərək, “öz arzusu ilə” ehtiyata buraxılması barədə müvafiq akt çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə