Məhkəmə qərarları › İş №2-1(116)-219/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-219/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-219/2022 27.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 saylı qərar ləğv edilməklə pensiyasının azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 saylı qərara əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 3544,61 manat pulun iddiaçıya ödənilən aylıq pensiya məbləğindən hissə hissə tutulması qərara alınmışdır. İddiaçı cavabdehin bu qərarını əsassız hesab etdiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, ərizəçinin Fondun 15 saylı regional ərazi filialına daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixədək təhsil aldığı müddət nəzərə alınmaqla 12 il 5 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 327,84 manat pensiya kapitalına əsasən əmək pensiyası xx.xx.2019-cu il tarixdən 127,19 manat məbləğində yenidən hesablanmışdır. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 259,78 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ərizəçinin əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı ona xx.xx.2017-ci il tarixdən pensiya hüququnun olmadığı halda yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur. Nəticədə əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. Araşdırma zamanı ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququnun olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********7 saylı qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 3544,61 manat artıq ödənilmiş vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmuşdur. İddiaçı əmək kitabçası olmadan təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şəki filialının xx.xx.2016-cı il tarixli, 1703 nömrəli arxiv arayışında qeyd olunan 1976-1981-ci və 1989-1996-cı illərdə (9 il 5 ay) Şəki rayon Baş Göynük kənd Qafqaz kolxozunda işlədiyi dövrlər, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 6 gün) olan hərbi xidmət dövrü və Fondun xx.xx.2017-ci il tarixli № 80/04 nömrəli arayışına əsasən 2004-2005-ci il tarixlərində (1 il) olmaqla ödənilmiş sosial sığorta ayırmaları nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək 12 il 5 ay 6 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 212,44 manat pensiya kapitalına əsasən ona 141,79 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Bu səbəbdən İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyası dəyişdirilərək Qanunun 22-1.2.1-ci yarımbəndinə əsasən xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 127,19 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının (təhsil illəri nəzərə alınmaqla) yenidən hesablanmasına dair müraciətinə əsasən əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış 327,84 manat pensiya kapitalına uyğun olaraq Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********7 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən xx.xx.2017-ci il tarixdən yenidən hesablanmışdır. Yenidən hesablama zamanı müəyyən edilmişdir ki, İddiaçı pensiya hüququ olmadığı halda ona yaşa görə əmək pensiyası təyin edilməsi nəticəsində xx.xx.2017-ci il tarixədək xx.xx.2019-cu il tarixinədək 3490,23 manat məbləğində artıq əmək pensiyası ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021 -ci il tarixindən 259,78 manat müəyyən edilmişdir. İddiaçı pensiya məbləğindən xx.xx.2021-ci il tarixində 54,36 manat, iyul, avqust, sentyabr aylarında isə 51,33 manat məbləğində tutulma aparılaraq Fondun hesabına ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X3 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Cavabdeh etirazında qeyd edilənlərə əsasən bildirmişdir ki, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq “cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixində qəbul edilmiş, xx.xx.2021-ci il tarixli məktubla qərar barədə iddiaçıya məlumat göndərilmişdir. Cavabdeh tərəfindən qərarın iddiaçının qanunla müəyyən edilmiş müddəti buraxmaqla mübahisələndirməsinə və ya iddiaçının qərardan daha əvvəl məlumatlı olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı - ondan 3544,61 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın ləğvinə nail olmaqdan ibarətdir. Mahiyyətcə isə iddia əsaslıdır. İş materiallarında olan: Cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2017-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Şəki şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 117 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə müddətsiz pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərarından görünür ki, həmin qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilmiş 3544,61 manat artıq pensiya məbləğinin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsi qərar alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Cavabdeh iddia tələbinə etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın birbaşa fəaliyyətini tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunla ona əmək pensiyaçısının razılığı olmadan, müstəqil olaraq “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərar mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında”qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar