Məhkəmə qərarları › İş №2-1(116)-2195/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2195/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2195/2023 29.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kənd “Nəsimi” adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçıya və X5, X6, X2, X4, X7, X3 və X1 verilən əmlak payının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax rayonu İngiloy-Kötüklü kənd “Nəsimi” adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçıya və X5, X6, X2, X4, X7, X3 və X1 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının hüquqi marağı mübahisəli əmlakın özünə və digər şəxslərə aid paylarının birlikdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı mübahisəli əmlakın yuxarıda göstərilən şəxslərin əmlak payları ilə birlikdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə olduğu halda, iddiaçı ilk öncə digər bütün payçılarla birlikdə mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququnun qeydə alınmasını, daha sonra digər şəxslərin paylarının adına rəsmiləşdirilməsini tələb etməlidir. Yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Göstərilən məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət edilmədiyindən hazırkı iddia tələbi daxilində yuxarıda qeyd edilən şəkildə iddia tələbinin dəqiqləşdirilməsi də yolverilməzdir. Məhkəmənin yardım məktubunda qeyd olunanlara yazılı münasibət bildirilməsi üçün iddiaçıya müddət müəyyən edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu xx.xx.2023-cü ildə alınmışdır. Lakin ötən müddət ərzində məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hüquqi marağı mübahisəli əmlakın yuxarıda göstərilən şəxslərin əmlak payları ilə birlikdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İşin hallarının araşdırılması zamanı, xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun arxiv nüsxəsinə əsasən müəyyən edilmişdir ki, sözügedən əmlak (“mal damı”) 4 nömrəli püşklə 46 nəfərin arasında bölünməklə pay haqları müəyyən edilmişdir (həmin dövrə olan manat nominalı ilə). Bununla yanaşı müəyyən edilmişdir ki, pay haqlarının məbləği yığıncağın protokolunda göstərilsə də, əmlakın naturada bölgüsü aparılmamış, ayrı-ayrı şəxslərə məxsus əmlak paylarının naturada bölgüsü həyata keçirilməmişdir. İddiaçı cavabdehə ilkin müraciətində və iddia ərizəsində özünə düşən payla birlikdə digər 7 nəfərə məxsus payların da adına qeydə alınmasını tələb etsə də, ona və həmin şəxslərə münasibətdə əmlak payının hüdudları müəyyən deyildir. Bununla yanaşı həmin şəxslərin payının iddiaçının adına rəsmiləşdirilməsinə dair notariat qaydada təsdiq edilmiş razılıq ərizələri məhkəməyə təqdim edilsə də, həmin ərizələr mülkiyyət hüququnun keçməsinə əsas verən mülki hüquqi əqd hesab edilmədiyindən göstərilən ərizələrə əsasən həmin payların iddiaçının adına qeydiyyata alınması yolverilməzdir. Odur ki, iddiaçı ilk növbədə payların qəti müəyyən edilməsinə və mübahisəli əmlak üzərində payçıların paylı mülkiyyət hüququnun qeydə alınmasına nail olmalı, daha sonra mülki hüquqi əqdlər bağlamaqla, onun əsasında digər şəxslərin də paylarının özünün adına qeydə alınmasını tələb etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, qanunvericiliyin tələbləri izah olunaraq dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kənd “Nəsimi” adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçıya və X5, X6, X2, X4, X7, X3 və X1 verilən əmlak payının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar