Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2197/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 1989-1991-ci illərdə 2 il Rusiyanın Kazan şəhərində hərbi xidmətdə olmuşdur. 1991-ci ilin payızında yaşadığı Şəki rayonunun Böyük Dəhnə kəndinə qayıtmışdır. 1992-ci ilin mart ayında könüllü olaraq cəbhəyə getmiş və döyüşlərdə iştirak etmişdir. İddiaçı Ağdam rayonunun Novruzlu kəndində yerləşən N nömrəli hərbi hissənin 6-cı batalyonunda qulluq etmişdir. N nömrəli hərbi hissənin 6-cı batalyonunun 4-cü rotasının komandiri olmuş, N nömrəli hərbi hissənin komandiri Azərbaycanın Milli X1muşdur. Sırxavənd, Dəhraz, Naxçıvanik, Papravənd, 1-ci Tala, 2-ci Tala, 3-cü Tala uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin yayında yaralanmış. Ermənilər tərəfindən atılmış fosfor bombasının təsirindən bədənində yaralar əmələ gəlmişdir. Bundan sonra Ağdamın Zəngişalı-Mahrızlı kəndində hospitala yerləşdirilmişdir. Oradan iddiaçını helikopterlə Bakıya Papanin hospitalına aparmışlar. Həmin vaxt hospitaldan onun tərxis olunmağı üçün sənəd verilmiş və iddiaçı həmin sənəd əsasında hərbi xidmətdən tərxis olunmuşdur. Xəstəliyi ilə bağlı iddiaçı hər il yaz və payız aylarında müalicə olunur. Lakin sənədləri olmadığı üçün müharibə veteranı adının və vəsiqəsinin alınması üçün müraciət etsə də ala bilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya sında müraciətinə baxılmış və iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını, tarixlər qeyd edilməklə xidmət etdiyi hərbi hissələr və s. sənədlər) sənədlərin ətraflı formada ərizəsinə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya təqdim etdiyi təqdirdə komissiyanın iclasında müraciətinə baxılaraq barəsində müvafiq qərar qəbul oluna biləcəyi barədə 07 mart 2023-cü il tarixli 4/31871 nömrəli məktub ünvanlanmışdır. Hörmətli məhkəmə inzibati iş materiallarından görünür ki, inzibati orqan İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair müraciətinə imtina etməmiş, ona məktubda qeyd edilən sənədləri təqdim etdikdən sonra müraciətinə baxılabiləcəyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1691 nömrəli iddiaçıya ünvanlanan məktubundan görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 31 №-lı əmrilə (əsas: bənd-2, səh-54, sıra-22) xx.xx.1992-ci il tarixdən 3-cü rotaya daxil edilməklə hərbi xidmətə qəbul olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 44 №-li əmrində (əsas: sıra- 52) 2-ci batalyonun 5-ci rotasının şəxsi heyətinin siyahısında, atıcı vəzifəsində İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətində İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair müraciətinə imtina cavabı verilmədiyini, ona məktubda qeyd edilən sənədləri təqdim etdikdən sonra müraciətinə baxılacağının bildirildiyini qeyd edir. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi cavabdeh orqan iddiaçıdan tələb edilən sənədlərin faktiki olaraq Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivində olub-olmamasını araşdırmalı, yalnız ətraflı araşdırma aparıldıqdan sonra iddiaçının müraciətinə cavab verməli idi. Yuxarıda qeyd edildiyi kimi inzibati orqanın işin bütün hallarının araşdırılması vəzifəsi birbaşa Qanundan irəli gəlməsinə baxmayaraq o, iddiaçı ilə bağlı məlumatların araşdırılmasına heç bir təşəbbüs göstərməmiş, zəruri sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli formal məktub təqdim etmişdir. Odur ki, məhkəmə sözügedən məktubu cavabdeh orqanın imtina cavabı kimi qiymətləndirərək iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı, 1992-ci ilin yayında döyüş əməliyyatları zamanı fosfor bombasından yaralandığını, 1 həftə müalicə aldığını, müalicədən sonra N saylı hərbi hissəyə qayıtdığını, hərbi hissə komandirinin isə onu evə buraxdığını, 1993-cü ildən Rusiya federasiyasına getdiyini, ümumilikdə hərbi xidmətinin 3 ay olduğunu bildirmişdir. Göründüyü kimi faktiki olaraq iddiaçı özü də, 1992-ci ilin yay aylarından sonra hərbi xidmətinin olmadığını etiraf edir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2197/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2197/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver