Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2198/2025 30.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, 1994-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş və həmin kənddə yaşamışdır. O, 28 aprel 2016-cı ildən etibarən xidməti işi ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə başlamış və 16 iyul 2023-cü il tarixdə səhhətində yaranmış ağır problemlərə görə tərxis olunmuşdur. Xidməti işi ilə bağlı son illərdə hərbi xidmət dövründə xiddi xəstəliyə tutulma səbəbindən xidməti işini yerinə yetirməyə sağlamlığı icazə vermədiyi üçün tərxis olunmağa məcbur olmuşdur. 2020-ci ilin sentyabrında başlanmış İİ Qarabağ Müharibəsi zamanı, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə 7 oktyabr tarixində aldığı barotravma nəticəsində ağır yaralanmış və həmin dövrdən etibarən müxtəlif xəstəxanalarda uzunmüddətli müalicə almışdır. Buna baxmayaraq, sağlamlıq durumu yaxşılaşmamış, əksinə daha da pisləşmişdir. Aldığı zədələr və tibbi müayinələr nəticəsində ona aşağıdakı diaqnozlar qoyulmuşdur: “Kranialgiya, akustik mənşəli travma zəminində yaranmış xroniki sensonevral eşitmə azlığı, subyektiv qulaq küylüyü, OU – zəif dərəcəli hipermetropiya, sol böyrək ləyənində 0.41 sm və 0.35 sm ölçüdə konkrementlər”. xx.xx.2023-cü ilədək isə “Üzvi affektiv pozuntu, depressiv epizodlar və koqnitiv funksiyaların enməsi” diaqnozu ilə stasionar müalicə almışdır. Bu xəstəliklərə görə o, hərbi xidmətə tam yararsız hesab edilmişdir. Müharibə zamanı aldığı travmalar nəticəsində sağlamlığını müəyyən qədər itirmişdir. Nəticədə hər hansı fiziki və ya əqli iş görmək qabiliyyətinə malik deyil. Müxtəlif tibb müəssisələrində, o cümlədən Maştağa və Şəki psixiatriya xəstəxanalarında uzunmüddətli müalicələr almasına baxmayaraq, psixi pozuntular davam edir, əsəb pozğunluğu və davranış dəyişiklikləri müşahidə olunur. Xəstəliyinin ağırlaşması nəticəsində o, müqavilə müddəti bitmədən DİN-in Daxili Qoşunlarından sağlamlıq vəziyyətinə görə işdən azad edilmişdir. Bundan sonra DİN-in Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən müvafiq qərar verilmişdir. Onun sənədləri əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə DQ-ın poliklinikası tərəfindən son iki ildə dəfələrlə Forma-88 ilə təqdim edilmişdir. Lakin Agentliyin komissiyası hər dəfə “təkrar müalicəyə ehtiyac var” cavabı ilə müraciətləri geri qaytarmış, aylarla prosesi uzatmışdır. Sonuncu dəfə isə bir neçə aydan sonra göndərişə cavab verilərək bildirilib ki, “diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina olunur”. 09 iyun 2023-cü il tarixli DİN-in DQ Birləşmiş Həkim Komissiyasının tərtib etdiyi 167 nömrəli şəhadətnamədə müraciət edənin xəstəliklərinin hərbi travma ilə bağlı olduğu təsdiqlənmiş və XBT-10 üzrə Y36.2, H83.3, H90.3, F06.3, N20.0, N13.2, N11.1 və Z98.8 kodları qeyd edilmişdir. Bu kodlar əlillik təyinatı üçün əsas verən xəstəliklər qrupuna daxildir. Lakin cavabdeh qurumun 21 dekabr 2024-cü il tarixli imtina qərarında heç bir əsaslandırma təqdim edilmədən “diaqnoz təsdiqini tapmamışdır” ifadəsi yazılmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Psixiatriya Xəstəxanasının 01 iyun 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş beynin üzvi xəstəliyi İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Şəki rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 167 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Barotravma (xx.xx.2020). Keçirilmiş hava-zərbə dalğası nəticəsində ikitərəfli İ (birinci) dərəcəli xroniki neyrosensor ağıreşitmə. AD/AS=5m/4m; AD/AS=6m/6m. Üzvi affektiv pozuntu, depressiv epizodlar və koqnitiv funksiyaların enməsi. Böyrək daşı xəstəliyi. Sol böyrəyin daşları. Soltərəfli hidronefroz. Grade İ. Xroniki kalkulyoz pielonefritə görə aparılmış transuretal nefrolitotripsiya (xx.xx.2020), stentin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sol böyrək ləyəninin konkrementləri (0,35 sm, 0,41 sm), sidikdə patoloji dəyişikliklər olmadan” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 10940/2024 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə MMSE-24 (2 №-li RPX çıxarışına əsasən)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 16978/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə (MMSE-24)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 583 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə (MMSE-24)” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, səsəbilik, huşsuzluqdan şikayətlənmişdir. Dərmanların adlarını bilməmişdir. Təqdim etdiyi reseptlərdə Deploram S və Depakin qeyd edilmişdir. Zahirən narahat, otağa aqressiv daxil olmuşdur. İlk öncə suallara cavab verməmiş, daha sonra dolayı yollarla cavablandırmamağa çalışmışdır. Sol saidin iç səthində bir əldə səthi kəsik izi izlənilmişdir. Qavrama pozuntusu və ya sayıqlamalar müşahidə edilməmişdir. Son bir ildə edilmiş MRT müayinəsi təqdim edilməmişdir. Patoloji affekt izlənilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Baş-beyin üzvi xəstəliyi (MRT-yə əsasən) öz təsdqini tapmır. Simulyativ xarakterli davranış pozuntuları, nevrozabənzər sindrom. Yaddaş pozuntusu simulyasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hesab edirik ki, birinci instansiya məhkəməsi etirazda qeyd edilən halları nəzərə almalı və iddianı təmin etməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. X4: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. İİİ. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina etmişdir. iddiaçı, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən və iddiaçı tərəfindən təqdim edilən imtina cavabının “çap tarixi” xx.xx.2025-ci il tarixə aid olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Şəki rayonu Baş Göynük kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 167 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim komissiyasının qərarına əsasən Xəstəliklər cədvəlinin 14 “b”, 72 “ç” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Azərbaycan Respublikası DİN-nin DQ-nin Hərbi-həkim komissiyasının 1135 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz XBT-10, Y36.2, H83.3, H90.3, F06.3, N20.0, N13.2, N11.1, Z98.8, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 331 və nömrəli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Diaqnoz: Üzvi mənşəli affektiv pozuntunun depressiv daxilolmalarla və koqnitiv funskiyaların enməsi ilə-F06.3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-2198/2025 saylı qərardadı ilə iş üzrə kompleks canlı şəxsin məhkəmə-tibbi və məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Bu ekspertiza çərçivəsində, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə iki növ ekspertizanın aparılması nəzərdə tutulmuşdur:
1. iddiaçının psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspertlərinə;
2. iddiaçının fiziki zədələrinin və onların mümkün təsirlərinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizası - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli 4203 nömrəli məktubu və ona əlavə olunmuş 2651 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. İddiaçı qoyulmuş "F07 O-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi. F07.8Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində xx.xx.2025-ci il tarixli 2651 saylı rəy İddiaçı yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F06.3-Əhvalın üzvi mənşəli affektiv) pozuntusu. F06.7-Yüngül koqnitiv pozuntu. Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu düzgündür. Onda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla’’ (F07.0) aşkar olunur. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 737 nömrəli məktubundan və iddiaçı barəsində tərtib edilmiş göndərişdən görünür ki, 1994-cü il təvəllüdlü İddiaçı qeyd olunanlar əlamətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2 bəndinə uyğun gədiyi, F07.0, F07.08, F06.7, H90.3 və Y36.2 diaqnozları əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə dəbəb olan 2 il müddətində ağır, müalicəyə rezitent simptomlar bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60% 2 il müddətinə müəyyən edildiyi qeyd olunmuşdur. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Müəyyən edilir ki, “F07.0-Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beynin üzvi xəstəliyi İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi,” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2.1-ci bənddə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35–60% həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnoz öz təsdiqini tapmaması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.6.2-ci maddəsinin (bənd 7.6.2.1) F-07.0 kodu altında nəzərdə tutulur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqi tapdığından və əlilliyin təyininə əsas verdiyindən, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ tərəfindən təqdim edilmiş ekspert rəyinin araşdırılmasına ehtiyac qalmamışdır. Odur ki məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X3 Əsədova.