Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2199/2024 16.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil (yaşayış yeri: Oğuz şəhəri, N.Nərimanov küçəsi, dalan 2, ev 4; ixtisası: hüquqşünas; vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Oğuz rayonu, Sincan kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (yerləşdiyi yer: Qəbələ şəhəri, Z.Əliyeva küçəsi, 16) (üçüncü şəxs – Oğuz rayonu Sincan bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Oğuz rayonu, Sincan kəndi) qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli iclasının 9 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün rayonun Dəymədağlı kəndi ərazisində 0,12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qərar qəbul olunarkən Oğuz RİH Memarlıq və tikinti bölməsinin və DTXK Oğuz rayon şöbəsinin müvafiq razılıq məktubları nəzərə alınmış və torpağın dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, 1 dekabr 2007-ci il tarixdən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra sata bilərdi. İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 2 may 2024-cü il tarixli qərardadı ilə Oğuz rayonu Sincan bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, onun torpaq sahəsinə hüququn qeydiyyata alınması barədə müraciətinə cavabdeh imtina cavabı vermiş, lakin cavabdeh imtina verərkən «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9 və 10.1-ci maddələrinin tələblərini nəzərə almamışdır. Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 9 saylı qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin mövqeyi belədir ki, iddiaçı Oğuz rayonu Sincan bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin müraciətin icrası mümkün olmamışdır. Belə ki, «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə» 23 oktyabr 2007-ci il tarixli 355-İİİ QD saylı Azərbaycan Respublikası Qanununun tələblərinə görə 1 dekabr 2007-ci il tarixdən bələdiyyələr alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra həmin torpaq sahəsini sata bilərdilər. Göstərilənlərə əsaslanaraq, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması tələbinə dair iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Oğuz rayonu Sincan bələdiyyəsinin məhkəməyə ünvanlanmış 12 iyun 2024-cü il tarixli məktubu ilə bələdiyyə tərəfindən Sincan kənd sakini İddiaçı ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin surətləri təqdim edilmiş, lakin iddia ilə bağlı konkret münasibət bildirilməmişdir. Məhkəmənin DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 23 may 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 09 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış 1.200 kv.m torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahənin eyni olubolmaması haqqında) məlumatı, işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 23 may 2024-cü il tarixli məktuba cavab olaraq ünvanlanmış 5 sentyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İşin araşdırılması məqsədilə DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən 29 may 2024-cü il tarixdə Oğuz rayonu Dəymədağlı kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1816 ha torpaq sahəsi ilə Sincan bələdiyyəsinin adına tərtib edilmiş A 509036 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 0,1183 ha hissəsi üst-üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1816 ha torpaq sahəsi Dəymədağlı kəndi ərazisində aparılmış kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası əkin olan Sincan bələdiyyə mülkiyyətinə aiddir. X1 X2 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyəti göstərilmişdir. İddiaçının istifadəsində olmayan Sincan bələdiyyəsinin adına tərtib edilmiş A 509036 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə görə verilmiş 0,0017 ha torpaq sahəsinin 0,0011 ha hissəsi TEKUİS-ə əsasən kateqoriyası su fondu torpaqları, uqodiyası təhsil səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar dövlət mülkiyyəti göstərilmişdir. Torpaq sahəsinin koordinatı və yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Oğuz rayonu, Dəymədağlı kəndində yerləşən, DTXK Oğuz rayon şöbəsi tərəfindən verilmiş A 503096 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyində qeyd olunan 0,1183 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və həmin 0,1183 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, məhkəmə icraatının digər iştirakçıları gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Oğuz rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıya Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 9 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin 0,1183 ha müvafiq hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, Oğuz RİH Memarlıq və Tikinti İdarəsinin 29 iyun 2011-ci il tarixli rəyində qeyd olunmuşdur: Bələdiyyənin 20 iyun 2011-ci il tarixli 448 nömrəli məktubu ilə Sincan kənd sakini İddiaçı Sincan bələdiyyəsinin ərazisindən həyətyanı məqsədilə 1.200 kv.m torpaq sahəsinin ayrılmasına münasibətdə İdarənin təqdim etdiyi sxematik plana əsasən həyətyanı məqsədilə həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğun olduğu bildirilir. İş materiallarından görünür ki, DTXK Oğuz rayon şöbəsinin Sincan kənd sakini İddiaçı Sincan bələdiyyəsinin mülkiyyətində olan torpaqdan həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsinin satılmasına dair tərtib edilmiş sənədlərə dair 8 avqust 2011-ci il tarixli 90 nömrəli rəyində qeyd olununmuşdur: həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Sincan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və bu məqsədlə satılması məqsədəuyğundur. İş materiallarından görünür ki, DTXK Oğuz rayon şöbəsinin 1570 nömrəli arayışında qeyd olunmuşdur: Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 09 nömrəli qərarı əsasında İddiaçı satılacaq torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aiddir, əkin növ torpaq sahəsi olmaqla 0,12 ha-dır və normativ qiyməti 412 manatdır, bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarından görünür ki, Oğuz RİH Memarlıq və tikinti bölməsi tərəfindən Oğuz rayonu Sincan bələdiyyəsi ərazisindən İddiaçı həyətyanı məqsədilə satılacaq 0,12 ha torpaq sahəsinin sxematik planı tərtib edilmişdir. İş materiallarından görünür ki, DTXK Oğuz rayon şöbəsi və Oğuz rayonu Sincan bələdiyyəsi tərəfindən Oğuz rayonu Sincan bələdiyyəsi ərazisindən İddiaçı satılacaq torpaq sahəsinin planı tərtib edilmişdir. İş materiallarında olan Oğuz rayon Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 09 nömrəli iclas protokolu qərarından çıxarışın surətindən görünür ki, Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli iclasında Sincan kənd sakini İddiaçı oğıuna bələdiyyənin mülkiyyətinə aid, alqı-satqı predmeti olan torpaqlardan, fərdi ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarından görünür ki, DTXK Oğuz rayon şöbəsi Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 9 nömrəli qərarı əsasında rayonun Dəymədağlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədini tərtib etmişdir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 9 saylı iclas protokolu (qərarı) bələdiyyənin mülkiyyətində olmuş 1.200 kv.m torpaq sahəsinin 1.183 kv.m hissəsi hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli 9 nömrəli qərarına (protokoluna) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı həmin qərarla ayrılmış 0,1183 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə diqqətə çəkir ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, 1 dekabr 2007-ci il tarixdən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra sata bilərdi, lakin Sincan bələdiyyəsi torpaq sahəsini onun üzərində hüquqlarını qeydiyyata aldırmadan satmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəyə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə görə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, «Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında» Qanuna uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11, 14 – 21, 23, 24, 25, 25-1 və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü bəndinə görə bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mahiyyətindən aydın olur ki, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının isə, hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilməsi tələb olunmur. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarına görə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh inzibati orqanın dəlilini məhkəmə əsaslı hesab etmir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan 0,1183 ha torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Oğuz rayonu Sincan bələdiyyəsinin 18 avqust 2011-ci il tarixli qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsinin 0,1183 ha hissəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı müraciəti üzrə 0,1183 ha ölçüdə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə “Torpaq sahəsinin planı və ölçüsü”ün tərtib edilməsini və reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Oğuz rayonu, Dəymədağlı kəndində yerləşən, DTXK Oğuz rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2014-cü il tarixli A seriyalı 509036 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,1183 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Oğuz rayonu, Dəymədağlı kəndində yerləşən, DTXK Oğuz rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2014-cü il tarixli A seriyalı 509036 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,1183 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-2199/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2199/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver