Məhkəmə qərarları › İş №2-1(116)-22/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-22/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-22/2020 21.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x6 Yevlax şəhər şöbəsinə qarşı "15.05.2011-ci ildən 23.08.2018-ci ilə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 15.05.2014-ci il tarixli 031144 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, sosial müavinət ödənilməsi ilə bağlı 23.08.2016-cı ildə cavabdehə müraciət etmiş və cavabdehin 23.08.2016-cı il tarixli qərarı ilə iddiaçıya 23.08.2013-cü ildən etibarən müharibə veteranları üçün nəzərdə tutulan müavinət təyin edilmişdir. Ona 23.08.2013-cü ildən 23.08.2016-cı ilədək olan müddət üçün hesablanmış vəsait ödənilmiş və sonrakı aylarda da ödəniş davam etdirilmişdir. Cavabdehin 20.12.2017-ci il tarixli sərəncamı ilə 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək olan müddət üçün ona artıq ödənilmiş 333 manat müavinətin bərpa olunması qərara alınmış və həmin məbləğ ondan hissə-hissə geri tutulmuşdur. Beləliklə, iddiaçıya sosial müavinətin ödənilməsinin başlanğıcı 14.05.2014-cü il, yəni ona veteran vəsiqəsinin verildiyi tarix olmuşdur. İddiaçı cavabdehə müraciət edərək, 15.05.2008-ci ildən 25.05.2011-ci ilədək olan müddət üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x6 Yevlax şəhər şöbəsinə qarşı "15.05.2008-ci ildən 25.05.2011-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ləğv edilərək, inzibati iş baxılması üçün Şəki İnzibati- İqtisadi Məhkəməsinə qaytarılmışdır. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, 15.05.2011-ci ildən 23.08.2018-ci ilə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi məqsədilə 23.08.2016-cı ildə müraciət etmiş, həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsinə başlanılmış, qanunvericiliyə uyğun olaraq 23.08.2013-cü ildən 23.08.2016-cı ilədək olan müddət üçün qalıq vəsait hesablanaraq ödənilmişdir. Cavabdeh 22.06.2020-ci il tarixli məktubunda bildirmişdir ki, 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək olan müddət üçün iddiaçıya ödənilmiş 333 manat müavinət geri qaytarılmışdır. Hazırkı iş məhkəmənin icraatında olduğu vaxt 24.04.2020-ci ildə İddiaçı vəfat etmişdir. Bu səbəbdən də Şəki İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli qərardadı ilə o, hüquq varisi olan arvadı x2 ilə əvəz edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15.05.2014-ci il tarixli 031144 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir; - İşdə olan, Dövlət x6 Yevlax şəhər şöbəsinin 20.12.2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək artıq ödənilmiş 333 manat məbləğ sosial müavinətdən tutulmuşdur. 01.12.2017-ci ildən etibarən müavinət aylıq 50 manat müəyyən edilməklə hər ay üzrə həmin məbləğin 30 manatı tutularaq ödənilmişdir; - İşdə olan, Dövlət x6 Yevlax şəhər şöbəsi tərəfindən verilmiş 22.06.2020-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi məqsədilə 23.08.2016-cı il tarixdə müraciət etmişdir. İddiaçıya 3 il geriyə, yəni 23.08.2013-cü ildən 23.08.2016-cı ilədək olan müddət üçün 1658.58 manat qalıq vəsait hesablanaraq ödənilmişdir. Müavinət indiyədək ödənilməkdədir. İddiaçı 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək olan müavinəti geri tutulmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla onun mümkünlük şərtlərindən biri iddiaçının eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməsi və istədiyi nəticəni əldə edə bilməməsidir. İşdən görünür ki, iddiaçı müharibə veteranı vəsiqəsini 15.04.2014-cü ildə almış, 23.08.2016-cı ildə cavabdehə ərizə (iş vərəq 26) ilə müraciət edərək ona müavinət təyin olunmasını xahiş etmişdir. Həmin ərizə müvafiq blankın doldurulması yolu ilə yazılmış, müavinətin hansı müddət üçün təyin edilməli olması göstərilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi, eləcə də müavinətin təyin edilməsinin başlanğıcı şəxsin onu almaq hüququnun yarandığı gündən nəzərdə tutulduğuna görə məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə yazdığı həmin ərizə müavinətin 15.04.2011-ci ildən başlayaraq ödənilməsi xahişini ehtiva edir. Ona görə də hazırkı iddia 15.04.2011-ci ildən 15.04.2014-cü ilədək hissədə mümkün sayılır. İddianın qalan hissəsi, yəni 15.04.2014-cü ildən 23.08.2018-ci ilədək olan müddət üçün müavinətin ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin müddət üçün müavinət iddiaçıya ödənilmişdir və həmin müddətlə bağlı tərəflər arasında inzibati mübahisə yoxdur. Ona görə də məhkəmənin ayrıca qərardadı ilə iddianın qalan hissəsi mümkün sayılmamışdır. İddianın mümkün sayılmış hissəsi aşağıdakı hallara görə əsaslıdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə sadalanan müddəaları nəzərə alaraq hesab edir ki, cavabdehin "iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması" ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə verilmişdir. "Sosial müavinətlər haqqında" Qanun isə 01.01.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, iddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi gündən 3 il əvvələ, yəni 15.05.2011-ci ildən 15.05.2014-cü ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın qalan hissəsi ayrıca qərardadla mümkün sayılmadığına görə həmin hissəyə hazırkı qərarın nəticəvi hissəsində qiymət verilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 15.05.2011-ci ildən 15.05.2014-cü ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x6 Yevlax şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar