Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2204/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qaz xəttinin cavabdehin vəsaiti hesabına özünə məxsus torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qaz xəttinin cavabdehin vəsaiti hesabına özünə məxsus torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmələr tərəfindən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı işdə iddiaçı, mülkiyyətində olan torpaq sahəsində yerləşən qaz xəttinin çıxarılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən (elektrik, su, qaz, rabitə və s.) müəssisələr əksər hallarda təbii inhisar xarakteri daşıyırlar, eyni zamanda təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar, bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar, bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır, hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir, hazırkı iş üzrə cavabdeh orqanla iddiaçı aranızda hər hansı publik hüquq münasibətləri olmadığından, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, buna görə də mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsində baxılmalıdır. Yardım məktubunda iddiaçıya, qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün 3 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisə ümumi (publik) hüquq sahəsindəki fəaliyyətlə əlaqədar qəbul edilmiş qərarla bağlı deyildir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən bir daha iddiaçıya izah edir ki, qaldırılmış məsələyə inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati Prossesual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qaz xəttinin cavabdehin vəsaiti hesabına özünə məxsus torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2204/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2204/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver