Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2209/2023 04.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-189/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1990–cı ildə Ağdam rayonunda anadan olmuşdur. Ağdam rayon Hərbi Komissarlığı tərəfindən 2009-cu ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. 2010-cu ilin iyul ayında hərbi xidmətini başa vurub təxris olunmuşdur. 2012-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün müraciət etmiş və yenidən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətini davam etdirmişdir. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2012-ci ilin sentyabr ayında X3 təlim zamanı PDM-dən yıxılaraq sağ diz oynağından travma almışdır. Tibb məntəqəsində ilk tibbi yardım göstərildikdən sonra N nömrəli hərbi hissəyə aparılmış, orada diz oynağı punksiya edilmişdir. Sonrakı müayinə üçün SQ Baş Klinik Hospitalına göndərilmişdir. SQ Baş Klinik Hospitalında müayinə olunduqdan sonra “sağ diz oynağının laterial meniskinin dolça tipli cırılması” diaqnozu qoyulmuşdur. 2012-ci ilin oktyabr ayında SQ BKH-da stasionar müalicə olunmuş və xx.xx.2012-ci ildə sağ diz oynağının artotomiyası, laterial meniskin rezeksiyası cərrahi əməliyyat icra olunmuşdur. Sonrakı dövrlərdə 2015-ci ilin iyul, avqust, dekabr aylarında N nömrəli hərbi hissədə “Sağ diz oynağının sinoviti” diaqnozu ilə stasionar müalicə olunmuşdur. 2016-cı ilin iyul ayında SQ BKH-da eyni diaqnozla müalicə olunmuşdur.xx.xx.2018-ci ildə SQ BKH-da müayinə olunduqdan sonra “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kompleks cırılması, ön çarpaz bağın köhnə hissəvi qopması” diaqnozu qoyulmuşdur. xx.xx.2018-ci ildə SQ Baş Klinik Hospitalında “sağ diz oynağının artromiyası, medial meniskin hissəvi rezeksiyası əməliyyatı aparılmışdır. Müalicədən sonra xx.xx.2018-ci il tarixində SQ BKH-nın cərahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xəstəliyə görə 30 (otuz) gün müddətində məzuniyyət verilmiş və məzuniyyət bitdikdən sonra təkrar şəhadətləndirilməsi tövsiyə olunmuşdur. Aparılmış cərahhi və konservativ müalicələrə baxmayaraq, hazırki vaxtadək sağalmamış, ağrıları şiddətli xarakter almışdır. Hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməsi məqsədilə hərbi-həkim komissiyasına göndəriş verilmişdir. Müayinə zamanı sağ diz oynağında qeyri-stabillik və xroniki sinovit saxlanılmışdır. Sonuncu dəfə 2019-cu ilin aprel ayında əməliyyat olunmuşdur. Sonuncu əməliyyatdan sonra məzuniyyətə buraxılmışdır. Həmin müddət ərzində və məzuniyyətdən qayıtdıqdan sonra ayağı qatlanmadığı üçün hərbi həkim komissiyasına göndərilmiş, daha sonra ordu sıralarından təxris olunmuşdur. Hazırda işləmir, heç bir müavinət, təzminat almır. Ayağına görə əlil olmağını deyib heç bir işə götürmürlər. Ailəlidir, bir övladı var. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2019cu tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.8 - Hərbi əməliyyatlar dayandırıldıqdan ...; Diaqnozun mətni: Y36.8 Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr, xx.xx.2018-ci ildə SQ Baş Klinik Hospitalında sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası əməliyyatı aparılmışdir. xx.xx.2012-ci ildə sağ diz oynağının artrotomiyası laterial meniskin rezeksiyası cərrahi əməliyyatı icra olunmuşdur. Ağırlaşma S82.6 Bayır [lateral] topuğun sınığı, Bayır (ateral) topuğun sınığı. sağ diz oynağının hər iki meniskinin cırılmasına və ön çarpaz bağın qopmasına görə aparılmış artrotomiya laterial meniskin rezeksiyası (xx.xx.2012) və medial meniskinin arxa buynuzunun kompleks yırtığına görə aparılmış sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası (xx.xx.2018) cərrahiyyə əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan bud əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası, sağ diz oynağının residiv xroniki sinoviti. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Digər oynaqların posttravmatik artrozu. cuzi fiziki yük nəticəsində yaranan oynağın nəzərəçarpan qeyri-sabitliyi. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Oynaqların kontrakturası. xx.xx.2019-cu il ETTOİ-da №a/k xx/xx/2085 arayışı ilə diaqnozu təsdiqlənmişdir. Ağırlaşma M23.5 Diz oynağının xroniki qeyri-stabilliyi, Diz oynağının-roniki qeyri-stabilliyi Ağırlaşma S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması..Sağ qamış sümüyünün lateral kondilusunun bitişmiş köhnəlmiş sınığı. Ağırlaşma M25.5 Oynaqda ağrı, Oynaqda ağrı Ağırlaşma M22.4 Diz qapağının xondromalyasiyası, Diz qapağının xondromalyasiyası. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələnin basqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi Ağırlaşma S83.4 Diz oynağının yan bağının (daxili) (xarici) gərilməsi və cırılması, Diz oynağının yan bağının (daxili) (xarici) gərilməsi və cırılması. xx.xx.2018-ci il tarixli 1080 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kamissiyası tərəfindən şəhadətləndirilmişdir. Yanaşı xəstəliklər R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. yerişin və dayaq funksiyasının pozulması. Yanaşı xəstəliklər R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Müalicəyə tabe olmayan daim ağrı Yanaşı xəstəliklər M54.1 Radikulopatiya, Radikulopatiya. LUMBal oateoxondroz kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir.” səbəbi ilə imtina verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr. Sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası əməliyyatı, sağ diz oynağı-nın artrotomiyası, laterial meniskin rezeksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2012). Digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının artrozu-artriti. sinoviti yan bağların zədələnməsi. Diz qapağının xondromalyasiyası. Diz oynağının açıcı-bükücü kontrakturası, oynağın qeyri sabitliyi. Diz oynağının xroniki qeyri- stabilliyi. Diz oynağının xroniki qeyri-stabilliyi. Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması. Sağ qamış sümüyünün lateral kondilusunun bitişmiş köhnəlmiş sınığı. Hər iki menisqin cırılması və ön çarpaz bağın qopmasına görə cərrahi əməliyyat dan sonrakı vəziyyət. Radikulopatiya. Lumbal osteoxondroz. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Asteno-nevrotik vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əlavə bərpa müalicəsinə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir, verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci i! tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Oynaqların kontrakturası, Oynaqların kontrakturası Digər oynaqların posttravmatik artrozu, sağ diz oynağının artrozu -artriti .sinoviti yan bağların zədələnməsi. Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, sağ qamış sümüyünün lateral'kondilusunun bitişmiş köhnəlmiş sınığı.hər iki menisqin cırılması və ön çarpaz bağın qopmasına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 188 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Saq diz oynağının hər iki meniskinin cırılmasına və ön çarpaz bağın qopmasına görə aparılmış artiotomiva, laterial meniskin rezeksivası (xx.xx.2012) və medial meniskinin arxa buynuzunun kompleks yırtığına görə aparılmış sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası (xx.xx.2018) cərahiyyə əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan bud əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası, sağ diz oynağının residiv xroniki sinoviti və cüzi fiziki yük nəticəsində yaranan oynağın nəzərəçarpan qevri-sabitliyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri diz oynağında şişkinlikdən, ağrılardan, hərəkət məhdudluğundan, dizinə maye toplanmasından ibarətdir. Sağ diz oynağında patellanın iç səthində, əməliyyat çapığı izlənildi. Sağ diz oynağında açma və tam bükmə 130 dərəcədir. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan “Sağ diz oynağının hər iki meniskinin cırılmasına və ön çarpaz bağın qopmasına görə aparılmış artiotomiya, laterial meniskin rezeksivası (xx.xx.2012) və medial meniskinin arxa buynuzunun kompleks yırtığına görə aparılmış sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksivası (xx.xx.2018) cərahiyyə əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan bud əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası, sağ diz oynağının residiv xroniki sinoviti və cüzi fiziki yük nəticəsində yaranan oynağın nəzərəçarpan qeyri-sabitliyi” diaqnozlarının ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapmır və əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Oynaqların kontrakturası, Digər oynaqların posttravmatik artrozu, sağ diz oynağının artrozu -artriti .sinoviti yan bağların zədələnməsi, Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, sağ qamış sümüyünün lateral kondilusunun bitişmiş köhnəlmiş sınığı.hər iki menisqin cırılması və ön çarpaz bağın qopmasına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarından görünür ki, İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 188 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ diz oynağının hər iki meniskinin cırılmasına və ön çarpaz bağın qopmasına görə aparılmış artiotomiya, laterial meniskin rezeksiyası (xx.xx.2012) və medial meniskinin arxa buynuzunun kompleks yırtığına görə aparılmış sağ diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası (xx.xx.2018) cərahiyyə əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan bud əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası, sağ diz oynağının residiv xroniki sinoviti və cüzi fiziki yük nəticəsində yaranan oynağın nəzərəçarpan qeyri-sabitliyi" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri diz oynağında şişkinlikdən, ağrılardan, hərəkət məhdudluğundan, dizinə maye toplanmasından ibarətdir. Sağ diz oynağında pateilanın iç səthində, əməliyyat çapığı izlənildi. Sağ diz oynağında açma və tam bükmə 130 dərəcədir. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan “Sağ diz oynağının hər iki meniskinin cınlmasına və ön çarpaz bağın qopmasına görə aparılmış artiotomiya. laterial meniskin rezeksiyası (xx.xx.2012) və medial meniskinin arxa buynuzunun kompleks yırtığına görə aparılmış saq diz oynağının artrotomiyası, medial meniskin hissəvi rezeksiyası (xx.xx.2018) cərahiyyə əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan bud əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası, sağ diz oynağının residiv xroniki sinoviti və cüzi fiziki yük nəticəsində yaranan oynağın nəzərəçarpan qeyri-sabitliyi" diaqnozlarının ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapmır və əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-2522/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2022-ci il tarixli 5038 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 0288003AAFY8 nömrəli göndərişində qeyd edilən diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”ndə meyarların hər hansı birini aid etmək mümkün olmadı. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-189/2023 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1272 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vət.İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0288003AAFY8 nömrəli göndərişində qeyd edilən diaqnozlar xəstənin müalicə və müayinələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. X5 Travmotologiya və Ortopediya İnstitutunda əyani müayinəsi zamanı ona “Sağ qamış sümüyünün lateral kondilusunun anteriordan çökməsi və diz oynağının üçüncü mərhələyə uyğun qonartrozu, hərəkət məhdudluğu. Daimi ağrılar, axsama və yerişin pozulması. (XBT- M17.0; M21.2; M24.5; R52.0; R26.8) diaqnozu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarla iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, bunu diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-189/2023 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edildikdən sonra “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1272 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0288003AAFY8 nömrəli göndərişdə qeyd edilən diaqnozların xəstənin müalicə və müayinələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulması, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyinin qənaətbəxş olması, X5 Travmotologiya və Ortopediya İnstitutunda əyani müayinəsi zamanı ona “Sağ qamış sümüyünün lateral kondilusunun anteriordan çökməsi və diz oynağının üçüncü mərhələyə uyğun qonartrozu, hərəkət məhdudluğu. Daimi ağrılar, axsama və yerişin pozulması. (XBT- M17.0; M21.2; M24.5; R52.0; R26.8) diaqnozunun müəyyən edilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0288003AAFY8 nömrəli göndərişdə qeyd edilən diaqnozların düzgünlüyü mübahisəsizdir. İddiaçıya qoyulmuş diaqnozlara uyğun xəstəliklərin kodları M17.0; M21.2; M24.5; R52.0; R26.8 qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, M17.0, R52.0 və R26.8 kodları istinad olunan Əsasnamədə əlilliyin təyini üçün nəzərdə tutulmuş xəstəliklərin qeyd olunduğu heç bir bənddə öz əksini tapmamışdır. M21.2 kodu sözügedən Əsasnamənin 2.3.2-cü bəndində qeyd edilsə də, həmin bənddə qeyd edilmiş xəstəliklər dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) ilə bağlıdır. İddiaçıya qoyulmuş diaqnoz isə sağ qamış sümüyünün lateral kondilusunun anteriordan çökməsi və diz oynağının üçüncü mərhələyə uyğun qonartrozu, hərəkət məhdudluğu ilə bağlıdır. Odur ki, M21.2 kodunun iddiaçıya münasibətdə tətbiqi istisna edilir. M24.5 koduna münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə M24.5 kodu ilə 2.3.2-ci bənddə dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), 2.5.1-ci bənddə bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, 2.5.6-cı bənddə hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, 3.1.43-cü bənddə ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, 5.1.6-cı bənddə ətraflarda oynaqların nəzərəçarpan kontrakturası, 5.2.3.16-cı bənddə bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda), 5.2.3.17-ci bənddə diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası, 5.2.3.19-cu bənddə hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası diaqnozları öz əksini tapmışdır. İddiaçıya münasibətdə M24.5 kodunun tətbiq edilməsi üçün əlilliyin təyininə əsas verən 2.3.2, 2.5.1-cı bəndlərdə qeyd edilmiş diaqnozların müəyyən edilməsi zəruridir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə M24.5 kodu ilə “Sağ qamış sümüyünün lateral kondilusunun anteriordan çökməsi və diz oynağının üçüncü mərhələyə uyğun qonartrozu, hərəkət məhdudluğu. Daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozu qeyd edilsə də, istinad olunan Əsasnamədə sözügedən diaqnoz əlilliyin təyininə əsas verən xəstəliklərin siyahısında öz əksini tapmamışdır. Yəni, iddiaçının diaqnozu dirsək oynağının, saidin kontrakturası, o cümlədən bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası ilə bağlı olmadığından M24.5 kodunun iddiaçıya münasibətdə tətbiqi istisna edilir. Məhkəmə tərəfindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına sorğu verilərək 0288003AAFY8 nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə hansı bənddə nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsi yoxlanılmış, sonuncu tərəfindən iddiaçıya qoyulmuş diaqnozun istinad olunan Əsasnamənin 13.4.51-ci bəndində qeyd olunduğu bildirilmişdir. İddiaçının sağlımlıq vəziyyətinin qiymətləndirildiyi vaxt qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 6 bənddən ibarət olduğundan və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının istinad etdiyi 13.4.51-ci bənd həmin Əsasnamədə öz əksini tapmadığından məhkəmə sözügedən məlumatı iş üzrə mötəbər sübut olaraq qəbul etmir (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 13.4.51-ci bəndin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında nəzərdə tutulduğunu bildirsə də, müvafiq bəndin əks olunduğu sənədlərin rekvizitlərində 2019-cu ilə aid, tarixi və nömrəsi qeyd edilməyən “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavəyə istinad olunmuşdur). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İmtinanın verildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 17 hal sadalanmışdır. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2209/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2209/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver