Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-221/2022 05.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxslər X9, X5 və X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X9 və digərlərinin adına tərtib olunmuş JN seriyalı 0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın, Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilən Qax rayonu, Şotavar kəndində “eşşək ölən” adlanan sahədə yerləşən 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X9 və digərlərinin adına tərtib olunmuş JN seriyalı 0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın, Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilən Qax rayonu, Şotavar kəndində “eşşək ölən” adlanan sahədə yerləşən 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Qax rayonunun Şotavar kəndində “eşşək ölən” adlanan sahədəki fındıq bağında iddiaçıya əmlak şəklində fındıq kolları və 0,61 ha torpaq sahəsi verilmişdir. Son dövrdə iddiaçıya məlum olmuşdur ki, Qax rayon AİK-nın qərarına əsasən ona və ailə üzvlərinə verilən həmin torpaq sahəsinə X9 və ailə üzvlərinin adına JN-0015 nömrəli Dövlət aktı verilmişdir. İddiaçı bildirir ki, aqrar islahat başlanan vaxtdan sözügedən torpaq sahəsindən istifadə edir və həmin bağa qulluq göstərir. İddiaçı cavabdeh orqana müraciət edərək, X10 və ailə üzvlərinin adına tərtib edilmiş JN-0015 nömrəli Dövlət aktının ona məxsus 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 16.06.2021-ci il tarixli imtina məktubunda iddiaçıya bildirmişdir ki, müraciətinin icrası ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. İddiaçı isə hesab edir ki, X9 və ailə üzvlərinin adına tərtib edilmiş JN-512 nömrəli Dövlət aktı ona məxsus 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz və əsassızdır. İddiaçıya 25 avqust 2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə edilən Qax Rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 nömrəli arxiv çıxarışından müəyyən edilir ki, Şotavar kənd X22 Komissiyasının 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclasında Şotavar kəndində “eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmışdır. Arxiv çıxarışından görünür ki, siyahıda 140-cı sırada “Maqsudov Səlim R. o” adlı şəxs qeyd edilmiş və həmin şəxsə iddia tələbində göstərilən 0,61 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbi ilə siyahıda adı qeyd olunan “Maqsudov Səlim R. o” adlı şəxs və ya həmin şəxsin notarial qaydada etibarnamə verdiyi səlahiyyətli nümayəndə məhkəməyə müraciət edə bilər. Əgər “Maqsudov Səlim R. o” adlı şəxs vəfat etmişsə, bu halda şəxsin “ölüm haqqında şəhadətnamə”sinin təsdiq edilmiş surəti, həmçinin miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsini müəyyən edən “Qanun üzrə vərəsəlik şəhadətnamə”sinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Məhkəmənin 25.02.2022-ci il tarixli 2-1(116)-221/2022 nömrəli qərardadı ilə X5, X12, X13, X16 və X14 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X12, X13, X16 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslər X12, X13, X8 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən Qax Rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 nömrəli arxiv çıxarışından müəyyən edilir ki, Şotavar kənd X22 Komissiyasının 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclasında Şotavar kəndində “eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmışdır. Arxiv çıxarışından görünür ki, siyahıda 140-cı sırada “Maqsudov Səlim R. o” adlı şəxs qeyd edilmiş və həmin şəxsə iddia tələbində göstərilən 0,61 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbində qeyd edilən 0,61 ha torpaq sahəsinin onun mülkiyyətinə verildiyi qeyd etmiş və bu səbəblə iddia tələbində üçüncü şəxslərə məxsus JN-0015 nömrəli Dövlət aktının onun mülkiyyətində olan 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Lakin iş materiallarına əsasən 0,61 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair sənəd aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Qax Rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 nömrəli arxiv çıxarışına istinadən 0,61 ha torpaq sahəsinin onun mülkiyyətində olduğu qənaətinə gəlmişdir. Ancaq sözügedən arxiv çıxarışından da görünür ki, Şotavar kənd X22 Komissiyasının 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclas qərarı ilə təsdiq edilmiş Şotavar kəndində “eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısında 140-cı sırada “Maqsudov Səlim R. o” adlı şəxs qeyd edilmişdir. Həmçinin digər halların müəyyən edilməsi zamanı məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən Dövlət aktı Qax rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli qərarı əsasında verilmişdir. İddiaçı şəhadətnamənin ləğv olunması üçün ilk növbədə AİK qərarının ləğvini tələb etməli idi ki, X2 qərarları isə inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X20 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X20 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X20 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsi Qax Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. İddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq və keçirilmiş məhkəmə iclasında qanunvericiliyin tələbləri izah edilsə də, iddiaçı tərəfindən məktubda qeyd edilənlərə münasibət bildirilməmiş, məhkəmə iclasında isə o, iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. İş materiallarına və iddiaçının izahatına əsasən Qax Rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 nömrəli arxiv çıxarışında qeyd edilən “Maqsudov Səlim R.o” adlı şəxsin İddiaçı olmadığı müəyyən edilmişdir. İddiaçı həmin şəxsin atası, 22.04.1947-ci il təvəllüdlü X7 olduğunu bildirərək, torpaq sahəsinin onun ailəsinə ayrılması ilə əsaslandırmış, özünün hazırkı tələblə çıxış etmək hüququna malik olduğunu iddia etmişdir. Belə olan halda X3 əvəzinə iddiaçının öz adanında belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmadığı öz təsdiqini tapır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X9 və digərlərinin adına tərtib olunmuş JN seriyalı 0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın, Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilən Qax rayonu, Şotavar kəndində “eşşək ölən” adlanan sahədə yerləşən 0,61 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-221/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-221/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver