Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2210/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş Qax rayonunun Zərnə kəndində ona məxsus yaşayış evinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş Qax rayonunun Zərnə kəndində ona məxsus yaşayış evinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 2012-ci ilin may ayında Qax rayonunda baş vermiş zəlzələ nəticəsində Qax rayonun Zərnə kəndində ona məxsus yaşayış evinin ziyan çəkmiş və həmin dövrdə aidiyyəti orqanlara müraciət edərək burada yaşayışın aparılmasının qeyri-mümkün olması barədə vaxtında məlumat vermişdir. Lakin hal-hazırki vaxta qədər rəsmi dövlət orqanları, yəni Qax Ryon İcra Hakimiyyətinə müraciət etdikdə o, təqsirin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Fövqəladə Hallar Nazirliyinə bu barədə rəsmi müraciət etdikdə isə təqsiri Qax Ryon İcra Hakimiyyətində olduğu barədə ona rəsmi məlumat verirlər. Qax rayonun Zərnə kəndində ona məxsus yaşayış evi rəhmətlik atası X4 ona miras qalmışdır. Həmin evdə 1-ci Qarabağ müharibəsində şəhid olan qardaşı X6 və ümumilikdə 7 ailə üzvü yaşamışdır. Hal-hazırda onun evi olmadığı üçün (dövlət orqanları vəzifələrini layiqincə həyata keçirmədikləri üçün) o oğlu X3 (23 ildir ki Müdafiə Nazirliyinin zabitidir) himayəsində yaşayır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, bildirdi ki, ümumiyyətlə Qax rayon İcra Hakimiyyətinin hazırkı iddia tələbinə münasibətdə hər hansı cavabdehliyi yoxdur. Təbii fəlakət baş verdiyi dövrdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən təşkil edilmiş və yerli qurumların nümayəndələrinin də iştirak etdiyi komissiyalar tərəfindən yerlərdə təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə baxış keçirilmiş, lakin Qax rayon İcra Hakimiyyətinə sözügedən evlərin bərpası ilə bağlı hər hansı vəsait ayrılmamışdır. Qax rayon İcra Hakimiyyətinin zəlzələ nəticəsində ziyan dəymiş evləri bərpa etmək vəzifəsi olmadığından iddia tələbinin mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı mübahisə, iddiaçının qənaətinə görə 2012-ci ildə baş vermiş təbii fəlakətzəlzələ nəticəsində yararsız hala düşmüş yaşadığı fərdi yaşayış evinin cavabdeh tərəfindən bərpa edilməsindən imtina ilə bağlıdır. İddiaçının yaşadığı fərdi yaşayış evinin 2012-ci ildə baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması ilə bağlı cavabdehin öhdəliyini yaratmır. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Bu inzibati məhkəmə icraatında hazırkı iddia üzrə sübutetmə vəzifəsinin tələbindən irəli gəlir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı:
1. 2012-ci il mayın 07-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il X2 Azərbaycan Respublikasının X3 ilkin olaraq 20 milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin. İqtisadiyyat Nazirliyinin rəsmi dövlət saytında yerləşdirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq X4 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar təmirə ehtiyacı olan evlərin cavabdeh tərəfindən (yerli icra hakimiyyəti orqanları) təmir olunması ilə bağlı inzibati praktika ümumiyyətlə mövcud deyil və qanunvericilikdə cavabdeh orqanın üzərinə belə bir vəzifə qoyulmamışdır. Başqa sözlə hazırda iddiaçı cavabdeh orqandan qanunvericiliklə onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb edir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı işdə isə iddiaçının qanundan irəli gələn hüquq və mənafelərin, o cümlədən cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq icraatı çərçivəsində iclas təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixli teleqramında səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Lakin, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının müvafiq sübut təqdim etmədən səhhətinin pozulmasına istinad etməklə məhkəmə iclasından yayınmasını məhkəmə üzürlü hal kimi qəbul etmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Qax rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş Qax rayonunun Zərnə kəndində ona məxsus yaşayış evinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.