Məhkəmə qərarları › İş №2-1(116)-2211/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2211/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2211/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və üçüncü şəxs Nümayəndə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “adı iki dəfə qeyd olunan Qasımova (Qasımlı) Aygül Afər qızının adının biri nəzərə alınmadan JN-010C saylı şəhadətnamə əsasında faktiki istifadəsində olan 0.24 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair JN-010G saylı Şəhadətnamədə mülkiyyətçi kimi iki dəfə adı olan X2 adının birinin çıxarılaraq torpaq sahəsinin Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2211/2023 nömrəli qərardadı ilə Qəbələ rayonu Cığatelli bələdiyyəsi, xx.xx.2023-cü il tarixli 2-1(116)-2211/2023 qərardadı ilə isə Nümayəndə və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “adı iki dəfə qeyd olunan Qasımova (Qasımlı) Aygül Afər qızının adının biri nəzərə alınmadan JN-010C saylı şəhadətnamə əsasında faktiki istifadəsində olan 0.24 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı və ailəsinin mülkiyyətinə 0,24 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair ailəyə 22 dekabr 2004-cü il tarixdə JN-010C saylı Şəhadətnamə təqdim edilmişdir. Aqrar islahat, keçirilən zaman ailə üzvləri Nümayəndə Agabala oglu, X5 və X1 ibarət olmuşdur. Lakin aqrar islahat komissiyasının üzvlərinin texniki səhv buraxması üzündən hər birinin payı ayrılaraq verilməsi və payının üzərində müstəqil olaraq mülkiyyət hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, İddiaçı adı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-010C saylı, şəhadətnamədə iki dəfə yazılmışdır. Ona görə də mülkiyyətçi İddiaçı JN-010C saylı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adının birinin çıxarılaraq 0,24 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ərizə ilə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,24 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-010C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən mülkiyyətçilər siyahısında adı təkrar qeyd olunan İddiaçı adının mülkiyyətçilər sırasından çıxarılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. JN-010C saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə mülkiyyətçilər siyahısında adı təkrar qeyd olunan İddiaçı adının mülkiyyətçilər sırasından çıxarılması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (üçüncü şəxs), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-010C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Nümayəndə, X5 və X3 Qəbələ rayonu Həmzəlli kəndindən 0,24 ha torpaq sahəsi ayrılmışdır. X2 adı Şəhadətnamədə iki dəfə qeyd edilmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 157 nömrəli məktubuna əlavə olunmuş 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışdan (5 nömrəli şəxsi hesab vərəqəsindən) görünür ki, ailə başçısı olaraq - Nümayəndə, ailə üzvləri olaraq - X5 və X2 adları qeyd edilmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1885/2023 nömrəli məktubuna əlavə olunmuş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş Qəbələ rayonunun Həmzəlli kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, Nümayəndə və ailə üzvlərinin (X5 və X6) adlarının qarşısında “həyətyanı torpaq sahəsi”- 0,12 ha, “zəbt olunan torpaq sahəsi”- 0,7 ha, “faktiki torpaq sahəsi”-0,2365 ha, mülkiyyətçiyə verilən torpaq sahəsi qrafasının qarşısında 0,2365 ha qeyd olunmuşdur. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0,3540 ha torpaq sahəsinin 0,2365 ha hissəsi JN-010C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 0,1175 ha hissəsi, Həmzəlli kənd ərazi vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan Cığatelli bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,3540 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...

2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. İşdə olan torpaq payı almaq hüququ olan ilkin subyektlər siyahısından (xx.xx.1997) göründüyü kimi, Nümayəndə ailə üzvləri olaraq X5 və X6 göstərilmiş, lakin Aygül Qasımovanın adı iki dəfə qeyd edilmişdir. Sonradan tərtib edilmiş subyektlər siyahısında (xx.xx.2001) isə digər ailə üzvləri ilə bəarbər X4 adı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq payı alacaq subyektlər siyahısının təsdiq edilməsi barədə Qəbələ rayon AİK-nın qərarı xx.xx.1998-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda sözügedən qərarla xx.xx.2001-ci il tarixli subyektlər siyahısının təsdiq edilməsi mümkün ola da bilməzdi. Odur ki, məhkəmə torpaq payı almaq hüququ olan subyektlər siyahısı olaraq Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarından əvvəl tərtib edilmiş xx.xx.1997-ci il tarixli siyahını mötəbər sübut olaraq qəbul edərək hüquqi qiymət vermişdir. Eyni zamanda Qəbələ rayon Dövlət Arxivindən götürülmüş, sözügedən təsərrüfat üzrə 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışlardan görünür ki, faktiki olaraq təsərrüfat üzvləri Nümayəndə, X5 və X1 ibarət olmuşdur. Növbəti illərə aid təsərrüfatbaşına kitabdan çıxarışlarda isə 2000-ci ildə doğulmuş Həsən Qasımovun və 2003-cü ildə doğulmuş Rəna Qasımlının adları təsərrüfat üzvləri olaraq qeyd edilmişdir. Hər bir halda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən edildiyindən sözügedən torpaq sahəsi üzrə hüquq subyektlərinin Nümayəndə, X5 və X6 olması işin mübahisəsiz halıdır. Lakin, X6 adının subyektlər siyahısında texniki səhv nəticəsində təkrarlanması sonradan tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin də məzmunun qeyri-dəqiqliyinə səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-010C saylı şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İş üzrə təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,3540 ha-dır. Onun 0,2365 ha hissəsi JN-010C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşür, 0,1175 ha hissəsi isə Həmzəlli kənd ərazi vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan Cığatelli bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,2365 ha hissəsinin JN-010C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, hər bir halda Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanın tələbləri baxımından faktiki istifadə olunan torpaq sahəsi ilə Şəhadətnamə arasında olan uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqan vəzifəsidir. Belə ki, istinad olunan Fərmanının 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı JN-010C saylı şəhadətnamədə təkrarlanan adının biri nəzərə alınmadan faktiki istifadəsində olan 0.24 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-010C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı iki dəfə qeyd olunan İddiaçı adının biri nəzərə alınmadan həmin şəhadətnamə əsasında faktiki istifadədə olan 0,24 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar