Məhkəmə qərarları › İş №2-1(116)-2212/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2212/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2212/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı İ Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatılmış, bir neçə istiqamətdə, xüsusən Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə fəal iştirak etmişdir. O, xx.xx.1997-ci tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyi zaman ağır güllə yarası aldığı üçün 28 noyabr 1998-ci il tarixdə xidmətdən tərxis olunmuşdur. Səhəti ilə əlaqədar olaraq davamlı şəkildə Bakı şəhərində hərbi hospitalda müayinə və müalicə olunmuşdur. Sonuncu dəfə həkimlərin müayinəsindən sonra hərbi həkim komissisiyası tərəfindən iddiaçıya “sol bazunun aşağı 1/3-nin dəlib keçən bazu sınığı, sol bazu və dirsək oynağının kontrakturası” diaqnozu qoyulmuşdur. Əsas xəstəliyinin sürətli davam etməsi əmək qabiliyyətini daha da pisləşdirdiyi üçün iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müvafiq qərarla ona İİ qrup müddətsiz əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nin Göyçay rayon Şöbəsinə göndərilmişdir. İddiaçı müvafiq tibb müəssisələrində mütəmadi olaraq 2023-cü ilin əvvələrinə kimi müalicə və müayinələrini davam etdirmişdir. Buna baxmayaraq 2023-cü ildə məlumatı olmadan inzibati orqan tərəfindən müddətsiz İİ qrup əlilik dərəcəsi əsassız olaraq dayandırılmış və müayinə olunması tövsiyyə edilmişdir. Bu barədə iddiaçının məlumatı olduqdan sonra müayinə olunması üçün tibb müəssisəsinə müraciət etmişdir. Buna əsasən də, tibbi sənədləri Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlanmış, lakin iddiaçıya əlilliyin təyin edilməsindən Tibbi Sosial Ekspert Komissiyası imtina etmiş, səbəb isə tam reabilitasiya olunması göstərilmiş və bu barədə qərar qəbul etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 27 nəfər vətəndaşların müraciətlərinə əsasən əyan müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Göyçay rayon sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı təkrar qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/2-7-2426/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1997-ci il tarixli 1036 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol dirsək oynağının açıcı-bükücü kontrakturası, osteoparozla sol bazu sümüyünün aşağı 1/3nin bitişmiş sınığı, yuxarı ətraf funksiyasının pozulması, osteosintez əməliyyatından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarda olan hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında qolundan travma aldıqdan sonra, soyuq havalarda qolunda ağrıların və keyimə hissinin olduğunu bildirmişdir. Təqdim olunmuş, hərbi Şəhadətnamə və müddətsiz əlillik sənədində qeyd olunmuş diaqnoz və diaqnozların səbəb-əlaqəsi uyğunsuz olmuşdur. Müayinə zamanı sol bazunun orta 1/3-də çapıq toxumalaryuxarı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, əlin tutma funskiyası pozulmamış, hərəkətlər tam həcmdə olmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Cavabdeh etirazında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarının ona aid hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirdiyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli qərarından daha əvvəlki tarixdə, yəni xx.xx.2023-cü il tarixdə (SMS bildiriş vasitəsilə, həmçinin ona edilən ödəniş dayandırılıb) məlumatlı olduğu halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi vermişdir. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qanunveriliciliyin yuxarıda qeyd olunan tələbləri məhkəmə iclasında iştirak edən iddiaçıya izah olunmuş, ona İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində təyin olunmuş əlilliyin mart ayının 30da ləğv edildiyini, qərardan xeyli vaxt keçdikdən sonra xəbəri olduğunu bildirmiş, iddiasının mümkün sayılmasını və təmin olunmasını xahiş etmişdir. Ərizədə qərar barədə məlumatı SMS-lə aldığını bildirmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı təqdim etdiyi ərizəsində iddiaçı mart ayının 30-da əlilliyinin ləğv edildiyini, ancaq bundan xeyli vaxt keçdikdən sonra xəbəri olduğunu bildirsə də, məhkəmə belə qənaətə gəlir ki, İPM 24.1-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. İPM-in 33.1 -ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəyə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar