Məhkəmə qərarları › İş №2-1(116)-2215/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2215/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2215/2025 08.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Gürcüstan Yeni Universiteti tərəfindən ona verilmiş NU seriyalı 000168 nömrəli bakalavria diplomunun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi, müəyyən etdi: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Gürcüstan Yeni Universiteti tərəfindən ona verilmiş NU seriyalı 000168 nömrəli bakalavria diplomunun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Diplomun (kvalifikasiyanın) tanınması ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsində xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adların nostrifikasiyası və ya tanınması (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) ilə bağlı inzibati aktlar üçün iddia qaldırma müddəti 2 ay olaraq müəyyən edilmişdir. Elmi dərəcə dedikdə doktorluq (PhD və ya ekvivalent), magistraturadan sonrakı səviyyədə alınan akademik dərəcələr, elmi ad dedikdə isə professor, dosent kimi akademik adlar və elmi fəaliyyətlə əlaqədar verilən rütbələr nəzərdə tutulur. Bakalavr diplomu isə ali təhsilin ilk pilləsini təsdiq edən sənəddir və elmi dərəcə hesab edilmir. Göründüyü kimi İPM-in 38.1-ci maddəsində elmi dərəcələr və elmi adlarla bağlı müddəalar xüsusi bir kateqoriyanı əhatə edir və bu norma bakalavr səviyyəsində təhsil sənədlərinin nostrifikasiyası üçün nəzərdə tutulmamışdır. Bakalavr diplomunun tanınması, ümumi təhsil sənədlərinin nostrifikasiyası prosedurlarına tabedir və bu proses təhsil sənədləri ilə bağlı inzibati aktlar üçün ümumi qaydalara uyğun həll edilir. Buna görə də, xarici ölkədə alınmış bakalavr diplomlarının nostrifikasiyası, orta və ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi proseduruna aid olduğundan irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aid edilməklə və iddia müddəti İPM-nin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının əyani təhsilalma forması üzrə təhsil aldığı ölkədə hər il üzrə ən az 4 ay olması tələb olunarkən onun xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir (İ il - 7 gün, İİ il - 23 gün, İİİ il - 7 gün, İV il - 5 gün, V il - 11 gün). Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinə uyğun olaraq həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2021-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İddiaçı xx.xx.2022-cü il tarixində kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, 2-1(112)-5461/2022 nömrəli xx.xx.2022-ci il qərardad ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq yenidən baxılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmişdir. Yenidən araşdırılma zamanı Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərinin tələblərinə uyğun olaraq, ərizəçinin tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı, ümumi tədris dövrünün isə üçdə ikisi nisbətində ənənəvi qaydada tədrisdə iştirak etmədiyi müəyyən edildiyindən ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində isə iddiaçının iddianı geri götürülməsi xahişi ilə Bakı İnzibati məhkəməsinə ərizə ünvanlamışdır. İddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-672/2023 nömrəli Qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunması zəruridir ki, iddiaçı öz ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-672/2023 nömrəli Qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldıqdan bir il sonra xx.xx.2024-cü il tarixində xx.xx.2021-cü il tarixli inzibati akta istinad olunmuş eyni iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, İddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 3766/2025 nömrəli Qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2025 tarixində xx.xx.2021-cü il tarixli inzibati akta istinad olunmuş eyni iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının “İnzibati Prossesual Məcəllə”sinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilməsinə baxmayaraq İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 672/2023 nömrəli qərardadından şikayət vermə hüququndan istifadə etməmişdir. İşin yuxarıda sadalanan halları ilə aşkar müəyyən edilir ki, iddiaçı, cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdan məlumatlı olmuş, cavabdeh orqanın qərarını mübahisələndirmiş, lakin sonradan iddia ərizəsinin geri götürülməsi barədə ərizə təqdim edərək məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Qeyd olunan hal “məcburetmə haqqında” iddia tələbinin müddətlə bağlı xüsusi mümkünlük şərtinin pozulması deməkdir. Odur ki, məhkəmə hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş prossesual müddətin buraxılması qənaətinə gəlmişdir. İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Gürcüstan Yeni Universiteti tərəfindən ona verilmiş NU seriyalı 000168 nömrəli bakalavria diplomunun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar