Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2219/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ləğv edilmiş əlilliyin yenidən bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı 23 fevral 2016-cı il tarixdə növbəti müayinə tarixi 23 fevral 2021-ci il olmaqla (5 il müddətinə) ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin başa çatması səbəbindən iddiaçı 11 fevral 2021-ci il tarixdə müvafiq tibb müəssisəsi kimi “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçının əlilliyi qiymətləndirilmiş və “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə növbəti əlillik təyinatından imtina olunmuşdur. Bununla əlaqədar iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi də dayandırılmışdır. İddiaçı 12 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ləğv edilmiş əlilliyin yenidən bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.6-cı maddəsinə görə inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Şəki İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış 13 may 2024-cü il tarixli məktubu ilə ona iddiadakı birinci tələb – “əlilliyin bərpa olunması” tələbi üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deyil, həmin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin səlahiyyətli olduğu bildirilmiş və cavabdehin və iddianın dəyişdirilməsi tövsiyə olunmuşdur. Məktubda həmçinin, iddianın ikinci tələbinə də münasibət bildirilərək qeyd olunmuşdur ki, əlilliyin təyin olunmasına və ya bərpasına nail olduqdan sonra pensiya ödənişləri həyata keçirilməyəcəyi təqdirdə həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin aidiyyəti filialına qarşı müvafiq imtina cavabı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət oluna bilər. İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli məktubuna cavab alınmamış, eləcə də məhkəmə iclasında iştirak edə bilməməsi barədə 22 iyun 2024-cü il tarixli ərizəsində cavabdehin və iddianın dəyişdirilməsi məsələlərinə toxunulmamışdır. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), dəfələrlə müalicə almasına baxmayaraq, xəstəlikləri davam edir. Bu hal təqdim etdiyi sənədlərdə də öz əksini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq sənədlər təqdim etsə də, ona təyin edilmiş əmək pensiyası heç bir əsas olmadan dayandırılmışdır. İş üzrə iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlsə də, iddiaçı (və ya nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdehə münasibətdə iddia mümkünsüz sayılmalıdır. İddiaçı əlilliyinin müəyyən olunması ilə bağlı səlahiyyətli qurum kimi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir, əlilliyi müəyyən olunduqdan sonra o, ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya cavab verməli orqan deyil. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Əsaslandırma hissəsi : İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bir hissədə “məcburetmə haqqında”, digər hissədə isə “öhdəliyin icrası haqqında” iddialara aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. Odur ki, məhkəmə Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadındakı mövqeyi ilə razılaşır. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci maddəsinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Fərmanla təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.8-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırkı işin məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı aşağıdakı iki tələbi irəli sürür: 1) ləğv edilmiş əlilliyin yenidən təyin (bərpa) olunması; 2) ödənilməmiş pensiya məbləğinin ödənilməsi. Məhkəmə qeyd edir ki, tələblərin bir-biri ilə əlaqəli olması ehtimal olunmasına baxmayaraq, həm onlarla bağlı səlahiyyətli qurumlar ayrıdır, həm də hazırkı cavabdeh bu qurumların sırasında deyil. Bu qurumlar hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olsa da, müvafiq sahələrdə fəaliyyət göstərən ayrı-ayrı publik hüquqi şəxslərdir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, hazırkı məhkəmə icraatında qaldırılan tələblər üzrə səlahiyyətsiz qurum kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İş üzrə cavabdehin və iddianın dəyişdirilməsi məsələsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, bununla bağlı məhkəmə İPM-in 13-cü maddəsi baxımından çıxış edərək iddiaçıya müvafiq hüquqi yardım məktubu ünvanlasa da, iddiaçının hərəkətsizliyi səbəbindən müsbət nəticə əldə olunmamışdır. Hətta iddiadakı birinci, yəni “əlilliyin təyin (bərpa) olunması” tələbi üzrə cavabdeh inzibati orqanın dəyişdirildiyi halda da iddiaya baxılmasını istisna edən digər – iddia müddətinin buraxılması xüsusatı mövcuddur. Qanunvericilik şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbulu səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə aid edir və əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Əlilliyin təyin olunması barədə qərar inzibati aktın xassələrini daşıdığından, o cümlədən şəxs üçün hüquqi nəticə yaratdığından, hazırkı mübahisə “məcburetmə haqqında” iddiaya aid edilməlidir. Həmin növdən olan iddialara isə, qanunvericiliklə 30 günlük iddia müddəti şamil olunur. Nəzərə alınmalıdır ki, iş üzrə iddia ərizəsi məhkəməyə 12 mart 2024-cü il tarixdə, yəni müvafiq tibb müəssisəsinin 11 fevral 2021-ci il tarixli göndərişi əsasında qiymətləndirmənin nəticəsi kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 fevral 2021-ci il tarixli imtina qərarından 3 ildən artıq müddət keçdikdən sonra verilmişdir. İPM-in 13 və 24-cü maddələrinin tələbləri baxmından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı bu barədə ərizə (vəsatət) təqdim etmədiyindən və iddia müddəti 1 ildən artıq müddət buraxıldığından, eləcə də məhkəmə icraatında İPM-in 24.4-cü maddəsində göstərilən hallarla bağlı xüsusatlar üzrə iddiaçı tərəfin hər hansı dəlili olmadığından, iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) verilməsinin tövsiyə olunması da məqsədəuyğun sayıla bilməz. Məhkəmə diqqətə çəkir ki, mübahisənin xarakterinə görə əlillik təyinatına şəxsin sağlamlıq vəziyyətinin dəyişməsi birbaşa təsir etdiyindən, iddiaların imtina tarixindən çox müddət keçmədən qaldırılması daha ağlabatan və səmərəli ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mövcud prosessual qanunverciliyin müddəaları İPM-in 2.2.3-cü maddəsi üzrə “öhdəliyin icrası haqqında” iddialarda da iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. İddiadakı ikinci tələblə bağlı həmçinin məhkəmə vurğulayır ki, iddiaçı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” məsələsi ilə bağlı iddia qaldırılmamışdan əvvəl aidiyyəti səlahiyyətli orqan kimi çıxış edən Dövlət Sosial Müdafiə Fonduna (yerli qurumuna) bu barədə yazılı müraciət etməmişdir. Odur ki, iddianın ikinci tələbi üzrə cavabdehin uyğun inzibati orqana dəyişdirildiyi təqdirdə də, iddiaya həmin hissədə baxılması istisna oluna bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ləğv edilmiş əlilliyin yenidən bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-2219/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2219/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver