Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-222/2024 11.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı “İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına kimi "xxxx" (VÖEN:**********) MMC-nin qanuni təmsilçisi funksiyalarını yerinə yetirmişdir. İddiaçının direktor olduğu həmin 7 ay ərzində MMC-də hər hansı əməliyyat aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-810/2022 saylı xx.xx.2022-ci l tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Həmin vaxt iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb onun direktor vəzifəsində çalışmağı olmuşdur. Lakin iddiaçı həmin vəzifədən azad olunmuşdur. Bu barədə dəyişiklik Vergi Xidməti Orqanında qeydə alınmışdır. Hazırda "xxxx" MMC-nin direktoru X1r. Vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getməl hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsas "xxxx" MMC-nin 95.679,28 manat vergi borcu olması olmuşdur.İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müvafiq dəyişikliyin edilməsindən imtina edilmişdir. Cavabdeh vəsatət göndərərək, iddia müddətinin keçdiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Şəki Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(117)-810/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəilklərini yerinə yetirmədiyi üçün Şəki Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(117)-810/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur.O, hazırda "xxxx" (VÖEN:**********) MMC-nin rəhbəri deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsasən 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi iddiaçı hazırda "xxxx" (VÖEN:**********) MMC-nin rəhbəri deyildir. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır. Yuxarıda qeyd olunanlara əsasaən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin üzərinə İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə