Məhkəmə qərarları › İş №2-1(116)-2233/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2233/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2233/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Günel Soltan qızının sədrliyi, Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı İsmayıl oğlunun Cavabdehnə qarşı "yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: ünvan 1 nömrəli (Yeni qaydalarla AZ 3400, ünvan 7 fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, özünə məxsus fərdi yaşayış evindən həmin evlə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı İsmayıl oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanından bacısı X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 mart 2025-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. İddiaçı mövqeyini belə əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin ünvanda hal-hazırda sahibin bəzi ailə üzvləri ilə yanaşı, onun bacısı – X4 da pasport qeydiyyatındadır. Bununla belə, qeyd olunmalıdır ki, X3 Qax şəhəri, Y. Məmmədəliyev küçəsində yerləşən, ona məxsus olan fərdi yaşayış evi vardır və uzun illərdir – təxminən 30 ildən artıq müddətdir ki, o, ailəsi ilə birlikdə həmin ünvanda faktiki yaşayır. X4 uzun müddətdir ki, faktiki olaraq başqa ünvanda yaşasa da, formal olaraq qardaşına məxsus evdə qeydiyyatda qalmağa davam edir. Belə olduğu halda hər bir əməliyyat zamanı ondan razılıq tələb edirlər. Bacısına dəfələrlə müraciət edilərək qeydiyyatdan çıxması təklif edilsə də, o bu təklifi qəbul etməmişdir. X7 faktiki olaraq heç vaxt həmin ünvanda yaşamayıb və bu ev üzərində hər hansı hüquqi mülkiyyət iddiası da yoxdur. Evini övladına bağışlamaq niyyətindədir, lakin qeydiyyatda olan şəxsin razılığı tələb olunduğuna görə, bu prosedurun həyata keçirilməsində əngəllərlə üzləşmişdir. Bu səbəbdən də mülkiyyət sahibi, qanuni hüquqlarının təmin olunması məqsədilə Cavabdehnə müraciət etmiş, lakin orada ona bildirilib ki, mübahisəli hal olduğu üçün inzibati qaydada yalnız məhkəmə qərarı əsasında qeydiyyatdan çıxarma mümkündür. Cavabdeh inzibati orqan Cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı: III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır. Belə ki, cavabdeh inzibati orqan Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdehin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Qax şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Qax şəhəri, H.Əliyev prospekti 25 ünvanında yerləşir. İddianın əsaslılığı: Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax şəhəri Ə.Xaqani küçəsi ev 33 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı İsmayıl oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu ilə Qax şəhəri Ə.Xaqani küçəsi ev 33 ünvanının İddiaçı İsmayıl oğlunun mülkiyyətində olması barədə fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunmuş və bildirilmişdir ki, üçüncü şəxsin həmin ünvan üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Qax RPŞ QvŞV tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri Ə.Xaqani küçəsi ev 33 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə hər hansı bir əmlak hüququnun olması və qeydiyyatda olduğu ünvanda yaşamağı müəyyən olunmur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Qax şəhəri Ə.Xaqani küçəsi ev 33-ə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən alınmış sorğuya cavabda da üçüncü şəxs X1 mənzilə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxs iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüququnun mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxsin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxs iddiaçının bacısıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakı kimi qeyd olunub:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göründüyü kimi üçüncü şəxslərdən X4 “digər qohum” olaraq Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən iddiaçıdan (mülkiyyətçidən) özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aiddir. Yəni, iddiaçının bacısıdır. Bununla belə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin tətbiqi üçün vacib şərt üçüncü şəxsin iddiaçı (mülkiyyətçi) tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürülməsi halı da baş verməlidir. Yəni, üçüncü şəxs ən azı faktiki olaraq həmin fərdi yaşayış evində yaşamalıdır. Lakin, işin hallarından göründüyü kimi üçüncü şəxs faktiki olaraq Qax şəhəri Y.Məmmədəliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Buna görə də məhkəmə hesab edir ki, üçüncü şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində qeyd olunan mənada ailə üzvü hesab edilmədiyindən, onun həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququ da mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3 iddiaçının mülkiyyətində olan Qax şəhəri Ə.Xaqani küçəsi ev 33 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Qax Şəhər Polis Şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3 İddiaçı mülkiyyətində olan Qax şəhəri Ə.Xaqani küçəsi ev 33 (Yeni qaydalarla AZ 3400, ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 10 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X9 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar