Məhkəmə qərarları › İş №2-1(116)-2234/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2234/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2234/2022 06.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “adının və soyadının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyindən Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmış hərbi travma və ömürlük İİ qrup dərəcəsi təyin edilmiş hərbi qulluqçuya məbləğin alınmasına (qan pulunun ödənilməsinə) dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təqdim edərək “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1982-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma əsasında Papanin Hərbi Hospitalından hava nəqliyyatı ilə Moskva şəhərində yerləşən SSRİ Silahlı Qüvvələrinin N.Burdenko adına Baş Hərbi Klinik Hospitalına aparılaraq uzun müddət müalicə olunmuş və sonralar 1990-cı ilə qədər mütəmadi olaraq müalicələri davam etmişdir. 1986-cı ildə müalicəsi başa çatdıqda SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Həkim Komissiyası tərəfindən tibbi müayinədən keçərək, xx.xx.1986-cı il tarixdə 183 saylı tibbi şəhadətnamə verilmişdir. Ehtiyatda olduğum müddətdən həkim nəzarəti altında yaşayır. Şəki şəhər 19 saylı Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasına 2005-ci ilin yanvar ayında müraciət etmiş və SSRİ Silahlı Qüvvələrindən verilmiş 183 saylı tibbi şəhadətnaməni təqdim edəndə sənədi qəbul etməmişlər. xx.xx.2005-ci ildə 139 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını alaraq, Şəki 19 saylı Ərazi TSEK-ə təqdim etmişdir. xx.xx.2006-cı ildə ona İİ dərəcə əlillik qrupu təyin olunmuşdur. Əlilliyin səbəbi - "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar". Sığortaya müraciət edərkən izah olunmuşdur ki, "əlillik” ömürlük təyin olunanda müraciət etsin. 2016-cı ildə əlillik ömrülük təyin olunmuş və həmin il dövlət icbari şəxsi sığortası haqqında müraciət etmişdir. Sığorta ödənişi haqqında Milli Məclisin 03 noyabr 2021-ci il tarixli plenar iclasında xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə əlil olmuş hərbi qulluqçulara müvafiq normativ hüquqi aktın məsələsi müzakirə olunaraq qiymətləndirilmişdir. 03 dekabr 2021-ci il tarixdə Milli Məclis qərar qəbul etmişdir ki, həmin sığorta ödənişi ödənilsin. 2021ci ilin dekabr ayının axırlarında Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” sahəsində bütün səlahiyyətlər 2022-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanda qeyd olunan bütün nazirliklər, strukturlar, qurumlar dövlət şəxsi sığortasını hal-hazıra kimi almamış hərbi qulluqçuların siyahılarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. O da Fərmanla tanış olduqdan sonra xx.xx.2022-ci ildə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə müraciət etmişdir. Təkrarən xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siyahı təqdim olunmalıdır, əgər adı siyahıda qeyd olunmayıbsa, adının və soyadının siyahıya qeyd olunmasını xahiş etmişdir. Cavbdeh tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı isə Cəbrayıl rayon hərbi komissarlığında qulluq edərkən xx.xx.1982-ci il tarixdə xidməti ezamiyyətdən qayıdarkən avtomobil qəzasına düşmüş, baş və boğaz nahiyəsindən travmalar almışdır. xx.xx.1986-cı il tarixdə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Sonradan xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, yeni qərar qəbul edilmiş və adıçəkilən xx.xx.1986-cı il tarixli qərar ləğv edilmişdir. Qeyd olunanlardan da görünür ki, İddiaçı travmanı (əlliyini) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, xidməti ezamiyyətdən qayıdarkən 1982-ci ildə almış və bu səbəbdən onun adının Fərmanın 7-ci bəndi ilə nəzərdə tutulmuş siyahıya əlavə edilməsi tərəfimizdən mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İş materiallarında olan: Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş e-Sosial arayışdan görünür ki, iddiaçıya müddətsiz İİ dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli Qərarından görünür ki, İddiaçı “Qırtlağın və traxeyanın boyun hissəsinin qapalı travmasına (xx.xx.1982-ci il) görə aparılmış rekonstruktiv cərrahi əməliyyatlardan sonraki çapıqlaşma nəticəsində səsyaranma və tənəssüf funksiyalarının davamlı çətinləşməsi, boyunun ön nahiyyəsinin bərkimiş dəri çapıqları və transplantatı” daiqnozu qoyulmuşdur. Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ehtiyyatda olan polkovnik-leytenant 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində hərbi qeydiyyatdadır. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanı (bundan sonra - Fərmanın) ilə təsdiq edilmişdir. Fərmanın 1 -ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmələrin (İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlə orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası bundan sonra - Qaydanın) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il arixli, 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qaydanın 1.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra - birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci /ə ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. Fərmanın və Qaydanın normalarından görünür ki, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə verilir. İddiaçının hüquqi marağı adının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan müvafiq əlillik səbəbi ilə birdəfəlik ödəmə verilməli olan şəxslər siyahısına daxil edilməsindən ibarət olmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki,iddiaçı xx.xx.1982-ci il tarixdə xidməti ezamiyyətdən qayıdarkən avtomobil qəzasına düşmüş, müxtəlif travmalar almışdır. Bu baxımdan da o, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanına və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən birdəfəlik ödəmə almaq hüququ olan şəxslər kateqoriyasına aid deyildir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İPM-nin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “cavabdeh tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar