Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2236/2023 07.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən iddiaçıya satılmış Balakən rayonu Qazbinə kəndi ərazisidə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən iddiaçıya satılmış Balakən rayonu Qazbinə kəndi ərazisidə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2236/2023 nömrəli qərardadı ilə “Balakən rayon Mahamalar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Balakən rayonu, Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən, Balakən rayonu, Qazbinə kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, Balakən rayonu, Qazbinə bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və onun iştirakı ilə aralarında "Torpaqların alqısatqısına dair" Akt tərtib olunmuş və həmin akt 27 mart 2007-cı il tarixdə, 329 nömrə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsində qeydiyyata alınmışdır. İddiaçı, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı məqsədi ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan xx.xx.2023-ci il tarixli 3-21-3-47/2-2908/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı əsaslandırmışdır: - iddiaçı alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə məqsədilə ərizə ilə müraciət etmişdir. Ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin 0,10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt" sənədi Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda aşkar edilməmişdir. Bundan başqa, sözügedən 0,10 ha torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu xəritəsində göstərilən sahə ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi"ndə mülkiyyət növü bələdiyyə, uqodiyası infrastruktur kimi qeyd olunmuşdur. Buna görə də ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-S-O016-8/2023 (**********66) nömrəli məktub ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-7RA/2-82/2023 nömrəli məktubundan və Balakən rayonu Qazbinə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, Balakən rayonu Qazbinə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli protokolunda İddiaçı həyətyanı torpaq sahəsi verilməsi barədə qeydiyyat aparılmamışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi Balakən rayonu, Qazbinə kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Mahamalar bəldiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yollar və küçələr ərazisinə aiddir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayonu Qazbinə kəndi ərazisidə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilən Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 03 saylı iclas protokolundan çıxarış və Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı sərəncamı isə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunun təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı sərəncamına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir. Sadalanan normaların təhlilindən göründüyü kimi torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca sərəncam verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı sərəncamı “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır Bundan başqa məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Balakən rayonu, Qazbinə kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Mahamalar bəldiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan yollar və küçələr ərazisinə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən satılmış Balakən rayonu Qazbinə kəndi ərazisidə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.