Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2239/2023 12.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1962-ci il tarixdən 1967-ci il tarixədək əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1962-ci il tarixdən 1967-ci il tarixədək əyanl təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1962-ci il tarixdən 1967-ci il tarixədək əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. İşin qısa mahiyyəti ondan ibarətdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə AR ƏƏSMN tabeliyində DSMF 3 saylı Mərkəzi Aran regional filialına müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının məbləğinin artırılmasını xahiş etmişdir. Lakin cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023- cü il tarixli cavab məktubu ilə onun əmək pensiyasının məbləğinin nəyinki artırıldığını, əksinə azaldıldığını bildirmiş, habelə Qanunun 39.1-ci maddəsi barədə onu xəbərdar etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi 598932 nömrəli diplomun surətində qeyd olunan xx.xx.1962-ci il tarixdən xx.xx.1967-ci il tarixədək X1 təhsil dövrü qiyabi olduğundan sığorta stajı hesablanarkən həmin illərin nəzərə alınması mümkün olmamışdır. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. P seriyalı 598932 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1962-ci il tarixdən 1967-ci il tarixədək X6 Texnikumunda təhsil almışdır.
2. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci ildən xx.xx.1969-cu il tarəxədək hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2023-cü il tarixli 51 nömrəli məktubundan görünür ki, Ağdam rayon X4 1962-1967-ci illərin sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır.
4. Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixə qədər X6 Texnikumuna məxsus bütün sənədlər Ağdam şəhərinin işğalı ilə əlaqədar olaraq işğal zonasında qalmışdır.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının 1962-ci il tarixdən 1967-ci il tarixədək X6 Texnikumunda təhsil alması işin mübahisələndirilməyən halıdır.Cavabdeh həmin təhsil dövrünün qiyabi təhsil olduğunu əsas götürməklə ümumi sığorta stajına daxil etməmiş,pensiyanı yenidən hesablayarkən nəzərə almamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının 1962-ci il tarixdən 1967-ci il tarixədək X6 Texnikumunda təhsil aldığı dövrə münasibətdə əyani və ya qiyabi təhsil olduğuna dair sübut əldə edilməmişdir.Belə ki,Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi xx.xx.2023-cü il tarixdə Ağdam şəhərinin işğalına qədər olan sənədlər işğal dövrü orada qalmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1967-ci ildən xx.xx.1969-cu il tarəxədək hərbi xidmətdə olduğu müəyyən edilmişdir.İddiaçı xx.xx.1945-ci il doğumludur.Əgər onun təhsil dövrü qiyabi olsa idi 18 yaşının tamam olduğu 1963-cü ildə hərbi xidmətə cəlb olunmalı olduğu halda təhsil dövrü başa çatdıqdan sonra hərbi xidmət keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən də təhsil dövrünün qiyabi olmasına dair dəlil təqdim edilməmiş,ehtimala əsaslanaraq hazırkı mübahisəyə səbəb olunmuşdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş "Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1 -ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli "Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə,həmçinin, qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün "qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1962-ci il tarixdən 1967-ci il tarixədək X6 Texnikumunda oxuduğu illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərəvəAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı:
İddia təmin edilir. İddiaçı 1962-ci il tarixdən 1967-ci il tarixədək təhsil aldığı müddəti ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.