Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-224/2022 14.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Hacı-X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “üçüncü şəxs X1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək həmin sənəd üzrə torpaq sahəsinin iddiaçının anası X12 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin Qax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına səhvən verilmiş 04 avqust 2009-cu il tarixli 5462 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində zəruri düzəlişin edilməsi və həmin sənəd üzrə torpaq sahəsinin X12 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 saylı qərarı ilə 10492 kv.m torpaq sahəsi iddiaçının mərhum anası X14 verilmişdir. Həmin torpaq sahəsi 1998-ci ildən hazırkı vaxtadək iddiaçı və ailə üzvlərinin istifadəsindədir. AİK-nın və DTXK-nın məsul şəxslərinin səhvi üzündən torpaq sahəsi səhvən X1 adına rəsmiləşdirilmişdir. X4 torpaq sahəsinin iddiaçının mərhum anasının adına rəsmiləşdirilməsinə etiraz etmir. İddiaçı sözügedən torpaq sahəsinin mərhum anası Sona Əmranovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya 30.08.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış İPM-in 13-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinin Qax rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsi ilə əvəz edilərək dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı məhkəmənin hüquqi yardım məktubunda qeyd ediləni nəzərə alaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsini qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsini 14.09.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmənin 21.09.2021-ci il tarixli 2-1(116)-1328/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən ünvanlanan 11.10.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubda qeyd edilmişdir ki, Qax rayonu Zəyəm kəndində yerləşən 1,04 ha torpaq sahəsinə dair təqdim olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 04 avqust 2009-cu il tarixli 5462 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin X1 adına olması sözügedən torpaq sahəsinin X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini mümkünsüz edir. Məhkəmənin 13.04.2022-ci il tarixli 2-1(116)-224/2022 nömrəli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “üçüncü şəxs X1 adına verilmiş 04.08.2009cu il tarixli 5462 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək həmin sənəd üzrə torpaq sahəsinin iddiaçının anası X12 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə materiallarında olan: 067940 nömrəli “ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 08.06.1999-cu il tarixdə vəfat etmişdir. Qax rayon Notariat ofisinin cavabdehə ünvanlanmış 03.05.2021-ci il tarixli 613 nömrəli məktubunun surətinə əsasən müəyyən edilir ki, İddiaçı Qax rayon notariat ofisinə müraciət edərək 08.06.1999-cu il tarixdə vəfat etmiş mərhum anası X9 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum anası S.Əmranovanın adına olan torpaq sahəsinin hüquq müəyyən edən sənədləri olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Notariat ofisində təqdim edilmiş 17.07.1975-ci il tarixli, İ-JQ 459346 saylı doğum haqqında şəhadətnaməyə əsasən X12 qanun üzrə vərəsələrindən biridir. Məktubda həmçinin qeyd edilmişdir ki, “yuxarıda göstərilənlərə əsasən İddiaçı hüquqi xidmət göstərilməsi üçün mərhum anası S.Əmranovanın qanun üzrə vərəsəsi olması nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün çıxarış və texniki pasport verəsiniz”. Qax rayon Notariat ofisi cavabdehə eyni məzmunlu 10.03.2022-ci il tarixli 257 nömrəli məktub ünvanlamış, məktubun əsli iş materiallarına əlavə edilməsi üçün 07.04.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. X18 kitabında 04.06.2009-cu il tarixdə 5462 nömrə ilə uçota alınan “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Qax rayon AİKnın 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 10.492 kv.m torpaq sahəsinin planı və ölçüsü X3 adına tərtib edilmişdir. Qax RİH başçısının Zəyəm kənd İƏD üzrə nümayəndəliyinin 30.11.2021-ci il tarixli 397 nömrəli arayışında qeyd edilir ki, torpaq islahatı zamanı İddiaçı mərhum anası X14 şəhid ailəsi kimi 1,04 ha torpaq sahəsi verilmişdir. Ancaq DTXK səhvən həmin torpaq sahəsini X3 adına işləmişdir. Həmin sahədən 23 ildir ki, mərhum X12 ailəsi istifadə edir və həmin sahəyə fındıq kolları əkilmişdir. Qax rayonu Zəyəm bələdiyyəsinin 30.11.2021-ci il tarixli 83 nömrəli arayışında qeyd edilir ki, torpaq islahatı zamanı İddiaçı mərhum anası X14 şəhid ailəsi kimi əlavə verilmiş 1,04 ha bağ sahəsi DTXK tərəfindən səhvən Zəyəm kənd sakini X3mülkiyyətinə işlənmişdir. Sözügedən bağ sahəsi 1998-ci ildən İddiaçı ailəsinin istifadəsindədir və bu bağa dair bələdiyyəyə torpaq vergisi ödəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 08.12.2021-ci il tarixli məktubu ilə Qax rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarının arxiv nüsxəsinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. İdarə tərəfindən məhkəməyə 08.02.2022-ci il tarixli **********38 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Qax rayonu AİK-nın 30.06.1998-ci il tarixli 08 saylı qərarına əsasən mərhum X12 adına ayrılmış 10.492 kv.m pay torpaq sahəsinə elektron məlumat bazasına əsasən 10.492 kv.m olmaqla, DTXK tərəfindən 168203 saylı, **********0004 kodu ilə X3 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsinin naturada ölçüləri 1,0 hektar olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr, mülkiyyətçisi X5 və naturada istifadəçisi İddiaçıdur. İddia edilən torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilməklə məhkəməyə təqdim edilmişdir. İş üzrə 10.03.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 izahatında iddiaçının torpaq sahəsinin səhvən onun adına rəsmiləşdirildiyini, həmin sənədləri İddiaçı verdiyini, mübahisəli torpaq sahəsinə aidiyyatının olmadığını bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən X15 və onun ailə üzvləinə məxsus subyektlər siyahısından çıxarış məhkəməyə təqdim edilmiş, həmin subyektlər siyahısına əsasən müəyyən edilmişdir ki, siyahıda X12 (1931), İddiaçı (1964) və X13 (1977) adları 155 nömrəsi ilə qeyd edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir; 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 16.4-cü maddəsinə görə bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İnzibati mühakimə icraatı çərçivəsində məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsirini nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının müdafiəsi məqsədilə hər hansı vəzifənin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Odur ki, məhkəmə araşdırma nəticəsində müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Qax rayonunun Zəyəm kəndində aqrar islahat aparılan zaman iddiaçının mərhum anasına müvafiq qərarla torpaq sahəsi ayrıldıqdan sonra DTXK-nın Qax rayon şöbəsi tərəfindən tərtib edilmiş planölçü sənədində həmin torpaq sahəsi X1 adına işlənmişdir. İş materiallarında olan Qax RİH başçısının Zəyəm kənd İƏD üzrə nümayəndəliyinin, həmçinin Zəyəm bələdiyyəsinin arayışlarından da göründüyü kimi X14 1,04 ha torpaq sahəsi ayrılsa da, iddiada ləğv edilməsi tələb edilən X18 kitabında 04.06.2009-cu il tarixdə 5462 nömrə ilə uçota alınmış plan-ölçü sənədi səhvən iş üzrə üçüncü şəxs X1 adına tərtib edilmişdir. İş materiallarında olan mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyətçisinin X4 olması ilə yanaşı, naturada faktiki istifadəçisinin İddiaçı olduğu qeyd edilmişdir. Üçüncü şəxs də öz izahatında göstərilənləri təsdiq etməklə iddiaya münasibət bildirmişdir. Məhkəmə zəruri olaraq qeyd edir ki, iddiaçı iddia tələbində plan-ölçü sənədinin X18 kitabında uçota alındığı tarixi qeyd edərkən formal xətaya yol verərək 04 avqust 2009-cu il kimi göstərmişdir. Halbuki sözügedən plan-ölçü sənədində sənədin uçota alındığı tarix 04.06.2009-cu il olaraq göstərilmişdir. Odur ki, torpaq sahəsinin planı və ölçüsü sənədinin tarixi 04.06.2009-cu il kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə üçüncü şəxs X2 adına verilmiş 04.06.2009-cu il tarixli 5462 nömrə ilə uçota alınmış A №168203 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək həmin sənəd üzrə torpaq sahəsi iddiaçının anası X12 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X2 adına verilmiş, 04.06.2009-cu il tarixdə 5462 nömrə ilə uçota alınmış, A №168203 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək həmin sənəd üzrə torpaq sahəsinin iddiaçının anası X12 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-224/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-224/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver