Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2242/2025 15.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” X1rşı “xx.xx.1960-cı il tarixdə Qəbələ rayon Kürd kənd inzibati nümayəndəliyi tərəfindən tərtib edilmiş 28 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Zilfi”dən “Zülfüyə”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” X1rşı “xx.xx.1960-cı il tarixdə Qəbələ rayon Kürd kənd inzibati nümayəndəliyi tərəfindən tərtib edilmiş 28 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Zilfi”dən “Zülfüyə”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1960-cı il tarixdə Qəbələ rayonun Kürd kəndində doğulmuşdur. Hazırda qeyd etdiyi ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Qəbələ rayon Kürd kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.1960-cı il tarixdə 28 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Bu zaman ona məlum olmayan səbəblərdən doğum aktı qeydinin uşaq haqqında məlumat qrafasında adı səhv olaraq “Zilfi” qeyd edilmişdir. Qəbələ rayon Polis şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı ‘"Zülfü” yazılmışdır. Yaxın günlərdə torpaq mülkiyyətinə dair müəyən hərəkətləri etmək üçün müraciət edəndə məlum olmuşdur ki. Qəbələ rayon Qeydiyyat şöbəsində olan doğum haqqında akt qeydində qeydlərlə həmin sənədlərdə olan qeydlər arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Buna görə cavabdehə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2025-ci il tarixdə Qeydiyyat şöbəsində baxılmış və təmin edilməkdən 3-16-5/8-xx-xx/2025 saylı məktubla imtina edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Qəbələ rayon Kürd kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1960-cı il tarixli 28 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, uşaq haqqında məlumat qrafasında adını “Zülfü" deyil "Zilfi" yazımışdır və mövcud ziddiyətin aradan qaldırılması mümkün deyildir. Buna görə də problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh iddiaya münasibətində iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu, 04 may 1980-ci il tarixli, НЗ ******* seriya və nömrəli hərbi bilet, xx.xx.1975-ci il tarixli, АЗ-İ 220411 seriya və nömrəli “Səkkizillik” təhsil haqqında şəhadətnamə, 26 iyun 1982-ci il tarixli, Иİ-ЖГ 267072 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, 30 aprel 1980-ci il tarixli, БТ 593650 seriya və nömrəli diplom, BC 602615 seriya və nömrəli sürücülük vəsiqəsi, Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi II. TƏTBİQ EDİLƏN HÜQUQ: «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər ttərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Bənd 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur. Onun barəsində xx.xx.1960-cı il tarixdə Qəbələ rayon Kürd kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 28 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adı “Zilfi” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi və onun notarilal qaydada təsdiq edilmiş surətindən görünür ki, onun adı “Zülfü” olaraq qeyd edilmişdir. “Zülfü” adı həmçinin iddiaçının BC 602615 seriya və nömrəli sürücülük vəsiqəsində, eyni zamanda səkkizillik təhsil haqqında şəhadətnamə də qeyd edilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” xx.xx.1994cü il tarixli qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi- vətəndaşın şəxsiyyətini və Azərbaycan Respublikasına mənsubiyyətini təsdiq edən rəsmi sənəddir. Vəsiqə vətəndaşa Azərbaycan Respublikasının vətəndaşı olduğunu və onun şəxsiyyətini rəsmi şəkildə müəyyənləşdirmək üçün verilir. Qəbələ RPŞ-dən məhkəmə daxil olmuş fərdi uçot kartoçkasının surətindən görünür ki, iddiaçıya “Zülfü” adı ilə şəxsiyyət vəsiqəsi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanununun tələb etdiyi sənədlər əsasında verilmiş və bu barədə kartoçkada müvafiq qeydlər aparılmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi səlahiyyətinə malik olan inzibati qurumun (Az.Resp. DİN) iddiaçıya “Zülfü” adı ilə şəxsiyyət vəsiqəsi verməsi onun şəxsiyyətini və Azərbaycan Respublikasına mənsubluğunu məhz həmin adla qəbul etməsinin göstəricisidir. Başqa sözlə, Azərbaycan Respublikası iddaçının şəxsiyyətini “Zülfü” adı ilə tanımaqla qəbul etmişdir. İddiaçı özü də şəxsiyyət vəsiqəsi əldə edərkən orada qeyd edilmiş adına etiraz etməmiş və onu qəbullanmışdır. Digər tərəfdən, xx.xx.1960-cı il tarixdə Qəbələ rayon Kürd kənd inzibati nümayəndəliyi tərəfindən tərtib edilmiş 28 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında “Zilfi” kimi qeyd olunmuş adla bağlı o da qeyd olunmalıdır ki, “zilfi” və ya “zilf” sözləri nə Azərbaycan Respublikası AMEA Dilçilik İnstitutu tərəfindən hazıranmış “Azərbaycan dilinin izahlı lüğətində”, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında 2021-ci ildə hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğətində” yer almışdır. Məhkəmə qeyd edir ki, iddiaçının doğum akt qeydində göstərilmiş - “Zilfi” Azərbaycan dilində mövcud olmayan, heç bir mənası və semantik yükü olmayan, heç nəyi ifadə etməyən bir sözdür. Əksinə iddiaçının şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Zülfü” sözünün kökü “zülf”-dən ibarətdir və o, “Azərbaycan dilinin izahlı lüğətində” saç, xüsusilə uzun, iki tərəfdən sallanan tel mənasını verən söz kimi izah edilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan dilində mövcud olmayan, heç bir mənası və semantik yükü olmayan, heç nəyi ifadə etməyən “Zilfi” sözünün iddiaçıya ad kimi verilməsini inandırıcı hesab etmir və bunu inzibati qurumun doğum akt qeydini tərtib edərkən sözün yazılışında yol verdiyi orfoqrafik səhvi kimi qəbul edir. Yuxarıda qeyd olunanlara əsasə məhkəmə hesab edir ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Qəbələ rayon Kürd kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1960-ci il tarixdə tərtib edilmiş 28 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Zilfi”dən “Zülfü”yə düzəliş edilməsi öhdəliyi cavabdeh Qəbələ Regional “Asan Xidmət” X2 üzərinə qoyulsun. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: X5
Məhkəmə qərarları › İş №2-1(116)-2242/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2242/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver