Məhkəmə qərarları › İş №2-1(116)-2249/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2249/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2249/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “xx.xx.2007-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlillik üzrə əlillik səbəbi hissəsinə düzəliş edilərək hərbi xidmət dövrü ilə əlaqədar olmasının qeyd edilməsi və əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olmasının xx.xx.2007-ci il tarixdən hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2007-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlillik üzrə əlillik səbəbi hissəsinə düzəliş edilərək hərbi xidmət dövrü ilə əlaqədar olmasının qeyd edilməsi və əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olmasının xx.xx.2007-ci il tarixdən hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1996-cı il tarixdə hərbi xidmətə çağırılmış və 1997-ci ilin may ayında N saylı hərbi hissədə müayinə edilmiş, “sol ağciyərin ocaqlı vərəmi” diaqnozu ilə qeydə alınmışdır. 24 iyun 1997-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1997ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. ona "sol ağciyərin ocaqlı vərəmi infiltrasiya vərəmi BK” diaqnozu qoyulmuşdur və hərbi xidmət dövründə alınması göstərilmişdir. 24 iyun 1997-ci il tarixdə verilmiş xəstəlik tarixində xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir . Həmçinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi hərbi xidmət dövrü kimi qeyd edilmişdir . Lakin əlillik qiymətləndirilərkən əlilliyin səbəbi düzgün olmayaraq ümumi xəstəlik kimi qeyd edilmişdir və alt sistemdə ümumi xəstəlik kimi işlənmişdir. İddiaçı əlilliyin səbəbi hissəsinə düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətdə oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına və normativ hüquqi aktların mətnlərinə istinad etmiş, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəliyin hərbi xidmət dövründə keçirilən xəstəliklə əlaqədar yaranmadığını və buna görə də iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsinin mümkün olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Sol ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, T.A.P İİ dər. Toksiki zob (Xəstəliklərin beynəlxalq təsnifatı: İ sinif- bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm => A15- Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2- Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş), meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə, ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin olunmuşdur. - MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, 1521 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “Sol ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, BK (-)” diaqnozu qoyulmuş, xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir. - 15 saylı Zona TSEK-də 417834 müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə təkrar müayinə olunmuş, əlilliyin hərbi xidmət dövründə alması səbəbi ilə ikinci qrup əlillik təyin olunmuşdur. Əlillik müddəti xx.xx.2003-cü il tarixədək qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 2.5. "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1978-ci il təvəllüdlü iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, 1521 nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçıya “Sol ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, BK (-)” diaqnozu qoyulmuş, xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, 15 saylı Zona TSEK-də 417834 müayinə aktından çıxarışda iddiaçı xx.xx.2002-ci il tarixdə təkrar müayinə olunarkən ona əlilliyin hərbi xidmət dövründə alması səbəbi ilə ikinci qrup əlillik təyin olunmuşdur. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, 1521 nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçıya qoyulmuş diaqnozla bağlı xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir. Bu işin təkzib olunmaz halıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.1.5-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. “Qaydalar”ın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən Sol ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, T.A.P İİ dər. Toksiki zob (Xəstəliklərin beynəlxalq təsnifatı: İ sinifbəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm => A15- Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2- Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş) diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilsə də, əlilliyin səbəb əlaqəsi ümumi xəstəlik qeyd edilmişdir. İstinad olunmuş “Qaydaların” 3.2-ci bəndində əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. “Qaydaların” 3.6-cı maddəsinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. İddiaçı, MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.1997ci il tarixli, 1521 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmiş məlumatlara istinad etməklə ona təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinə uyğun ümumiyyətlə inzibati araşdırma aparmamışdır. İstinad olunan “Qaydaların” və İİHQ-nun tələbləri baxımından cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərlə (MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, 1521 nömrəli xəstəlik haqqında şəhadətnamə) bağlı inzibati icraat başlamalı, həmin sənədləri iddiaçıya təyin edilmiş ilkin əlillik təyinatına (xx.xx.2007-ci ilədək və ondan sonrakı) dair sənədlərlə (göndəriş və xəstəlik tarixçəsinə dair digər sənədlərlə) müqayisəli tədqiq etməli, zərurət olduğu halda iddiaçını əyani müayinəyə cəlb etməli və əlillik səbəbinin dəyişdirilməsi əsaslarını “Qaydalar”ın 3.1.1 və ya 3.1.2-ci bəndlərinə uyğun yoxladıqdan sonra “Qaydaların” 3.2-ci bəndinə uyğun olaraq müraciətin təmin edilməsi və ya təmin edilməsindən imtina edilməsi barədə qərar qəbul etməli idi. Hazırkı işdə isə cavabdeh orqan hər hansı inzibati araşdırma aparmadan formal imtina məktubu tərtib edilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh orqanın üzərinə məhkəmənin hazırkı qərarda ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciətinə məhkəmənin bu qərarda ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq yenidən baxılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar