Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-225/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli, 11/5280 nömrəli etirazını belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədəki xidməti təsdiq olunmadığından və yaralanmağının şəraiti məlum olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və N nömrəli hərbi hissə komandirinin mart 1995ci il tarixli əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin iddiaçı iddia müddətinin vaxtını qat-qat ötürmüşdür. Belə ki, imtina 2018-ci ildə olduğu halda o, məhkəməyə 2020ci ilin sentyabrında müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Ağdaş RHK tərəfindən verilən hərbi bilet əvəzi arayışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılıb. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.1997-ci il tarixli, 160 nömrəli əmrlə ordudan tərxis olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilən hərbi bilet əvəzi arayışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Arayışın təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Ağdaş RHK tərəfindən Milli Ordu sıralarına göndərilmiş, Biləcəri toplanış məntəqəsindən N nömrəli komandaya təhvil verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin MN Tibb Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2017-ci il tarixli,12/Ə nömrəli məktubunda qeyd edilir ki, iddiaçının 1995ci il ərzində N nömrəli hərbi hissədə müalicə olması ilə bağlı qeydiyyat yoxdur. İddiaçı xx.xx.1996-cı il tarixdə N nömrəli hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasında (protokol № 88, xx.xx.1996) şəhadətnamələndirilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-4761 nömrəli məktubunda qeyd edilir ki, Ağdaş RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 11 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, sıra 26) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş çavuş İddiaçı Zahid oğlunun N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 93 NQ-İİ nizami hissə üzrə əmrində (əsas: § 5, sıra 9, əmrdə atasının adı Zahid yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li nizami hissə üzrə əmrində (əsas: səh 27, § 2) N №-li hərbi hissədən ezamiyyətə göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin qazan təminatına daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 357 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 20, § 1, sıra 11) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyyata tərxis olunduğu üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 311 №li nizami hissə üzrə əmrilə (əsas: səh § 7, sıra 1) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək qeydiyyata düşmək üçün Ağdaş RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və N №-li hərbi hissə komandirinin mart 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 1/A-1974 nömrəli məktubunda qeyd edilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 21 02.2018-ci il tarixli 9/2-2819 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə iddiaçının xidməti təsdiqlənmədiyindən və yaralanması şəraiti barədə hərbi hissə tərəfindən arayış olmadığından ona "Müharibə Veteranı’' adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin Nazirliyin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 9/2-7337 nömrəli məktubda qeyd olunur ki, N nömrəli hərbi hissənin aprel-iyun 1994-cü il tarixli şəxsi heyətinin pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində iddiaçının 888, N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq xx.xx.1994xx.xx.1994, xx.xx.1994-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1997-ci illərdə hərbi xidmətdə olması, biletin 7-ci səhifəsində onun xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, biletin 3-cü səhifəsində xx.xx.1997-ci il tarixdə xx.xx.1997-ci il tarixli 160 nömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır. İş materiallarında olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1103 nömrəli məktubuna əlavə edilmiş iddiaçının xidməti kartasının təsdiq edilmiş surətində onun N və N nömrəli hərbi hissələrdə müvafiq olaraq xx.xx.1994-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1997-ci illərdə hərbi xidmətdə olması, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayonunda döyüş bölgəsində xidmət aparması, xx.xx.1997-ci il tarixdə xx.xx.1997-ci il tarixli 160 nömrəli əmrlə ordudan tərxis olunmasına dair qeydlər aparılmışdır. İş materiallarında olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1103 nömrəli məktubuna əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2018-ci il tarixli, 5116 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, 056 nömrəli hərbi hospitalın (223 nömrəli hərbi hissənin) 1996-cı ilə məxsus tibbi sənədləri saxlanılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təhvil verilmədiyinə görə vətəndaş İddiaçı stasionar müayinə və müalicədə olması barədə məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan MHHK-nın xx.xx.2020-ci il tarixli, 1791 nömrəli məktubunda qeyd edilir ki, iddiaçıya aid 1996-cı il üçün xəstəlik haqqında şəhadətnamə yoxdur və qeydiyyat jurnallarından keçmir. İş materiallarında olan Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın Nazirliyin Hüquq İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/9-6227 nömrəli məktubda qeyd edilir ki, N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 9/2-1624 nömrəli məktubuna əmrlərdən çıxarışlar əlavə edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 11 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına alınmış, bütün təchizatlarla təmin edilmişdir. Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 93 nömrəli əmrindən müəyyən edilir ki, iddiaçı 1-ci motoatıcı taburun əsgərləri ilə birlikdə xx.xx.1994-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əmrdə qeyd edilir ki, həqiqi hərbi xidmətdə olan əsgərlər xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılıb təchizatlardan məhrum edilməli, lazımi sənədlərlə təmin edilməli və bir günlük quru ərzaqla təmin edilməlidir. Məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 91 nömrəli əmrilə N saylı hərbi hissədən N saylı hərbi hissəyə gəlmiş ezamiyyətə qazan təminatına qoyulmuşlar. Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 357 nömrəli əmri ilə Pirəkəşkül qəsəbəsindən hərbi xidmətə göndərilmiş iddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, 311 nömrəli əmri ilə iddiaçı Müdafiə Nazirinin 160 saylı xx.xx.1997-ci il tarixli əmrinə əsasən xx.xx.1997-ci il tarixdən bütün növ təminatlardan silinmiş, şəxsi heyətin siyahısından çıxarılmış, ordudan tərxis edilmiş və hərbi qeydiyyata düşmək üçün müvafiq hərbi komissarlığa göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/A-5025 nömrəli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Cavabdeh orqan etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədəki xidməti təsdiq olunmadığından və yaralanmağının şəraiti məlum olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Cavabdehin etirazının dəlilləri əsassızdır. İş materiallarında olan sənədlərdən və əmrlərin təsdiqlənmiş surətindən iddiaçının N nömrəli hərbi hissədəki xidməti tam təsdiq olunur. Cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə əlaqədar İnzibati icraat haqqında qanunla üzərinə qoyulmuş vəzifələri icra etməmiş, iddiaçının xidməti tam təsdiq olunduğu halda əsassız olaraq onun müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xidmətini və qanuni əsaslarla təxris olunmasını təsdiq edən sənədlər hər-hansı digər orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır, həmin sənədləri cavabdeh inzibati orqan özü məhkəməyə təqdim etmişdir. Deməli eyni qaydada cavabdeh özü də icraat aparmaqla məhkəmənin hazırda gəldiyi nəticəyə gəlmək iqtidarında olmuşdur, lakin qanunla üzərinə qoyulmuş öhdəliklərə əməl etmədiyi və iddiaçının müraciətinə formal yanaşdığı üçün hazırki mübahisənin yaranmasına rəvac vermişdir. Etirazın müddətin ötürülməsi barədə dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia olduğu üçün hər-hansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi və faktiki əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-225/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-225/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver