Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-225/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X1, cavabdehin nümayəndəsi Hacı-X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1713/2022 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(116)-225/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı hazırkı iş üzrə X2 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konsturktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu iddia edir. Odur ki, qanunvericiliyin tələblərini pozmaqla tikilmiş Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına reyestr nömrəsi 40401 1005254-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması tələbi ilə 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 23 iyun 2022-ci il tarixli **********40 saylı məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya münasibət bildirilməsi barədə xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Nümayəndə1 Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, xx.xx.2019-cu il tarixli, **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binasına X1 adına verilmiş **********54-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi iddiaya münasibət bildirməmiş,nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş,bunun üzrləri səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və **********54-06301 reyestr nömrəli Texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 1678.90 kv. metr sahəsi olan qeyri-yaşayış binası və tikilinin yerləşdiyi 0,1588 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv. Metr sahəsi olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir.Həmin tikilinin yerləşdiyi 0,0015 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki;
1. Üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir.
2. üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üsdə düşmür.
3. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m. tikintialtı sahəsi 4.1 kv.mdir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil.
4. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir.
5. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil.
6. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli aşağıdakı hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan işin hallarından müəyyən olunur ki, ləğvi tələb olunan xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan qeyriyaşayış binasının yerləşdiyi 0,015 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının mülkiyyətində olan 0,1588 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisələndirilən torpaq sahəsi və onun üzərindəki tikiliyə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki,iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının arasında-hər iki binanın divarlarına bitişik, sahəsi 2.7 kv.m.,tikintialtı sahəsi 4.1 kv.m olan tikili vardır.Həmin tikili nə iddiaçıya məxsus,nə də üçüncü şəxsə məxsus Çıxarışlarda və texniki pasportlarda təsbit olunmamışdır.Həmin tikilinin özünəməxsus yan divarları mövcud olmamaqla bir tərəfdən iddiaçıya,digər tərəfdən isə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının yan divarlarına bitişikdir. Yəni,faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının üçüncü şəxsə məxsus qeyri-yaşayış binası ilə bitişik olmadığı,ayrı-ayrılıqda hər iki tikiliyə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72 №-li qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbi pozulmamışdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı :
İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə