Məhkəmə qərarları › İş №2-1(116)-225/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-225/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-225/2025 29.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaraviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya təyini üçün üçün köməklik göstərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya pensiya təyini üçün üçün köməklik göstərilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021cü il tarixdən ona yaşa görə əmək pensiyası almaq məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazına əsasən cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 08 ay, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 il 09 ay müddətdir ki, ümumilikdə 02 il 05 ay təşkil edir. Həmçinin diqqətinizə çatdırırıq ki, iddiaçı 1978-ci ilin dekabr ayından 1987-ci ilin aprel ayına qədər Ağdaş rayon Kino İdarəsində kinomexanik vəzifəsində işlədiyini qeyd edir. Lakin qeyd etməyi zəruri hesab edirik ki, bu dövr əmək kitabçasında qeyd edilməmiş, həmin dövrdə adıçəkilən vəzifədə işləməyini sübut edən hər hansı mötəbər sübut cavabdehə təqdim edilməmişdir. Qeyd edək ki, iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 05 il 03 ay 16 gün, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 10 il 7 ay müddətdir ki, ümumilikdə 15 il 10 ay 16 gün təşkil edir. Belə ki, adı çəkilən Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Fondun 1 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kolxozlararası üzümçülük birliyində iddiaçının 1987-ci ilin may, iyun, iyul aylarında işləməyi və ona 1987-ci ilin dekabr ayında əməkhaqqı ödənilməsi müəyyən edildiyindən, eyni zamanda arxivdə saxlanılan şəxsi hesab kitablarda digər illərdə işləməyi və əməkhaqqı almağı barədə məlumat aşkar edilmədiyindən sığorta stajına yalnız əməkhaqqı ödənilən aylar (xx.xx.1987-ci il tarixdən 01.01,1988-ci il tarixədək) daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək qeyd edilmiş dövrün doldurulma qaydası pozulduğundan (işə daxilolma əmrinə möhür vurulub, əmək kitabçasının doldurulma tarixində və qeydlərdə qaralamalar var), eyni zamanda Ağdaş rayon Dövlət Arxivinin 23.01,2024-cü il tarixli məktubuna əsasən Ağdaş rayon 75 saylı Təmir-Tikinti İdarəsinin sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövr üzrə iddiaçının əməkhaqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçının fərdi şəxsi hesabında 01.01,2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbi təmin olunmamışdır.

2. İddiaçıya məxsus ******* saylı Əmək kitabçası.

3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956ci il təvəllüdlüdür.

4. Cavabdehin 14 mart 2024-cü il tarixli etirazı və ona əlavə edilən sənədlər.

5. Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. İfadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu xx.xx.2021-cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına və arxiv materiallarına əsasən onun 2006-cı ilədək sosial sığorta stajı 16 il 6 ay 17 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 il 09 ay müddətdir ki, ümumilikdə 18 il 03 ay 26 gün təşkil edir. İddiaçı 1978-ci ilin dekabr ayından 1987-ci ilin aprel ayına qədər Ağdaş rayon Kino İdarəsində kinomexanik vəzifəsində işlədiyini qeyd edir. Lakin, həmin dövr əmək kitabçasında qeyd edilməmiş, həmin dövrdə adıçəkilən vəzifədə işləməsini sübut edən hər hansı mötəbər sübut cavabdehə və məhkəməyə təqdim edilməmişdir.Məhkəmə araşdırması zamanı da həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsinə əsas müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının işlədiyi və əmək kitabçasında təsdiqini tapan bütün dövrlərin nəzərə alınması halında belə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya təyini üçün üçün köməklik göstərilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar