Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2258/2024 23.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “28 mart 2006-cı il tarixli JN-4333A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “28 mart 2006cı il tarixli JN-4333A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı xx xxxxx 1976-cı ildə Beyləqan rayonu Bahar kəndində anadan olmuşdur. Hazırda isə Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 5 mənzil 11-də yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə İddiaçı 0,05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı ona 28 mart 2006-cı il tarixli JN-4333A saylı (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Uzun illərdir ki, o, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən maneəsiz istifadə edir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi də tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. Hazırda o mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətə imtina cavabı vermişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Yevlax şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə itə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti iiə əlaqədar idarənin arxiv məlumatlanna; elektron məlumat bazasına əsaslanaraq JN-4333A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-4333A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-4333A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Vətəndaşın nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mumkun olmamışdır Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, istinad etdiyi “Şəhadətnamə”də göstərilən torpaq sahəsini Yevlax bələdiyyəsində “Elçin müəllim” kimi tanıdığı şəxsdən 1000 manat pul müqabilində almışdır. Belə ki, o “Elçin” adlı şəxsə 1000 manat pul vermiş, sonuncu isə sənədi düzəldib ona verəcəyini bildirmişdir. Daha sonra onu çağırmış və sənədin hazır olduğunu bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, JN-4333A kod 90101002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilən 5/1227 nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştiraklarını mümkünsüz edən üzürlü səbəblər barədə sübutlar təqdim etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, iş materialları ilə Yevlax rayon AİKnın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçıya Yevlax şəhərində 0.05 ha torpaq sahəsinin ayrılması sübuta yetirilmir. Belə ki, iddiaçının sübut qismində əslini məhkəməyə təqdim etdiyi JN-4333A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,05 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi qeyd edilsə də, müəyyən edilir ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-4333A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-4333A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Bu isə iddiaçının adına tərtib edilmiş şəhadətnamədə qeyd edilmiş məlumatların mötəbər olmaması qənaətini yaradır. İddiaçının adına tərtib edilmiş JN-4333A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi iş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının rəyi ilə də sübut olunur. Belə ki, rəyin “tədqiqatın nəticəsi” hissəsində qeyd edilir ki, tədqiqata təqdim edilmiş İddiaçı adına Torpağın mülkiyyətə verilməsinə dair JN-4333A KOD 90101002 nömrəli şəhadətnaməsinin 3-cü və 4-cü vərəqlərindəki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax rayon şöbəsinin möhür əksi və “M.Mustafayev” sözünün qarşısındakı imza şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş İddiaçı adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 4333A KOD 90101002 nömrəli şəhadətnaməsinin 3-cü vərəqindəki Dövlət Yerquruluşu Layihə İnstitutu Bərdə şəhərlərarası yerquruluşu İdarəsinin möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur Tədqiqata təqdim edilmiş İddiaçı adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 4333A KOD 90101002 nömrəli şəhadətnaməsinin 3-cü vərəqindəki “F.Cəfərov" sözünün qarşısındakı imza birbaşa qələmlə icra edilmişdir. Məhkəmə, xx.xx.2024-ci il tarixli 5/1227 №-li ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, müvafiq rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə sübut qismində qəbul edilməlidir. Belə ki, sözügedən Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi məhkəmə iclasında iddiaçının verdiyi izahatla da, müəyyən olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçı isə “Şəhadətnamə”də göstərilən torpaq sahəsini Yevlax bələdiyyəsində “Elçin müəllim” kimi tanıdığı şəxsdən 1000 manat pul müqabilində aldığını bildirir. Beləliklə, iddiaçıya Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.05 ha torpaq sahəsinin ayrılması iş üzrə yuxarıda qeyd edilmiş sübutlarla təkzib olunduğundan, təqdim edilmiş JN-4333A KOD 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılması müvafiq ekspert rəy ilə sübut olunduğundan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “28 mart 2006-cı il tarixli JN-4333A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-2258/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2258/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver