Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2259/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 31 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubunu qanunsuz hesab edərək nəvəsi X3 onun qəyyumluğunda olması ilə bağlı ödənilən müavinətin xx.xx.2022-ci il tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 31 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubunu qanunsuz hesab edərək nəvəsi X3 onun qəyyumluğunda olması ilə bağlı ödənilən müavinətin xx.xx.2022-ci il tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının oğlu X6 xx.xx.2005-ci il tarixdə X4 ilə ailə həyatı qurmuşdur. İddaçının oğlu xx.xx.2005-ci il tarixdə avtomobil qəzasında vəfat etmişdir. İddiaçının nəvəsi Murad Musayev xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İddiaçının gəlini X5 Musayevdən imtina etmiş və xəstəxanada qoyaraq valideynləri ilə birlikdə atası evinə getmişdir. İddiaçı nəvəsini xəstəxanadan götürmüş və böyütmüşdür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli **********1 nömrəli cavab məktubu ünvanlanmışdır. Cavabdeh sözügedən məktubunda qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12-ci bəndinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçıya bildirilmişdir ki, X1 valideynlik hüququndan və ya X3 valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacaqdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı müraciətinə cavab olaraq müvafiq filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli cavab məktubunda “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12-ci bəndinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçiiərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin Qərarının surəti təpdim edildikdən sonra müraciətə yenidən baxılacağı göstərilmişdir. Lakin İddiaçı müvafiq filiala heç bir sənəd təqdim etməmişdir. Hazırkı vəziyyətdə İddiaçı subyektiv hüququ ümumiyyətlə mövcud deyildir. İddiaçının cavabdeh inzibati orqana qarşı iddia tələbi o halda mümkün sayıla bilərdi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edib hüquqi nəticə gözləmək üçün qanunun tələblərini ödəmiş vəziyyətdə olardı. Başqa sözlə, cavabdeh inzibati orqanın qeyd edilən məsələ ilə bağlı bir mövqeyi mövcud olardı. Bu zaman iddiaçı inzibati orqanın bu mövqeyini məhkəmə qaydasında mübahisələndirə, cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Bu qayda ümumilikdə hakimiyyətlərin bölünmə prinsipindən irəli gəlir və inzibati prosesin ruhunu təşkil edir. Bu qaydaya görə, qanunverici hakimiyyət qanunun tələblərini müəyyən etməli; vətəndaş bu qanunun tələblərini ödəyirsə, subyektiv hüququnun icrası ilə bağlı icra hakimiyyəti orqanının mövqeyi mövcud olmalı; icra hakimiyyəti orqanının bu mövqeyinin qanunun tələblərinə uyğun olub-olmamasını məhkəmə hakimiyyəti tərəfindən yoxlanmalıdır. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddiaçıya imtina cavabı verilmədiyini bildirmiş, iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu görünsə də, iddiaçı tərəfindən cavabdehə müraciət olunduqdan sonra ona göndərilən 31 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubda qeyd olunanların müraciətin təmin olunmasından imtina edilməsi barədə olmadığı müəyyən olunmuşdur. Belə ki, cavabdehin məktubunda qanunvericiliyin tələbləri izah olunaraq müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surətinin təqdim edilməsinin zəruriliyi bildirilmiş, sözügedən qərar təqdim edildikdən sonra iddiaçının müraciətinə yenidən baxılacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarını təqdim etməklə yenidən cavabdehə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq cavabdeh tərəfindən müraciətdən imtina edilmədiyi və müvafiq məhkəmə qərarı təqdim edildiyi təqdirdə müraciətinə yenidən baxılacağı müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 31 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubunu qanunsuz hesab edərək nəvəsi X3 onun qəyyumluğunda olması ilə bağlı ödənilən müavinətin xx.xx.2022-ci il tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2259/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2259/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver