Məhkəmə qərarları › İş №2-1(116)-226/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-226/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-226/2021 16.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mərhum həyat yoldaşı 1910- cu il təvəllüdlü X4 Böyük Vətən Müharibəsi iştirakçısı olmuş və xx xxxxx 1986-cı il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində vəfat etmişdir. Hər il Qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" 2010-cu il 22 aprel tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüşən cəbhələrin arxa hüdudları, döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Hər il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məlum sərəncamları ilə bu maddi yardım artırılaraq verilməkdədir. Lakin iddiaçı Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq bu yardımları ala bilməmişdir. Bu barədə dəfələrlə şifahi müraciəti nəticəsiz qalmışdır. DSMF publik hüquqi şəxsinin Yevlax rayon filialına yazılı surətdə etdiyi son müraciətə müsbət cavab verilməmişdir. Ona görə də iddiaçı 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020- ci illər üçün hesablanıb verilməsi öhdəliyinin DSMF publik hüquqi şəxsinin Yevlax rayon filialının üzərinə qoyulmasına dair iddia ərizəsi ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, mərhum həyat yoldaşı X4 “Böyük Vətən müharibəsi” iştirakçısı olmuşdur. Onun həyat yoldaşı olaraq indiyədək almadığı birdəfəlik maddi yardımları almaq istəyir. Lakin nəzərə almaq lazımdır ki, “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xx xxxxx 2010-cu il tarixdə verilmişdir. Həmin vaxtdan isə 10 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Sərəncamında isə həmin birdəfəlik maddi yardımın əvvəlki illər üzrə birdəfəlik qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının tələbi üzrə hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya, müavinət və digər ödənişlərin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması prinsiplərinə uyğun həyata keçirilməlidir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1167/1 nömrəli akt qeydindən görünür ki, X4 ilə Bəşirova (Zeynalova) Səmayə Lətif qızı arasında xx.xx.1946-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1167 nömrəli akt qeydindən görünür ki, X4 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 359 nömrəli arayışından görünür ki, iddiaçının mərhum həyat yoldaşı X1 Dünya Müharibəsi iştirakçısı olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşının Böyük Vətən Müharibəsi illərində hərbi xidmətdə olması, xx xxxxx 1986-cı ildə vəfat etməsi işin mübahisəsiz hallarına aiddir. Hazırkı işin yeganə mübahisələndirilən halı müavinətin nə vaxtdan ödənilməli olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər X6 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamlarında birdəfəlik maddi yardım verilməli olan şəxslərə verilməli olan maddi yardımın verilməsi hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Həmin sərəncamlarda birdəfəlik maddi yardım verilməli olan subyektlərin dairəsi, birdəfəlik verilməli olan maddi yardımın məbləğləri və həmin sərəncamların icrası ilə bağlı məsələlər nəzərədə tutulmuşdur. İddiaçının müvafiq sənədləri gec əldə etməsi və həmin sənədləri xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim etməsi onun bu statusu yeni qazanması kimi qiymətləndirilə bilməz. Belə ki, o bu statusu onun həyat yoldaşının vəfat etdiyi vaxtdan əldə etmişdir. Belə olan halda, məhkəmənin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər X6 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamları ilə həmin kateqoriyadan olan şəxslərə əvvəllər verilmiş müavinətlər iddiaçıya da şamil edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2200/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında da analoji iş üzrə eyni hüquqi mövqe sərgilənmişdir. (Açar sözlər: İİ Dünya Müharibəsinin döyüşçüsünün dul arvadına ödənilən birdəfəlik müavinət) “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb İddiaçı ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar