Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-226/2023 30.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1936-cı il tarixdə doğulmuş mərhum atası X5 doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3852/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək, 24 sentyabr 1936-cı il tarixdə İsmayıllı rayonu, Lahıc qəsəbəsində doğulmuş (atası- X11; anası-X17) mərhum atası X5 adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh İsmayıllı rayon qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3852/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbini yenidən dəqiqləşdirərək, xx.xx.1936-cı il tarixdə İsmayıllı rayonu, Lahıc qəsəbəsində doğulmuş (atası-X11; anası- X17) mərhum atası X5 adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh İsmayıllı rayon qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3852/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək, xx.xx.1936-cı il tarixdə doğulmuş mərhum atası X5 doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı vərəsəliklə bağlı atasının doğum şəhadətnaməsi tələb olunduğuna görə cavabdeh orqana müracət etmiş, cavabdeh orqan isə iddiaçıya doğum haqqında akt qeydinin tapılmamasına dair arayış verilmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan xx.xx.2023-ci il tarixli 05/Q-06/13 nömrəli iddia tələbinə münasibətində imtina ilə eyni məzmunlu münasibət bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-ci il tarixli 72 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - X4 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-3275/13 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1964-cü ildə İsmayıllı rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X9, anasının isə X6 olduğu müəyyən edilmişdir. T.Ələkbərovla Ş. Ələkbərovanın (İsmayılovanın) nikahı xx.xx.1958-ci ildə adıçəkilən qurumda qeydə alınmışdır. T.Ələkbərovun xx.xx.1987-ci ildə İsmayıllı rayon qeydiyyat şöbəsində tərtib edilmiş ölümü haqqında akt qeydinə baxış keçirilərkən onun doğum tarixinin xx.xx.1936-cı il, ölüm tarixinin xx.xx.1987-ci il olduğu, eləcə də ölüm səbəbinin “kaxeksiya” kimi qeyd edildiyi məlum olmuşdur. Ş.Ələkbərovanın (İsmayılovanın) xx.xx.1960-cı ildə İsmayıllı rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında bərpa akt qeydindən atası X8, anası isə X3 qeyd edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən T.Ələkbərovun doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Dekabr 1964-cü il tarixli 361 nömrəli doğum aktı qeydindən görünür ki, iddiaçının atasının soyadı Ələkbərov, adı Tapdıq, ata adı Məzlum olmuşdur. - xx.xx.1987-ci il tarixli 32 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X9 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1958-ci il tarixli 88 nömrəli evlənmə haqqında akt qeydindən görünür ki, X13 ilə İsmayılova (Ağayeva) Şərqiyyə Türbət qızı arasında nikah bağlanmışdır. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 166 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 170 nömrəli arxiv fondunda saxlanan 1935-1939-cu illərin Lahıc qəsəbəsi üzrə 393 vərəqdən ibarət doğum aktlarının qeydi kitabında T.Ələkbərovun adı aşkar edilməmişdir. - xx.xx.1954-cü il tarixli 1236 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, X10 Bakı şəhərində 15 nömrəli fabrikdə (zavodda) bənna peşəsi üzrə təhsil almışdır. - НЗ ******* nömrəli Hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, X5 doğum tarixi 1936-cı il qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (X4 qeydə alınması) 158.1. X4 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X4 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. X4 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X4 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. https://www.e-qanun.az/framework/46946 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən “ Əsas Müddəalar: İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası .
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atası 1936-cı ildə doğulmuş, xx.xx.1987-ci ildə vəfat etmişdir. X2 ilə X6 arasında xx.xx.1958-ci ildə nikah qeydi bağlanmış, həmçinin xx.xx.1954cü il tarixli 1236 nömrəli attestat, НЗ ******* nömrəli Hərbi bilet tərtib edilmişdir. Sözügedən sənədlərin mövcudluğu onu deməyə əsas verir ki, mərhum tapdıq Ələkbərovun doğumu haqqında dəqiq məlumatlar olmuş, şəxsiyyətini təsdiq edən sənədə malik olmuş və məhz həmin sənədlər əsasında X4 dövlət qeydiyyatı həyata keçirilmişdir. Digər tərəfdən işdə olan xx.xx.1987-ci ildə İsmayıllı rayon qeydiyyat şöbəsində tərtib edilmiş ölümü haqqında akt qeydinə onun doğum tarixi xx.xx.1936-cı il, ölüm tarixi xx.xx.1987-ci il qeyd edilmişdir. İddiaçının doğum akt qeydi olmadığı halda doğum tarixinin dəqiq xx.xx.1936-cı il qeyd edilməsi onu deməyə əsas verir ki, müvafiq qeydləri icra edən inzibati orqanda iddiaçının doğum tarixinin hansı tarix olması ilə bağlı hər hansı şübhə və mübahisə yaranmamışdır. Əks halda doğum akt qeydi mövcud olmayan şəxsin ölüm akt qeydinin tərtib edilməsinə yol verilməzdi. Bu isə məhkəmədə həqiqətən də X1 doğum akt qeydinin əvvəllər mövcud olması qənaətini yaradır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh İsmayıllı Rayon Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1936-cı il tarixdə doğulmuş X1 doğum akt qeydinin bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.