Məhkəmə qərarları › İş №2-1(116)-226/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-226/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-226/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı adına uçota alınmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) etibarsız hesab edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, İddiaçı adına uçota alınmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı heç vaxt vergi ödəyicisi olmamışdır. 01 yanvar 2020-ci il tarixdən barəsındə sosial pensiya təyin edilmişdir. 180 manat sosial pensiya təyin edilməsinə baxmayaraq qanunsuz və əsassız olaraq hər ay pensiyasından 130 manat pul vəsaiti tutulur. Bu barədə çoxsaylı müraciətlərindən sonra bir müddət sosial pensiyası tam məbləğdə ödənildi. xx.xx.2022- ci il tarixdə isə yenidən pensiya məbləği tutuldu. İddiaçının heç bir dövlət təşkilatı və ya qeyri-dövlət təşkilatı, o cümlədən bank və ya bank olmayan digər kredit təşkilatları qarşısında öhdəlikləri yoxdur , o cümlədən heç bir fiziki və ya hüquqi şəxsə də borcu yoxdur. İddiaçı aktiv vergi ödəyicisi olmamışdır. Torpaq mülkiyyətçisi olaraq "Fiziki şəxsin uçotu haqqında "ərizə imzalamamış və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmamı xahiş etməmişdir. Barəsində olan , qeyd edilənlərlə bağlı qeydiyyatlar düzgün deyildir. O hazırda mənim adına uçota alınmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin(VÖEN) etibarsız hesab edilməsini istəyir. Bununla bağlı, hüquqi marağı tutulmuş pul vəsaitlərinin geri qaytarılması ilə bağlıdır. Hazırkı məsələ ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının iddiası ilə bağlı ilkin olaraq bildiririk ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən torpaq mülkiyyətçisi əlamət növü seçilməklə ********** saylı VÖEN ilə ilkin vergi uçotuna alınmışdır.Bundan sonra İddiaçı 05.01,2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi uçotundan çıxarılması barədə ərizə ilə müraciət etmiş, həmin ərizəyə əsasən vergi uçotu xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Goranboy rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə şəxsən gələrək vergi uçotunun bərpasına dair ərizə ilə müracət etmiş və həmin tarixdə onun ********** saylı VÖEN-i bərpa edilərək vergi ödəyicisinin iş qovluğu vergi nəzarətinin həyata keçirilməsi üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. İddiaçı yenidən vergi uçotunun ləğv edilməsi üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş və nəticədə vergi uçotu xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə şəxsən gələrək vergi uçotunun bərpasına dair ərizə ilə müracət etmiş və həmin tarixdə onun ********** saylı VÖEN-i yenidən bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə bərpa edilmiş VÖEN-nin yenidən ləğv edilməsi ilə bağlı bugünədək 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qanunvericiliyin tələblərinə uyğun müvafiq ərizə ilə müraciət etməmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə onlayn kargüzarlıq vasitəsilə elektron formada müracitə edərək VÖEN-nin ləğvi üçün ərizə göndərdiyini, ləğv bəyannamələrini təqdim etdiyini bildirərək VÖEN-nin ləğvinin sürətləndirilməsini xahilş etmişdir. Vergi ödəyicisinin həmin müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək vergi uçotunun ləğvi üçün vergi qanunvericiliyin tələbləri izah edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi iddiaçı öz ərizəsinə əsasən vergi orqanı tərəfindən vergi uçotuna alınmasının etibarsız hesab edilməsi barədə iddia qaldırması əsassız, qanunvericiliyin tələblərinə zidd və işin faktiki hallarına uyğun olmadığından iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz ərizəsi və ona əlavə edilən sənədlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə hazırkı iddia tələbi əsasında mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki,iddiaçının hüquqi marağı ********** saylı VÖEN-in etibarsız hesab edilməsindən ibarətdir.İddiaçı həmin nömrənin açılmasından məlumatlı olmadığını bildirmişdir. Hazırkı iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddia növündədir.Həmin iddia növündə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göründüyü kimi İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Ümumiyyətlə, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. İddiaçı xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən torpaq mülkiyyətçisi kimi qeyd edilməklə ********** saylı VÖEN ilə ilkin vergi uçotuna alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə vergi uçotunun bərpasına dair ərizə ilə müracət etmiş və həmin tarixdə onun ********** saylı VÖEN-i bərpa edilərək vergi ödəyicisinin iş qovluğu vergi nəzarətinin həyata keçirilməsi üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavab tərəfindən iddiaçının VÖEN-in bərpa edilmiş və müraciəti əsasında yenidən ləğv edilmişdir.İddiaçı isə bu halları deyil,VÖEN-in ilkin qeydə alınmasını mübahisələndirmişdir.İlkin vergi uçotuna alınma isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmışdır. Yəni,iddiaçının mübahisələndirməli olduğu hal hazırkı iş üzrə cavabdehə qarşı deyil ilkin uçotu aparan vergi orqanına qarşı olmalıdır.Hüquqi yardım qaydasında iddiaçıya cavabdehin əvəz edilməsi və aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.İddiaçı tərəfindən hazırkı tələb üzrə baxılması bildirilmişdir. Odur ki, iddiaçının hüquqi marağına uyğun iddia tələbinin yönəlməli olduğu inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi olduğundan və hazırkı cavabdeh iddia tələbinə cavab verməli olan inzibati orqanlar olmadığından iddia tələbi mümkün sayıla bilməz. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar” Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı “İddiaçı adına uçota alınmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar